Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının “Qafqazinfo”ya müsahibəsi
- Bu gün Azərbaycanda özəl universitetin təsisçisi həmçinin rəhbər şəxslərindən biri olmaq nə deməkdir? Dövlət universitetlərindən sizi ayıran fərqli cəhətlərinizi nədə görürsünüz?
- Təbii ki, özəl qurumla dövlət qurumu arasında çox böyük fərqlər var. Onu dövlət idarə edir, dövlət maliyyələşdirir, dövlət nəzarət edir, dövlət açır-bağlayır, vəzifələri təyin edir. Özəl müəssisə isə tam öz məsuliyyətindədir, uğuru da, uğursuzluğu da. Bu böyük məsuliyyət tələb edir, çünki hər şeyi özün etməlisən. Əgər yaratdığın müəssisə ali məktəbdirsə, bu daha çətin məqamdır. Çünki ali məktəb mürəkkəb kompleksdir və burda həyatın hər üzü var. Bunun hamısını təşkil etmək qeyri-adi dərəcədə çətindir, amma xoş tərəfi odur ki, hər şeyi özün edirsən, istədiyin kimi də qurursan. Əlbəttə, niyyətdən çox şey asılıdır. Sən bu işi quranda qarşındakı əsas məqsədin nədir? Ola bilər ki, məqsədin sadəcə tələbə oxutdurub pul qazanmaqdır. Digər tərəfdən isə məqsədin gözəl, elmi, mədəni və çox fərqli bir təhsil mühiti yaratmaq və dünyayla müəyyən mənada yarışmaq ola bilər. Çox çətin və iddialı işdir. Qoyduğun məqsəddən asılı olaraq da hərəkət edirsən və nəticə almağa çalışırsan.
- Bu yaxınlarda BDU-da sabiq dekan müavini rüşvətə görə həbs olundu. Məlumdur ki, bu gün belə təcrübələr bir sıra universitetlərdə baş verir. Siz bu təhlükədən qorunmaq üçün nə edirsiz? Belə məqamlarda təkcə özünüzə cavabdehsiz ?
- Mən burda baş verən hər şeyə cavabdehəm. İnsan bir uşaq dünyaya gətirirsə, onu tərbiyə edirsə, bütün məsuliyyət onun üzərinə düşür. Uşaqlar bir-birindən fərqli olsa da, hər birinə valideyn məsuliyyət daşıyır, onların uğurunda da , uğursuzluğunda da valideynlərin böyük payı var. Burdakı işlərə də tam məsuliyyət daşıyıram və bunu dərk edirəm. Bu kimi hadisələrin baş verməməsi üçün başlanğıcdakı niyyətin çox önəmi var. Ən mühüm cəhətlərdən biri universitetdə Avropa və digər ölkələrdəki akademik mühiti yaratmaqdır ki, tapşırmaq, rüşvət anlayışı olmasın. Ali məktəblərin, universitetlərin, ümumiyyətlə təşkilatların özünün də bir mədəniyyəti anlayışı var. Yəni o təşkilatda nələr qəbul olunur və nələr olunmur. O mədəniyyəti də sən yaradırsan. Mən ilk dəfə Xəzər universitetinə müəllimləri dəvət edəndə təbii ki, tanıdığım peşəkarları dəvət edirdim. Onların həm elminə, həm ziyalılığına şübhəm yox idi. Mən onlara da deyirdim ki, birinci işimiz fərqli mühit yaratmaq olacaq. Burda nəinki rüşvət, hər hansı bir tələbəyə “tapşırım, buna kömək edim, qiymətini dəyişim” kimi anlayışlar olmayacaq. Əgər olsa, kimliyindən asılı olmayaraq prorektor, dekan fərq etməz həmin dəqiqə universitetlə vidalaşacaq. Biz buna əməl elədik. Çünki universitet böyüdükcə biz kənardan müəllimlər dəvət edirdik. Bəzən görürdük ki, həmin insanların ürəyindən fərqli şeylər keçir. Hərəkətlərindən hiss olunur və onu həmin dəqiqə uzaqlaşdırdıq. İndi isə mühit başqadır, onlar istəsələr də bunu edə bilmirlər. Hər şey şəffafdır və burda işləyənlər yaranmış mühitdən çox həzz alırlar. Xüsusilə də xaricdə təhsil alan azərbaycanlılar və bura gələnlər bizi ona görə seçirlər ki, Xəzərdə dərs demək, belə bir mühitdə işləmək çox xoşdur və onlara rahatdır. İnanın, bu dəqiqə mən istəsəm də, hansısa tələbəni tapşıra bilmərəm, belə bir şey baş versə, fırtına qopar, aləm bir-birinə dəyər. Hamı bundan danışar.
