“Mən namizədliyimi irəli sürməyəcəm” – - Əli Kərimli

-men-namizedliyimi-ireli-surmeyecem-
Oxunma sayı: 2440

AXCP sədri Əli Kərimli dünən “Azadlıq” radiosunun “İşdən sonra” proqramının qonağı olub. AXCP sədri əsasən Demokratik Qüvvələrin Milli Şurasının təsis konfransında səslənən fikirlər və vahid namizəd haqda danışıb, eyni zamanda, dinləyicilərin də suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Əli bəy, Milli Şuranın təsis konfransı keçirildi. Gözləntilər nədən ibarətdir? Cəmiyyət nə gözləsin?
- Biz dəfələrlə bu studiyada müxalifətin birliyi, vahid komandanın yaranması, demokratik qüvvələrin eyni cəbhədə birləşməsi haqda söhbətlər etmişik. Uzun illər biz buna nail ola bilməmişdik. Həm hökumət üzvləri arasında, həm də cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, müxalifətin birliyi alınmayacaq. İndi mən məmnunam ki, vətəndaşların sosial sifarişini yerinə yetirə bildik. Müxtəlif ideyalara, düşüncələrə, dünyagörüşünə malik insanlar bir araya gəldi və bu, çox böyük bir hadisədir.

Gözləntilər böyükdür və biz buna sonuncu resurs kimi baxmışıq. Düşünürəm ki, xalqımız bu birləşmiş gücün arxasınca gələcək. Birləşmə bizə çox üstünlüklər verəcək. İnsan resursu, mətbuat resursu, texniki resurslar və digər resurslar birləşəcək.

Digər tərəfdən, hökumət 20 ildən sonra birləşmiş qüvvələrin qətiyyətini görəcək və bu, hökumət daxilində mərkəzdənqaçma tendensiyasını artıracaq. Eyni zamanda, beynəlxalq təşkilatlar da bu birlikdən öz mesajlarını alacaqlar. Yəni, beynəlxalq təşkilatların artıq bəhanəsi olmayacaq ki, birləşmiş müxalifət yoxdur. İdealistlər də demokratik qüvvələrin birliyinə müsbət yanaşacaq.

Ancaq xalqın böyük dəstəyi olmasa, Milli Şurada birləşmiş qüvvələr avtomatik demokratiyaya keçidi təmin edə bilməz. Kütləvi demokratik mübarizəyə qoşulsaq, bu prosesin qarşısın heç nə ala bilməz.
 

- Milli Şuranın tərkibi açıqlandı. Orada təmsil olunanlar arasında elə insanlar var ki, cəmiyyət onları qəbul etmək istəmir. Elə insanlar da var ki, cəmiyyət onları mövcud tərkibdə görmək istəsə də, onlar bu birlikdə təmsil olunmur. Bu məsələyə aydınlıq gətirə bilərsinizmi?
- Bunu təbii hesab edirəm. Düşünürəm ki, bugünkü şərtlər daxilində optimal bir tərkib formalaşdıra bilmişik. Bu tərkib qarşılıqlı kompramislər nəticəsində meydana çıxıb. Sizinlə razıyam ki, bu tərkibi daha ideal şəkildə formalaşdırmaq olardı. Ancaq əmin olun ki, müəyyən arzuolunan insanlar var ki, biz onlarla dəfələrlə söhbət etmişik. Ancaq bu adamlar müəyyən səbəblərdən Milli Şuraya qoşulmayıblar. Bu birliyin baş tutması daha vacibdir, nəinki sizin dediyiniz bəzi insanların bu birlikdə təmsil olunması. Biz maksimalist olduğumuz üçün indiyə qədər birləşə bilməmişik. Heç vaxt hər şey hamının istədiyi kimi olmur. Bu birlikdə ölkənin tanınmış müxalifət partiyaları, gənc fəallar, islami kəsimin nümayəndələri, bloggerlər, hüquqşünaslar təmsil olunublar. Sizi əmin edirəm ki, müxalifətin heç vaxt bu miqyasda geniş birliyi olmayıb.

 
- Müxalifətin birliyində həmişə arapozanlar olub. Yenə bu arapozanlar Milli Şuranın fəaliyyətinə mane olmağa çalışsalar bunun qarşısı necə alınacaq?
- Gəlin müqayisə edək. Bu gün Milli Şuranın təsis konfransı oldu, ən müxtəlif qütbləri təmsil edənlərin birliyi açıq şəkildə, birbaşa yayımlandı. Bəyanat qəbul olundu, sədr seçildi. Və bütün bunları cəmiyyət açıq şəkildə gördü. YAP bunu edə bilərmi? Yəni demək istəyirəm ki, bizim fəaliyyətimiz şəffaf olacaq. Və sizlərin ictimai monitorinqi arapozanları müşahidə edəcək. Vətəndaş cəmiyyətinin nəzarəti arapozanları ifşa edəcək. Biz sadəcə, hesabat verməkdən ötrü bir araya gəlməmişik. Bizim ciddi planlarımız var. Biz elə bir fəallıq yaratmaq istəyirik ki, hökumətin bu fəallığı ləngitmək imkanı olmasın.

