Volqoqradda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirilib - Fotolar

volqoqradda-heyder-eliyevle-bagli-silsile-tedbirler-kecirilib
Oxunma sayı: 1039

Mayın 10-da Rusiya Federasiyasının Volqoqrad şəhərində Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü və birgə təşkilatçılığı ilə baş tutan bu tədbirlər Azərbaycan və Rusiya xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin dərin köklərə malik olduğunu bir daha nümayiş etdirib.

Tədbirlərdə Qaradağ Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndəsi Şamama Ağamuradova,  Azərbacan əsilli, fəlsəfə elmləri doktoru, Volqoqrad Dövlət Aqrar Universitetinin professoru Riçard Danakari, Volqoqrad Dostluq Evinin Ağsaqqallar Şurasının sədri Arsen Çermenoviç Daurov, Volqoqrad şəhərində yaşayan azərbaycanlılar, eləcə də müxtəlif millətlərin nüfuzlu ictimai xadimlər,  Volqoqrad şəhərinin ictimai fəalları iştirak ediblər.

Tədbirlər silsiləsi ənənəvi olaraq Volqoqrad-Bakı Dostluq Parkında keçirilən gülqoyma mərasimi ilə başlayıb. Rusiya və Azərbaycanın Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə iştirakçılar Ulu Öndər Heydər Əliyevin barelyefi önünə ehtiramla toplaşıb, Qaradağ Rayon İcra Hakimiyyəti və azərbaycanlı icmasının adından iki əklil təqdim ediblər.

Çıxış edən rəsmi şəxslər və ictimai xadimlər dahi liderin zəngin və şərəfli həyat yolundan, Azərbaycan xalqının tarixində oynadığı müstəsna roldan danışaraq vurğulayıblar ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün dünya azərbaycanlılarının Ümummilli lideridir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünya birliyində layiqli yerini tutub, iqtisadiyyatı və mədəniyyəti inkişaf edib, müstəqilliyi möhkəmlənib. Rusiya-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində də məhz Heydər Əliyevin diplomatik məharəti və siyasi iradəsi xüsusi rol oynayıb.

Tədbir iştirakçıları öz çıxışlarında Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, onunla olan şəxsi görüşlərindən danışaraq bu dahi şəxsiyyətin insani keyfiyyətlərini, xalqına və vətəninə olan sonsuz sevgisini, yüksək intellektini və qətiyyətini xüsusi vurğulayıblar.

Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib. Səhnədə müxtəlif millətlərin nümayəndələri öz milli rəqslərini təqdim ediblər. “Rus-Azərbaycan əməkdaşlığı”nın gənclər lideri, Volqoqrad Dostluq Evinin Gənclər Qanadının fəalı və mədəni-kütləvi tədbirlərin təşkilatçısı, “Kiberlər” gənclər mediahərəkatının könüllüsü Türkan Fərəciyevanın təqdimatında Azərbaycan xalqının zəngin mədəniyyətini əks etdirən vətənpərvər mahnılar xüsusilə böyük maraqla qarşılanıb. Konsertdə səslənən musiqilər Heydər Əliyevin irsini, xalqına olan bağlılığını, Azərbaycanın müstəqilliyi və inkişafı naminə gördüyü əvəzsiz işləri tərənnüm edib.

Konsert proqramından sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin barelyefi önünə qızılgül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edib.

Konsert proqramından sonra tədbir iştirakçıları əvvəlcə Volqoqrad şəhərindəki Volqoqrad şəhəri Azərbaycan Milli‑Mədəni Muxtariyyətinin ofislərində “Heydər Əliyevin təhsil siyasətinin canlı nəticələri” adlı və Dağıstan xalqlarının milli‑mədəni muxtariyyətinin “Dağıstan” adlı İctimai Təşkilatının ofisində “Heydər Əliyev: Sülhün, tolerantlığın və multikultural dəyərlərin memarı” mövzusunda dəyirmi masalarda bir araya gəliblər.

Səmimi və mehriban dostluq mühütində davam edən görüşlər zamanı Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin zəngin siyasi irsi, xalqına və dövlətinə misilsiz xidmətləri barədə geniş fikir mübadiləsi aparılıb.