Əlbəttə, biz Azərbaycanda yaşayırıq və mühit elədir ki, buna cəhdlər ola bilər. Amma universitetdə mədəniyyət elə formalaşıb ki, artıq onlar bizə zədə vura bilməzlər.
- Heç olubmu digər universitet rəhbərləri ilə bu problemi müzakirəyə çıxartmısınız? Tutaq ki, siz deyirsiniz ki, mən Xəzərdə rüşvətin kökünü kəsmişəm, gəlin sizə də tövsiyələrimi verim.
- Heç vaxt elə bir ümumi söhbət olmayıb. Mən yuxarıda qeyd etdim ki, hamının fərqli niyyəti, fərqli yanaşması var. Mən onları çağırıb deyə bilmərəm ki, gəlin sizin universitetdə rüşvəti kəsək, və ya başqası da mənə müəyyən əməkdaşlıq təklifi ilə müraciət etməyib. Rüşvətə görə, özəl və dövlət universitetləri bir-birindən fərqlənir. Elə dövlət universiteti var ki, çox biabırçılıqdır, eləsi var ki, orta biabırçılıqdır, eləsi də var ki, rüşvətə qarşı mübarizə aparır, xüsusilə də yeni yaranmış universitetlər bu addımı atırlar. Özəl ali məktəblərdə nəinki rüşvətin qarşısını almaq mümkündür, ümumiyyətlə rüşvətin olması qeyri-təbiidir. Çünki sən bunu özün yaradırsan və keyfiyyətli yaratmalısan. Elə rəqabət və yarış, ciddilik və xoş mühit yarat ki, daxildən, xaricdən tələbələr gəlsin. Özəl ali məktəblərdə rüşvətin qarşısını almaq dövlət universitetləri ilə müqayisədə müəyyən dərəcədə asandır. Çünki insanları vəzifəyə sən təyin edib, sən çıxara bilirsən. Siyasəti və davranış qaydalarını özün müəyyən edirsən. Dövlət universitetlərində isə buna qarşı mübarizə aparmaq mümkün olsa da, vəzifələrə təyin olunma zamanı ətrafdan asılılıq özünü göstərə bilir. Kənardan diktə ola bilər ki, filankəsə dəymə. Filankəsə də dəyməyəndə, o da filan işlərlə məşğul olanda məsələ yayılır.
- Bu gün çox savadlı abituriyentlər universitetə yüksək balla qəbul olmalarına rəğmən həm özləri etiraf edir, həm nəticələrinə də nəzər salanda görmək olur ki, 4 il ərzində qazandıqları bilik səviyyəsi çox aşağıdır. Digər tərəfdən isə universitetlərin hazırladıqları kadrlar müəssisələri təmin etmir. Bu gün nə etmək lazımdır ki, potensiallı kadr olaraq yetişəsən? Təhsil mütəxəssisi kimi bunun üçün nə edirsiniz?
- Bu məqamda valideyndən çox şey asılıdır. Hamımız bilirik ki, abituriyentlərin seçiminə çox zaman ailə təsir edir. Onlar da köhnə dəyərlərlə yaşayaraq düşünürlər ki, övladları ad-sanı olan universitetə, xüsusilə də dövlət universitetinə qəbul olsun. Həmin universitetlərə qəbul olan tələbə də görəndə ki, universitetdə yarış mühiti yoxdur, praktika ilə ciddi əlaqə yoxdur, təhsil keyfiyyətli deyil, onun da oxumağa həvəsi azalır. O məqamda insanın oxumağa həvəsi olur ki, orada rəqabət və müasirlik olsun. Yəni tələbə bilsin ki, onun oxuduğunu təxminən İngiltərədə də, Amerikada da oxuyurlar. Bu zaman tələbə daha da yaxşı çalışır və oxuyur.
