“Nobel” alan Azərbaycan alimləri - Maraqlı faktlar

nobel-alan-azerbaycan-alimleri
Oxunma sayı: 7371

Elmi istiqamətlərdə Nobel alan alimlərin yalnız bir faizi müsəlmanlardır.

Vaxtilə elmin beşiyi sayılan Şərqdə əsrlərlə davam edən durğunluq ən çox elmin inkişafına zərbə vurdu. Bu səbəbdən də, elmdə ən yüksək mükafatları alan müsəlman alimlərin sayı barmaqla sayılacaq qədərdir. Həmçinin, Azərbaycan alimlərinin də bu nüfuzlu mükafatı qazanacağı hələlik, arzu olaraq qalır. Amma Nobel mükafatı olmasa da, “Nobel”i qazanan alimlərimiz olub.

“Qafqazinfo” Azedu.az-a istinadən onların bir neçə haqqında məlumat verəcək:

“Kiçik Nobel”i qazanan bakılı

Bu alim hazırda Almaniyada yaşayan professor Məsud Əfəndiyevdir. O, 1970-ci ildə Zaqatala rayonundakı Şıxəli Qurbanov adına orta məktəbi qızıl medalla bitirən ilk məzun olub. Həmin məktəbin bütün müəllimləri  o zaman duymuşdular ki, bu medal  sonradan daha böyük mükafatlara çevriləcək.  Elə də  oldu. Savadlı riyaziyyatçı kimi formalaşan  alim elm tarixində çox nüfuzlu Beynəlxalq “Humboldt” mükafatına layiq görülən ilk azərbaycanlı oldu.

“Humboldt” elm sahəsində Nobeldən sonra ikinci nüfuzlu mükafat hesab edilir və “Kiçik Nobel” adlanır. Bu mükafata layiq görülənlər çox keçmədən əsas Nobeli əldə edirlər. Dünya elmində “Humboldt”dan Nobelə keçid alan 40-a yaxın alim var. Mükafatın bir özəlliyi də odur ki, onu alan şəxs avtomatik olaraq təsisçi dövlət - Almaniyaya dəvət edilir. Haqqında danışacağımız azərbaycanlı alim də 1990-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasında çalışarkən bu mükafata layiq görülüb və Almaniyaya dəvət edilib.

“Nobel medalı”

Ötən il Moskvada dünyanın müxtəlif ölkələrindən 200-ə yaxın elm adamının iştirakı ilə dünya alimlərinin əldə etdiyi nailiyyətləri qiymətləndirmək üçün Beynəlxalq elmi-praktik konfrans keçirildi. Tədbir Avropa Elmi və Sənaye Konsorsiumu, Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Rəyasət Heyəti, Avropa Təbiət Elmləri Akademiyası, “Publishing House” Təbiət Elmləri Akademiyası və tanınmış beynəlxalq elmi jurnalların redaksiya heyətinin təşkilatçılığı ilə baş tutdu.

O zaman konfransda Azərbaycan Milli Elmlər Akademiyası Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Zakir Əliyev “Nobel medalı” mükafatına layiq görüldü. Eyni zamanda Z. Əliyevin soyadı “Rusiyanın tanınmış alimləri” elektron ensiklopediyasına daxil edildi.

Nobeldən ona da pay düşür

Bəxtiyar Siracov 1974-cü ildə Bakının 82 saylı orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tətbiqi–riyaziyyat fakültəsinə daxil olur və 1979-cu ildə oranı müvəffəqiyyətlə başa vurur. Ondan sonra Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna təyinat alır. Ordan da Moskvaya göndərilir. SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzinə ezam olunan Siracov 1980-81-ci illərdə Təkmilləşdirmə Proqramı çərçivəsində tətbiq olunan kömpüterləri mənimsəyərək elmi tədqiqat sahəsində fəaliyyətə başlayıb.

1982-ci ildə Hesablama Mərkəzinin aspiranturasına daxil olaraq  professor Viktor Bryabinin rəhbərliyi altında öz tədqiqat işlərini  davam etdirib. 1986-cı ildə Viktor Bryabinin təşəbbüsü ilə “SPEKTR” adlı layihəyə cəlb olunub. 1990-cı ildə Moskvada namizədlik işini müdafiə edən B.Siracov fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alır.

1992-ci ildən is həyatı Avstriya ilə bağlıdır. 1995-ci ildən İ-NET firmasında işə başlayan azərbaycanlı alim  həmin vaxtdan bu günədək Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə çalışır.