 
- Milli Şuranın əsas məqsədi nədir?
- Bu gün Milli Şurada müxtəlif qütblərin nümayəndələri var. Ancaq bu müxtəlif qüvvələr bir məqsəd üçün bir araya gəlib. Bu məqsəd isə Azərbaycanda demokratik sisitemi bərqərar etməkdir. Çünki bu ölkədə xalq çoxdandır ki, hakimiyyətin mənbəyi deyil. Biz bu maddəni işlək vəziyyətə gətirmək, hakimiyyəti xalqa vermək, sülalə hakimiyyətindən xalqı xilas etmək istəyirik. Biz ölkədə tüğyan edən korrupsiyanı durdurmaq, insanların pozulan hüquqlarını bərpa etmək, torpaqlarımızı geri qaytarmaq istəyirik. Və bunların həlli demokratiyanın bərqərar olmasından keçir. Yaxın məqsədimizdə oktyabrda keçiriləcək prezident seçkilərində vahid qüvvə, vahid namizədlə iştirak edərək həmin namizədin qələbəsini təmin etmək, 2 illik keçid dövründə ölkədə yeni konstitusiyanın qəbulu, parlament seçkiləri və prezident seçkilərinin keçirilməsi nəzərdə tutulub.

 
- Partiya liderləri, siyasətçilər bütün bunlarla razılaşıblarmı?
- Razılaşıblar ki, bir araya gəliblər. Amma bu başqa məsələdir ki, hamı eyni dərəcədə səmimidirmi, eyni dərəcədə fədakar olacaqmı? Bütün bunlara nail olmaq üçün ictimai monitorinqə nail olmaq lazımdır. Təkcə mətbuatın yox, xalqın nəzarəti lazımdır. Xalq bu nəzarəti həyata keçirməlidir ki, hər kəs öz məsuliyyətini hiss etsin.
 

- Niyə təsis konfransında vahid namizəd elan edilmədi?
- Biz böyük bir müxalifət koalisiyasıyıq. Biz razılaşaraq addımlar atmalıyıq. YAP bu gün namizədini elan etdi deyə, biz hamı ilə razılaşmadan bu addımı ata bilmərik. Mayın 28-də hamı köklənmişdi ki, Milli Şura elan edilsin. Ancaq biz onda Milli Şuranı elan etsəydik, indiki tərkib olmayacaqdı. Biz bunu bilirdik, ona görə də məsuliyyətlə yanaşırdıq. Həmin gün xalqın təpkisi bizi məcbur etdi ki, daha kompramis variant tapaq və Milli Şuranı elan edək. Və 7-8 saat ərzində gərgin danışıqlar apararaq bu birliyə nail olduq. Indi vahid namizəd məsələsini də hamı ilə razılaşdırmamışıqsa, ehtimal olunan namizədlə bu danışıqlar aprılmayıbsa, bu namizəd elan edilə bilməz axı. Ancaq böyük əksəriyyət vahid namizədin tərəfdarıdır və əminəm ki, biz seçkiyə vahid namizədlə gedəcəyik.


- Milli Şura razıdırsa, Rüstəm bəy də razıdırsa, nəyi gözləyirsiz?
- Milli Şurada elə bir konsepsiya qəbul etmişik ki, o konsepsiya üzrə ən çox ehtimal olunan namizəd Rüstəm bəy olacaq. Şəxsən mən bu konsepsiya üzrə namizədliyimi irəli sürməyəcəm. Bu elə bir namizəd olmalıdır ki, sonrakı siyasi proseslərə təsir etməsin və indiki şəraitdə bütün qüvvələri birləşdirsin. Rüstəm bəyin namizəd olması üçün şansı çoxdur. Əminəm ki, Rüstəm bəy Bakıya gələn kimi biz bu məsələlər üzrə müzakirələr aparacağıq.

 
- İlham Əliyevin 3-cü dəfə namizəd olmasını necə qiymətləndirirsiniz?
- YAP-ın qurultayı bu partiyanın totalitar struktura çevrildiyini göstərir. Bunlar nə vaxt rayonlarda konfranslar keçirdilər, niyə xalqdan gizli oldu bu konfranslar, nümayəndələri necə seçdilər, bu gün qurultayda hansı müzakirələr getdi? Niyə cəmiyyətə məlumat verilmədi? Bütün bunlar göstərir ki, YAP çox uğursuz formada Kommunist partiyasını yamsılayır. Çünki Kommunist partiyasında bir meyar var idi: hamı başa keçib əyləşə bilməzdi. YAP-da isə elə adamlar böyük vəzifələrdə əyləşiblər ki, normal cəmiyyətdə bu adamlar orta bürokrat səviyyəsinə yüksələ bilməzdilər. Digər tərəfdən, Ilham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsi, 2008-ci ildə and içdiyi konstitusiyaya ziddir. Yəni, bu referendum ədalətli hesab edilsə belə, bu, Ilham Əliyevə şamil edilə bilməz. Bunu yalnız biz demirik. Venesiya Komissiyası da bunu deyir və ümumiyyətlə, dünyanın demokratiya xəritəsində bu cür ölkələr qara xətlərlə göstərilir. Indi, hətta Afrikanın əksər ölkələri də bunu özünə yaraşdırmır. Digər tərəfdən, bu addım insani baxımdan da düzgün deyil. Bir tərəfdən müxalifəti ittiham edirlər ki, hakimiyyətə gəlmək istəyir, digər tərəfdən özləri 40 ildir hakimiyyətdən yapışıb qalıblar.
 