Kadr məsələsinə gəlincə isə, nəzəri bazaya üstünlük vermək sovet təhsil sistemindən irəli gəlir. Təbii ki, bir zamanlar sovet təhsil sistemi çox keyfiyyətli hesab olunurdu. Lakin zaman keçdikcə bu daha çox nəzəri olaraq qaldı. Texnologiya və digər sahələr sovetlərdə yavaş-yavaş geri qalmağa başladı. Onda hər şeyin nəzəriyyəsini öyrənib iş yerində təcrübəsini keçirdilər. Beləliklə, həyatla onların öyrəndikləri arasında uçurum əmələ gəldi və bu hələ davam eləyir. Normal inkişaf edən ölkələrdə tədris proqramını tutarkən mütləq praktikanı həyata keçirən təşkilatlarla, şirkətlərlə, mərkəzlərlə birbaşa əlaqə qururlar ki, məzun gedib orada fəaliyyət göstərəcək. Sən o yerdə necə fəaliyyət göstərəcəyini ali məktəbdə oxuyarkən öyrənməlisən, çünki orda gedib tamam başqa mühitə düşsən, öyrəndiklərin işə yaramasa iş çətinə düşəcək, səni bəyənməyəcəklər. Sən oxuduğun illərdə o praktik mühitin içində yetişməlisən. Bu səbəbdən ali məktəblər həmin praktik işçilərlə, təşkilatlarla, şirkətlərlə məsləhətləşirlər. Jurnalistika ixtisasıdırsa, konkret o sahənin peşəkarı olanlarla məsləhətləşirlər ki, biz tədris planına nəyi əlavə eləsək sizin istəyinizə yaxın olacaq. Tələbə oxuduğu müddətdə güclü praktika keçməlidir. Amerikada elə universitetlər var ki, jurnalistikanı bitirmək üçün 4 il oxuyursan, sonra 1 il işləməlisən və işlədiyin yerdən yaxşı rəylə, yaxşı qiymətlərlə geri qayıtmalısan ki, sənə diplom versinlər. Bu gün ali məktəblər üçün asan yol o vaxtkı, yəni köhnəlmiş təhsil-tədris proqramlarından, kitablardan istifadə etməkdir. Çünki bu köhnə müəllimlərə də rahatdır, onlar özləri o cür yetişiblər. Bunu dəyişmək üçün ilk əvvəl tədrisə praktikada olan müəllimləri cəlb etməlisən. Necə ki, biz biznes idarəçiliyinə hazırda şirkətlərdə işləyən yüksək vəzifədə olan adamları dəvət edirik. Çünki onlar bilir ki, biznesin elmi və praktikası necədir? Çünki onlar bu işlə məşğul olurlar.
- Siz bu problemin səbəbini valideynlərdə gördünüz. Valideynlərimizin bizim seçimlərimizə müdaxiləsini maddi vəziyyətimizlə bağlasaq daha doğru olar. Çünki elə valideynlər var ki, istəyir övladı Avropa mühiti olan universitetdə təhsil alsın, amma sizin şərtləriniz onun cibinə uyğun deyil. Sizcə, ildə 2000, 3000, 3500 AZN ödəmək orta səviyyəli azərbaycanlı ailəsinin cibinə uyğundurmu?
- Orta səviyyəli ailənin cibinə uyğundur, amma kasıb ailənin yox.
- Bəs 3 uşağı varsa, necə etsin? Tutaq ki, birini məcburən ordan-burdan tapıb oxutdurdu.
