Prezidentin mövqeyi...

prezidentin-movqeyi
Oxunma sayı: 1622

Asəf Quliyev

Artıq uzun illərdir ki, Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrləri barədə Azərbaycan cəmiyyətində neqativ fikir formalaşıb. Əslində belə fikrin formalaşmasının əsası da var.

Həmsədrlər regiona yenə səfər edib. Bu səfəri digərlərindən fərqləndirən ən mühüm cəhət həmsədrlərin bəzi pozitiv addımları və fikirləridir. Birincisi, həmsədrlər uzun fasilədən sonra Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri ilə görüşdü. İkincisi, həmsədrlər azlıq içərisində azlıq problemindən bəhs etdi... Budəfəki səfərin pozitiv əlamətləri barədə yenə nəsə demək olar. Amma mən bu iki məsələ ətrafında fikirlərimi bölüşəcəm. Uzun illər idi ki, həmsədrlər Dağlıq Qarabağın Azərbaycanlı İcmasını sanki gündəlikdən çıxarmışdı. Bu isə əslində ermənilərin mövqeyindən çıxış etməkdən başqa bir şey deyildi. Çünki, Dağlıq Qarabağ erməniləri subyekt kimi prosesə qoşulduğu halda azərbaycanlı icması kənarda qalırdı. Amma bu səfərdə həmsədrlər bu buzu əritdi. Birinci pozitiv əlamətin ardı olan azlıq içərisində azlıq, yəni Dağlıq Qarabağın Azərbaycanlı İcması məsələsi barədə həmsədrlər fikirlər bildirməklə obyektivliyə yaxın mövqe nümayiş etdirdi. Məcburi köçkünlərin geri qayıtması məsələsi və ələlxüsus da Dağlıq Qarabağdan olan məcburi köçkünlərin geri qayıtması zamanı onların təhlükəsizliyi gündəliyə gətirildi.

Həmsədrlərin sözlərinə görə, erməni tərəfi ilə danışıqlarda da bu məqamı müzakirə ediblər. Əgər müzakirə olubsa, deməli, müəyyən məsələlərdə mövqelərin aydınlaşması üçün şanslar var.

Xatırladım ki, təxminən bir il əvvəl Dağlıq Qarabağdan olan erməni ictimaiyyəti nümayəndələri ilə görüşümdə azərbaycanlıların qayıtması ilə bağlı nə düşündüklərini soruşmuşdum. Cavab çox qəti idi: “Dağlıq Qarabağda bu barədə düşünülmür və bu məsələ də müzakirə olunmur”.

Həmsədrlər bu məsələni müzakirəyə çıxarırsa, deməli, pərdə arxasında müəyyən proseslər gedir. Və əgər həmsədrlər bu məsələnin müzakirə olunduğunu açıq formada deyirsə, deməli, müəyyən nöqtələrdə müvafiq razılaşma da var. Ən azı bu məsələni gündəliyə çıxarmaq üçün. Bütün bunların davamı olaraq həmsədrlərin səsləndirdiyi daha bir pozitiv məqama diqqəti çəkmək istərdim. Həmsədrlər xalq diplomatiyası və icmalararası görüş ideyası ətrafında da müzakirələr aparıldığını bildirdi.
Bütün bunlardan sonra isə prezidentlərin görüşü müzakirə olunur. Sözsüz ki, bütün bunlar müəyyən proseslərin getdiyindən xəbər verir. Ümid etmək olar ki, məhz prezidentlərin növbəti görüşündən sonra müəyyən məsələlərdə aydınlıq yaranacaq.

Sonda bir pozitiv məqama da diqqətinizi cəlb etmək istərdim.
Həmsədrlərin belə yumşaq və ədalətli bəyanatlarından sonra onların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş oldu. Bu görüşdə Azərbaycan prezidentinin mövqeyi daha sərt idi. İlham Əliyev cəbhə xəttində helikopterin vurulmasından tutmuş, Ermənistan prezidenti Serj Sarkisyanın sonuncu bəyanatına qədər hər şeyə münasibət bildirib. Prezident həmsədrlərlə belə sərt və özünə güvənli danışması isə sözsüz ki, gedən prosesin daha ədalətlin olacağı ümidini yaradır.