Qeyd edək ki, bəzi nominasiyalarda Nobel mükafatı fərdi şəxslərə deyil, bütövlükdə bir komandaya verilir. İqtisadiyyat, fizika və kimya üzrə mükafatlandırma aparılarkən bu hallar müşahidə olunur. Bu zaman Beynəlxalq Nobel Komissiyası həmin komandanın bərabər gördüyü işi qiymətləndirirək, onlara ümumi mükafat təqdim edir. Qazanılmış pul mükafatı da komanda üzvləri arasında bölüşdürülür.

2005-ci ildə Nobel sülh mükafatı uğurlu işlərinə və dünyada sülhün təminatına görə Siracovun çalışdığı Agentliyə verilir. Mükafatın təqdim olunduğu komandada əsas fiqurlardan biri də Azərbaycan alimi olur. Beləliklə, Bəxtiyar Siracov qrup halında da olsa, bu mükafata layiq görülən ilk və hələlik yeganə azərbaycanlı kimi tarixə düşür.  Bu barədə alimin öz fikirləri də maraqlıdır:

“Bizim təşkilatın dünyada sülhün təmin olunmasında əvəzsiz rolu var və bu rol da 2005-ci ildə Nobelin verilməsi ilə nəticələndi. Beynəlxalq Nobel Komissiyası bizim işimizi dəyərləndirib və Nobel Sülh mükafatı ilə təltif edib. O mükafat bizə də şamil edilir. Siyahı uzundur. Çünki hamımız sülh prosesinin qorunmasında çox zəhmət çəkmişik. Mən də fəxr edirəm ki, bir azərbaycanlı kimi adım o siyahıda var.  O zaman Azərbaycanın adının çəkilməsi və dünyada sülhə xidmət edən bir təşkilatda onun da nümayəndəsinin olması təbii ki, mənim üçün bir qürurdur”.

Nobel alan yeganə bakılı

Yeganə Nobel mükafatçısı olan alim bakılı Lev Landaudur.  O, 1962-ci ildə fizika sahəsində Nobel mükafatına layiq görülüb. Maraqlı məqamlardan biri budur ki, həmin mükafat ona xəstəxanada təqdim edilib.

Həmin vaxt Landau avtomobil qəzası nəticəsində başından və döş qəfəsindən ölümcül xəsarət almışdı. Dünyanın məşhur fiziklərinin səyləri, onların Avropadan, ABŞ-dan göndərdikləri dərman preparatlarının yardımı nəticəsində Lev Landaunu ölümdən xilas etmək mümkün oldu.

1962-ci ilin noyabrında Landau ona Nobel mükafatı verilməsi barədə teleqram alıb. Nobel komitəsinin tarixində ilk dəfə olaraq xüsusi hal kimi məşhur fizik Lev Landaunun Stokholma gedə bilməməyi nəzərə alınır və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir. Lev Landau ömrümün iki ilini xəstəxanalarda keçirib, ancaq 1964-cü il yanvarın 25-də öz evinə qayıdıb.

Lev Landau 1908-ci il yanvarın 22-də Bakıda  anadan olub. O zaman gələcək böyük alimin atası David Landau Balaxanı neft mədənlərində mühəndis, anası Lyuba isə mama-ginekoloq işləyirdi. 1913-cü ildə kiçik Levin təhsil alması üçün onun ailəsi indiki Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən evə köçür. Lev Landau 1924-cü ilə qədər həmin evdə yaşayır (hazırda evin qarşısında Landaunun orada yaşadığını bildirən lövhə var).

8 yaşında Bakıda gimnaziyaya daxil olur, 12 yaşında əla qiymətlərlə oranı bitirir. Lakin yeniyetmə olması onun ali məktəbə gedən yolunu kəsir. 12 yaşlı yeniyetmənin ali məktəbdə oxumasına qarşı çıxırlar. Ailəsi məcbur olub onu Bakıdakı İqtisadiyyat Texnikumuna qoyur. Əvvəldən riyaziyyatdan xüsusi zövq alan Lev üçün iki illik texnikum təhsili göydəndüşmə olur. Dərindən sevdiyi riyaziyyatla daha əhatəli məşğul olmağa başlayır. 1922-ci ildə texnikumu bitirəndə Landaunun 14 yaşı var idi. Elə həmin il Azərbaycan Dövlət Universitetinə (indiki BDU) imtahan verərək, eyni vaxtda iki ixtisasa qəbul olunur: fizika-riyaziyyat və kimya.