- Valideynin əsas işi övladını sağlam tərbiyə etmək və oxutmaqdır. Çünki harada və necə oxutmaq məsələsinin həlli övladının sonrakı bütün həyatına təsir edən və dəyişdirən hadisədir. Ona görə də valideyn çalışmalıdır, bütün imkanlarını səfərbər etməlidir ki, övladını yaxşı yerdə oxutdursun. Xüsusilə də valideynlər “mən övladımı göndərim orda pulsuz oxusun” deyib kifayətlənməməlidir. Çox çalışmalı, hətta qan-tər töküb elə etməlidirlər ki, övladı elə yerdə oxusun ki, universiteti bitirəndə həyatının qalan dövrünü yaxşı, mənalı, ləyaqətlə yaşaya bilsin. Bizdə çox elə hallar olur ki, valideynin 1 ildə verdiyi təhsil haqqını övladı yaxşı oxuyub sonra işə düzələndə 1-2 ayda qazanıb. Hətta yaxşı oxuyan tələbələrin bir çoxu təqribən 3-cü təhsil ilindən başlayaraq işləyib təhsil haqqını özləri də verirlər.
- Hamlet müəllim, bu 5 nəfərdən birinə aid ola bilər. Mümkün deyil ki, bütün tələbələr istedadlı olsun.
- Ən azından bunun üçün çalışa bilərlər. Mən kənddə oxumuşam. O vaxt tələbələri universitetə rüşvətlə qəbul edirdilər. Xatırlayıram ki, kənddə elə adamlar, məsələn sürücü və ya sadə işçi var idi ki, 4-5 uşağının hamısını oxutdururdu. Hər uşağı üçün bir şeyi satırdı, əlavə iş görürdü. Canını qoyurdu ki, övladı təhsilli olsun. Yəni valideyn asan yol seçməməlidir. Bir az əziyyətə dözməlidir. Bir şeyi də etiraf edək ki, bu gün yaxşı oxuyan tələbə hər yerdə pulsuz oxuyur. Xəzər universiteti Azərbaycanın 6 bölgəsində olimpiada keçirir. Olimpiadanın qalibləri pulsuz təhsil alma şansı əldə edir, ikinci yeri tutanlar cəmi 25 fazi təhsil haqqı verəcəklər və digər bənzər güzəştlər var. Qəbul imtahanında yüksək bal yığan abituriyentlər bizdə pulsuz oxuyurlar. Pulsuz oxumaq üçün kifayət qədər imkanlar var və bizim həqiqətən marağımız var ki, çox istedadlı uşaqlar məhz bizdə təhsil alsınlar. Kasıb adamın uşağıdırsa, yaxşı oxusun, pulsuz təhsil alma şansı qazansın. Həmişə valideyn maksimum çalışmalıdır, uşağı üçün ən yaxşı ali məktəb seçsin, pullu-pulsuz deyil, müasir və ciddi ali məktəb seçsin. İnanın ki, orta vəziyyətdə yaşayan valideynin evinə 10 nəfər qonaq gəlsə, onları restorana aparsa, gedib o pulu xərcləyəcək, amma uşağın təhsilinə versə, buna tənbəllik edəcək. Uşağa bahalı telefon alınır və başqa ehtiyacları ödənilir, amma təhsil haqqına çatınca...Bu da sovetdən qalma psixologiyadır ki, hökumət bizim üçün hər şeyi etməlidir və biz təhsilə sərmayə qoymalı deyilik.
Mənə o gün bir valideyn deyir ki, oğlum Toronto universitetinə qəbul olub. Bilmirəm nə edim təhsil haqqı ildə 30 min dollardır, yaşamaq haqqı ilə birgə ildə 50 min dollar edir. Amma Xəzərdə ən bahalı ixtisas 3500 manatdır. Siz inanın ki, bu gün bizim verdiyimiz təhsilin səviyyəsi haradasa 10 min manat ətrafındadır. Biz insanların maddi imkanını nəzərə alıb o qiymətləri qoymuruq. Yenə də deyirəm ki, orta səviyyəli ailə bir uşağı üçün o pulu tapa bilər. İmkanı olmayan uşaqlar da, yaxşı oxusun, həmin imkanlardan yararlansın. Biz çalışırıq tələbələrə onların istedadına uyğun güzəştlər edək.