- Siyavuş Novruzov bildirib ki, Milli Şura anti-milli qüvvələrdən ibarətdir. Siz bunu necə qiymətləndirirsiniz?
- Bu fikirlər Siyavuş Novruzova uyğun olan fikirlərdi. Biz hakimiyyəti itirmək bahasına olsa belə, rus qoşunlarının ölkədən çıxarmaq riskinə getdik, yüzlərlə cəbhəçi döyüşlərdə şəhid oldu. Təkcə Şuşa şöbəsindən 150 cəbhəçi şəhid oldu. Belə bir qüvvəyə anti-milli demək olarmı? Bəs, Azərbaycanın 48 milyard pulunu ölkədən çıxaran kimdi? Azərbaycanı MDB-yə kim apardı? Ölkənin milli maraqlarını öz kreslosuna görə satanlar kimlərdi? Bu hamıya aydındı. YAP-ın tərifini bu partiyanın yaradıcılarından olan Sirus Təbrizli elan edib. Bütün bunlar hakimiyyətin qorxudan yaranmış narahatlığının ifadəsidir.

 
- Əli bəy, Sizi “Soros” Fondunun pulunu mənimsəməkdə ittiham edirlər. Buna münasibətiniz necədir?
- Mən bu xəbərə rast gəlməmişəm. Yəqin, hökumətin növbəti “qara piarı”dır. Bir hökumət ki, məni Bismarkın Almaniya üçün yaratdığı “qara kassaya” rəhbərlik etməkdə ittiham edir, bir hökumət ki, məni “Əl-Qaidə”ni, “Hizbullah”ı, Şimali Qafqazda yerləşən silahlı dəstələri, sələfiləri bir araya gətirməkdə ittiham edir, bir hökumət ki, məni Meksikanın narkobaronları ilə müqayisə edir, belə bir hökumətin belə şeylər danışmağı niyə təəccüb doğurmalıdır ki? Mən bir partiya lideriyəm, mənim hansısa fonddan pul almaq hüququm yoxdur və deyirəm ki, almamışam. Sən aldığımı iddia edirsənsə, buyur ortaya sübut qoy.

 
- Milli Şuranın mitinqlər keçirmək planı varmı?
- Yəqin ki, bütün demokratik vasitələrdən istifadə olunacaq. Növbəti həftələrdə bu haqda geniş müzakirələr aparacağıq. Ciddi şəkildə bütün səylərimmizi seçki kampaniyasına yönəldəcəyik. Qarşıdakı 4 ay daha çox seçki kampaniyasına indeksləşməlidir. Azərbaycan xalqı çox narazıdır və inanıram ki, kütləvi tədbirlərdə də birləşmiş müxalifətə dəstək olacaq. Buna görə də biz adamları məyus edəcək hallardan çəkinməliyik, keçmişdə olan neqativ halları mübahisə predmetinə çevirməməliyik və xalqı bu birliyin səmimiliyinə inandırmalıyıq. Biz Azərbaycan xalqına arxalanırıq. Dəyişikliyi də Azərbaycan xalqı edəcək.

 
- Əli bəy, həmişə seçkidən sonra uğursuzluq olanda ruh düşkünlüyü yaranır. Bu dəfə belə bir ruh düşkünlüyünün yaranmaması üçün nə etmək fikrindəsiniz?
- Bu, demokratik ölkələrə aiddir ki, seçkidə uduzanda ruh düşkünlüyü yaranır. Bizdə seçki olmayıb axı. Avtoritar sistemlərdə hakimiyyət zəbt olunur. Mən 2010-cu ildə yazmışdım ki, yeni dövr yetişir və dəyişiklik olana qədər insanlar ümidsizlik yaşamayacaqlar. Həqiqətən də 2010-cu il seçkilərindən sonra ruh düşkünlüyü yaranmadı, əksinə, böyük aksiyalar keçirildi, təşkilatlanma getdi, müxalifətin birliyi bərpa olundu. Indi obyektiv bir proses gedir və seçkilərin nəticəsindən asılı olmayaraq, demokratik dəyişiklik baş verəcək. Mən qarşıda ciddi bir məyusluq görmürəm və hesab edirəm ki, bu proses Azərbaycanın xilasına xidmət edəcək.