Volqoqrad şəhər administrasiyasının əhalinin mülki müdafiəsi üzrə komitəsinin sədri Xəzər Nağıyev çıxış edərək xüsusi vurğulayıb ki, Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da zənginləşdirilir. Məhz bu uzaqgörən siyasətin nəticəsidir ki, Azərbaycan bu gün regionun lider dövlətinə çevrilib, dünya miqyasında nüfuzu artıb. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər, iqtisadi və hərbi qüdrətinin güclənməsi, ölkənin beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsi birbaşa Ümummilli Liderin yaratdığı siyasi məktəbin məntiqi davamıdır.

Volqoqrad vilayətinin Təbiət Ehtiyatları, Meşə Təsərrüfatı və Ekologiya Komitəsinin “Su Təsərrüfatı Tikintisi Direksiyası” dövlət büdcə müəssisəsinin direktor müavini Azad Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətli iradəsi, müdrik və prinsipial siyasəti nəticəsində Azərbaycan 30 ildən artıq davam edən Ermənistanın işğalçılıq siyasətinə son qoyaraq, 2020-ci ildə Vətən müharibəsində parlaq qələbə qazanıb. 44 günlük Vətən müharibəsi zamanı əldə olunan şanlı Zəfər, Azərbaycanın tarixi torpaqları olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi Heydər Əliyev siyasətinin davamlılığının və Azərbaycan xalqının birliyinin bariz nümunəsi olub. Azərbaycan bu qələbə ilə təkcə ərazi bütövlüyünü deyil, həm də milli ləyaqətini və tarixi ədaləti bərpa edib

Volqoqrad şəhəri Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Saday Quliyev vurğulayıb ki, bu möhtəşəm Qələbə həm də dünya azərbaycanlılarının qürur mənbəyidir. Hər bir soydaşımız xaricdə Azərbaycanı təmsil edərkən, məhz bu tarixi Zəfəri xüsusi fəxrlə xatırlayır və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gələcəyə inamla addımladığına şahidlik edir.

Tədbirdə çıxış edən Volqoqrad şəhər Dumasının deputatı İldırım Həsənov həmçinin Azərbaycan diasporunun fəaliyyətinin əhəmiyyətindən bəhs edərək, xaricdə yaşayan azərbaycanlıların milli kimliyinin qorunmasında, dövlətçiliyimizin maraqlarının müdafiəsində və həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev irsinin, onun müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyasının vacibliyini xüsusi qeyd edib. Volqoqrad vilayəti “Rus-Azərbaycan əməkdaşlığı”nın rəhbəri Nəhmətov Bəhram bildirib ki, bu gün Volqoqradda və bütövlükdə Rusiyada azərbaycanlı icmasının ictimai-siyasi həyatda fəal iştirakı, uğurları və nüfuzu məhz Ümummilli Liderin vaxtilə əsasını qoyduğu güclü diaspor siyasətinin nəticəsidir.

Dostluq Evinin Gənclər Qanadının rəhbəri Rəcəb Əhmədov qeyd edib ki, Heydər Əliyevin “Azərbaycançılıq” ideologiyası hər bir soydaşımız üçün milli birlik və həmrəylik platformasıdır. Onun müəyyənləşdirdiyi prinsiplər bu gün də aktuallığını qoruyur və gənc nəslin vətənpərvər ruhda tərbiyəsində xüsusi rol oynayır.

Sonda tədbir iştirakçıları belə möhtəşəm tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad ediblər, onun ideyalarının yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində daim fəal olacaqlarını vurğulayıblar.

Tədbirin sonunda çıxış edən Volqoqrad Dövlət Tibb Universitetinin azərbaycanlı əsilli tələbələrinin sədri Zaur Məmmədov belə görüşlərin Azərbaycan-Rusiya dostluq münasibətlərinin inkişafına, mədəni və humanitar əməkdaşlığın dərinləşməsinə xidmət etdiyi, eyni zamanda dünya azərbaycanlılarının birlik və həmrəyliyini daha da gücləndirdiyi vurğulayıb.

Tədbir iştirakçıları yekdilliklə bildiriblər ki, Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun ideyalarını yaşatmaq və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının mənəvi borcudur. Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri tədbir boyu səslənən əsas devizə çevrilib.