- Elə güzəştdən söz düşmüşkən, bu yaxınlarda “Qafqazinfo”da mərhum yazıçı Eyvaz Əlləzoğlunun oğlu Oğuzun Xəzər universitetindən məhz ödənişi ödəyə bilmədiyi üçün xaric olunduğu barədə xəbər yayımlandı. Bu yazıdan sonra siz yazıçının oğlunu universitetə qaytardınız. Bu diqqətinizə görə həm öz adımızdan, həm oxucularımızın adından sizə təşəkkür edirik.
- Bizdə elə hadisələr olur. Rəhmətlik şair İsa İsmayılzadənin oğlu bizdə oxuyurdu. O rəhmətə gedəndə mən oğlunu çağırıb dedim ki, sən oxumaq imkanı cəhətdən ürəyini sıxma, oxu, səni mən oxutduracağam. Mən əvvəlcədən bilirdim ki, o uşaq bizim universitetdə təhsil alır, ona görə vaxtında tədbir gördüm. Hazırda o uşaq Londonda yüksək vəzifədə işləyir. Oğuzun məsələsinə gəlincə isə, bu haldan xəbərim olmayıb, düzü heç bilmirdim ki, Eyvazın oğlu burda təhsil alır. Bu universitetin qaydasıdır ki, uşaqlar zəif oxuyanda və ya ödənişi ödəyə bilməyəndə bir qədər möhlət verib sonra universitetdən xaric edirlər. Mənim bu işdən təsadüfən xəbərim oldu, həmin xəbərin linkini mənə göndərdilər və dedilər ki, kömək edə bilərsinizmi? Biz də, təbii ki, etdik. Təki uşaq yaxşı oxusun, gələcəyini təmin etsin, atasının ruhunu şad etsin.
- Bu gün özəl universitetlərdə, müəyyən istisnalar xaricində, keçid balı çox aşağıdır. Yüksək bal yığa bilməyən abituriyentlərin başqa çıxış yolu qalmır, onlar dövlət universitetlərinə daxil ola bilmədiklərinə görə, özəl ali məktəbləri seçmək məcburiyyətində qalırlar. Belə deyilmi?
- Şübhəsiz ki, bizə hər il çox yüksək bal yığmış bir dəstə abituriyentlər gəlir. Xəzər universitetinə daxil olanlar arasında 600 baldan yuxarı yığanlar, prezident təqaüdü alanlar belə olur. Ortalama ola bilər aşağıdır. Məsələn, hər yerdə onsuz da pedaqoji-müəllimlik ixtisasına keçid balları aşağıdır. Belə ixtisaslar orta keçid balını aşağı salırlar. Amma bəzi mühəndislik sahələrini, iqtisadiyyat və menecment sahələrini, siyasi elmlər və beynəlxalq münasibətləri, psixologiyanı, seçən və Xəzər universitetinə yüksək ballarla daxil olan tələbələr kifayət qədərdir. Magistraturada bizə daxil olmaq xeyli yüksək bal yığmaq tələb edir.
Ümumiyyətlə, isə özəl ali məktəblərə, o cümlədən keyfiyyətli təhsil verənlərə aşağı balla daxil olanlar az deyil. Bunun bir neçə səbəbi var. Birincisi, psixoloji olaraq düşünürlər ki, “adı olan” universitetdə təhsil alsınlar, mütləq dövlət universiteti olsun. Məsələnin dərinliyinə getmirlər ki, tələbəni harada necə oxutdururlar. İkinci maddi tərəfidir ki, müəyyən, nə çox yüksək, nə çox aşağı bal yığanda dövlət universitetində pulsuz oxuya biləcəyi halda, Xəzərdə bu şansı əldə edə bilmir, çünki Xəzərdə ödənişsiz və ya güzəştlə oxumaq üçün nisbətən yüksək bal yığmaq lazımdır.
Təxminən 650 baldan yuxarı olmalıdır ki, pulsuz oxuma şansı qazanasan. 500 baldan yuxarı yığanlara da müxtəlif güzəştlər var. Daha çox bu məqamda mən birincinin üstündə çox dayanıram. Yəni təhsil haqqından çox köhnə düşüncənin məhsulu olan ad, dövlət universiteti məsələsi burada çrol oynayır. Çox da dərinə getməyərək fikirləşirlər ki, elə dövlət universitetində yaxşı təhsil almaq olar, niyə təhsil üçün pul verməliyəm? Halbuki, çox güman ki, həmin valideyn övladını hazırlaşdırmaq üçün artıq xeyli pul xərcləyib. İndi, əsl həlledici məqam gələndə, ali məktəbi seçəndə sanki məsələnin başını buraxır və ya övladının gələcəyini unudur. Amma o valideynlər ki, dünya ilə əlaqələri yaxşıdır, dünyagörüşləri çoxdur, xaricə gedib gəlirlər, onlar daha doğru qərar qəbul edirlər. Onlar ya övladlarını Xəzərdə, ya da xaricdə oxutdurmağa üstünlük verirlər. Bilmirəm, bəlkə bu gün valideyinlərin 10 faizi ciddi düşünür və övladlarının yaxşı təhsil almaları üçün düzgün seçim edə bilirlər, o cümlədən Xəzəri seçirlər.
- Hamlet müəllim, mən özüm də Xəzər universitetində təhsil alan magistr olaraq tələbə yoldaşlarımın adından sizə çatdırım ki, onlar rektorla, sizinlə əlaqə qurmaqda çətinlik çəkdiklərini deyirlər. Dekanlıqla kifayətlənirlər. Bu məsafəni siz özünüzmü müəyyənləşdirmisinizmi?
- Onlar məsafəni özlərin yaradırlar. Mənə istənilən tələbə e-mail yollayır və onu vaxtında cavablandırıram. İstənilən tələbə gəlib qəbuluma yazıla bilər. Mən daima dəhlizdəyəm, kitabxanada oluram. Gəlib problemlərini, fikirlərini deyə bilərlər. Heç bir süni məsafə yoxdur. Sadəcə tələbələr bəzən dekanlığın verdiyi cavabla qane olmurlar. Onlar belə fikirləşirlər ki, tələbələrə müxtəlif güzəştlər edilməlidir. Mən bir daha deyirəm ki, Xəzər universitetində tələbələrə şəxsiyyətlərinə görə güzəşt edilmir. Hamı bərabərdir, qayda-qanunumuzda nə varsa, onu da tətbiq edəcəklər. Uşaqlar ona görə yuxarıya müraciət edirlər ki, bəlkə, qanundan kənar filan şeyə icazə verilsin. O da olmur. Elə şeylər var ki, mənə də müraciət edəndə, onların istədiklərini etmirəm. Tutaq ki, tələbə deyir ki, mən imtahandan kəsilmişəm, ikinci dəfə imtahan üçün mənə şans verin. Bizdə isə elə qayda yoxdur, kəsilmisən o fənni təzədən oxumalısan. Bir semestrdə öyrənə bilmədiyini bir həftəyə öyrənməyəcəksən ki. Uşaqlar bu və ya başqa cür güzəştlər axtarırlar. Dünyanın heç bir yerində tələbələr rektorun üzünü görmür. Tələbənin gördüyü ən böyük adam dekan olur. Heç müəllim də rektorun üzünü görmür. Rektor kənarda bir adamdır hansı ki, onunla dekan, kafedra müdirləri işləyirlər, təhsil-tədris siyasətini müəyyən edirlər. Yəni orda tələbələr arasında fərq qoyulmur və ya hansısa birinə əlahiddə şərait yaradılmır. Fərqi yoxdur istər nazir uşağı ol, prezident uşağı ol, ya da sadə fəhlə uşağı – tələb və qayda hamı üçün birdir. Ona görə də bu cür məsələlər üzrə tələbələrin lap yuxarıya müraciətinə ehtiyac duyulmur. Qanunlar doğru işləyir. Amma bizdə yuxarıya meyl ondandır ki, o qanunları aşmaq istəyirlər. Əgər tələbələrimiz hər hansı haqsızlıq görürsə və ya nəyisə dekan düz etmirsə, çox sadə bir ərizə yazıb mənə müraciət edə bilərlər. Mən elə şeylərə çox operativ cavab verirəm.
- Siz dilçi, tərcüməçi, ədəbiyyatçı, riyaziyyatçı, tədqiqatçısınız. Diqqət edəndə bu sahələr bir-birindən çox fərqlənir. Tutaq ki, riyaziyyatçılar ədəbiyyatı sevmirlər və tərsinə. Bütün bu peşələrin 1 nəfərdə cəmlənməsi çətin deyilmi və ya içinizdəki bu çoxtərəfli yaradıcılığın-fəaliyyətin müxtəlif, cürbəcür tərəfləri, təzahürləri bir-biri ilə necə yola gedir?
- Mən burada qeyri-adi bir şey görmürəm. Hər bir insanın dəqiq düşüncə tərəfi var. Digər tərəfdən isə hər bir insanın hisləri, emosiyaları var ki, onları ifadə etmək arzusu yaranır. Mən məktəbdən həm riyaziyyatı, həm də ədəbiyyatı eyni dərəcədə dərindən sevirdim. Ədəbiyyatı sevmək daha asandır, riyaziyyatı isə az adam sevir. Riyaziyyatı sevənlərin bir hissəsi də ədəbiyyatı sevmir. Amma elələri var ki, hər ikisini sevir, mən də onlardanam. Mənim həyatımda hər ikisi paralel olub. Birindən o birinə küçəndə sanki dincəlirəm, bu mənada rəngbərənglik həyatı daha maraqlı edir.
- Bəs siyasətlə aranız necədir, çoxmu kənarsınız?
- Müəyyən məqamda özümün və ya ətrafımdakıların siyasətə yaxınlaşmaq ideyası olub. Amma siyasəti fəaliyyət üçün mən heç vaxt dərinə getməmişəm, bir az cəhd edəndən sonra gördüm ki, siyasətlə məşğul olmaq mənə maraqlı deyil. Çünki təbiət etibarı ilə azadlığı, müstəqilliyi sevən adamam və həyatımda xoşuma gələn cəhətim odur ki, həmişə azadam, sərbəstəm, müstəqiləm və hər yerdə öz fikrimi rahat söyləyirəm. Ən yüksək hökumət səviyyəsində belə. Heç bir partiyanın üzvü deyiləm. Özüm özümü ifadə edirəm. Bu mənim üçün çox mühümdür, bunu həyatımın baş cığırı, seçdiyim və getdiyim yol saymaq olar. Siyasətə tam bağlananda isə, sən öz kimliyin ilə deyil, bağlandığın siyasi dəstənin kimliyi ilə, onun düsturu ilə, dəyərləri ilə yaşayırsan, onu tərifləməlisən, o birini pisləməlisən. Bu xüsusiyyətlər mənə uzaq və yaddır. Bu növ fəaliyyət qəti sürətdə xoşum gəlmir və bu səbəblə siyasətlə məşğul ola bilmərəm. Düşünürəm ki, yəqin, siyasətdə mən böyük uğur qazana bilməzdim. Çünki təbiətimə uyğun gəlmir. Mən təbiət etibarilə azad elm adamı və sənət adamıyam. Təbii ki, siyasətsiz dünya olmaz, ölkə olmaz, xalq olmaz, yaxşı, səviyyəli siyasətçilər də lazımdır, zəruridir. Mən siyasi nəzəriyyələri sevirəm, onları da öyrənirəm. Siyasətin fəlsəfəsi, siyasətin nəzəriyyəsi, siyasət tarixi,... Bu sahələrlə məşğulam və tədqiqat aparıram, yazıram, amma praktik siyasətlə məşğul olmaq istəmirəm. Heç vaxt həyatımda böyük bir dövlət vəzifəsi tutmaq fikri mühüm olmayıb, ürəyimdə belə bir arzu bəsləməmişəm. İnanın ki, çox yüksək təkliflər olub. Demişəm ki, diqqətinizə görə təşəkkür edirəm, çox sağ olun... Vəssalam.
- Digər ali məktəb rəhbərlərinin çoxu millət vəkilidir. Yəni heç istəməmisiniz siz də millətin vəkili olasınız?
- Əvvəllər elə cəhd olub. Hətta bir dəfə 1995-ci ildə Xətai rayonundan deputat seçildim, yəni seçkidə birinci oldum. Sonra ləğv elədilər. Mənim o vaxtkı əsas rəqibim axıra yaxın gəlib məni qalib olduğum üçün təbrik də etmişdi. Sonralar mənə çatdırdılar ki, müstəqilliyimi elə qələmə veriblərmiş ki, guya müxalifətin adamıyam. Mən də çox dərinə getmədim. Dedim yəqin elə yaxşısı budur. Nə isə, indiki vəziyyətimdən razıyam.
- Siz bir ara Ziyalılar Forumunda iştirak edirdiniz, amma son görüşlərdə görünmürsünüz...
- Mən sizə deyim ki, ziyalıların yeni qurumunun yaranmasının təşəbbüskarlarından biri də mən olmuşam. Biz iki nəfər idik, amma məsələyə yanaşmamız bir qədər fərqli alındı. Mən başqa cür düşünmüşdüm, istəyirdim ki, elm və sənəti müzakirə edək, dəyərləndirmələr aparaq. Elm, təhsil, incəsənət necə inkişaf etsin? İstəyirdim ki, belə şeylərlə məşğul olaq, siyasətlə deyil. Amma bununla bərabər tövsiyələrimizi də hökumətə göndərək. Hökumətin işinə, siyasətə qarışmayaq. Sonra gördüm ki, məsələlər siyasiləşib, qarşılıqlı iddialar və ittihamlar əmələ gəlir. Mən yenə deyirəm ki, siyasi fəaliyyətlə məşğul olmaq istəmirəm. Hökuməti ən çox tənqid edənlərdən biri də mənəm. Rahat tənqid edirəm - televiziya, radio, qəzet, jurnal, elektron məkan, tövsiyə məktubları, kitabçalar vasitəsilə. Heç kim də məni öldürmür, çünki görürlər ki, mən o tənqidi hər hansı bir şey istəmək üçün və ya ad, şöhrət, tanınmaq üçün etmirəm. Mən sadəcə düşünürəm ki, xalqımızın, dövlətimizin inkişafı üçün ortada olan nöqsanları aradan qaldırmaq lazımdır. O nöqsanlar ki, mən onları görürəm, bilirəm ki, irəli getməyə mane olur, süni yaradılıb, qanunsuzdur, xalqı incidir - açıq deyirəm ki, onları aradan qaldırmaq zəruridir. Amma bütün bu iradları mən xalqımı sevə-sevə deyirəm (pafos varsa, bağışlayın), bəzən adamın ürəyi ağrıyır ki, niyə bir sıra işlər qaydasında deyil. Bunu deyərkən mənim nazir olmaq və ya millət vəkili olmaq kimi məqsədlərim yoxdur. Ona görə də, mən heç bir qrupla işləmək istəmirəm, mən elə özüm tək də sözümü deyə bilirəm. Və bir yerdə toplanıb siyasi məsələlərlə məşğul olanlar yoldaşlara da heç bir etirazım və ya iradım yoxdur. Ümumiyyətlə, biz hər birimiz istədiyimiş şeylərlə məşğul olsaq və başqalarını da istədikləri şeylərlə məşğul olduqlarına görə qınamasaq, bu, mədəniyyət və xoşqılıqlı, tolerant olmaqdır...
- Bəs gündəmi tutmaq üçün informasiyaları hardan əldə edirsiniz?
- Mən tədqiqatçıyam, mənə lazım olan məlumatı alıb onu təhlil etmək çətin deyil. Xəbərləri mən daha çox internetdən əldə edirəm. Elektron dünyanı yaxşı bilirəm. “Euronews”, “CNN”, “BBC”ni və digər qaynaqları izləyirəm. Əslində televiziyaları izləməyə gərək qalmır, onsuz da bütün informasiyalar internetdə var.
Günel Əbilova