ABŞ-də yaşayan Natan Tomas cəmi 18 yaş 346 günlüyündə universitet professoru kimi fəaliyyətə başlayaraq, “Ginnesin Rekordlar Kitabı”na düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ginnesin Rekordlar Kitabı” təşkilatı açıqlama yayıb.
Bildirilir ki, Tomas 2023-cü ilin avqustunda Mayami Deyd Kollecində mühəndislik tələbələri üçün “C for Engineers” fənnini tədris etməyə başlayıb. Bununla da o, rəsmi olaraq dünyanın ən gənc kişi universitet professoru adını qazanıb.
Bu rekord əvvəllər 1717-ci ildə 19 yaşında müəllimlik fəaliyyətinə başlayan şotland riyaziyyatçısı Kolin Maklorinə məxsus idi və düz 306 il qüvvədə qalmışdı.
Natan Tomas həmçinin 2008-ci ildə 18 yaş 362 günlüyündə universitet müəllimi olan Aliya Saburun rekordunu da 16 gün qabaqlayıb.
Natan Tomasın təhsil yolu da diqqətçəkicidir. O, cəmi 10 yaşında orta məktəbdə oxumaqla yanaşı, Mayami Deyd Kollecində də dərslərə qatılmağa başlayıb. 14 yaşında isə təhsilini Florida Beynəlxalq Universitetində davam etdirib.
18 yaşına çatanda elektrik mühəndisliyi üzrə həm bakalavr, həm də magistr dərəcələrini fərqlənmə diplomu ilə tamamlayan Tomas daha sonra müəllim kimi fəaliyyətə başlayıb.
“Ginnes”ə açıqlamasında Natan Tomas bildirib ki, müəllimlikdə əsas meyar yaş deyil, bilik və onu başqalarına ötürmək bacarığıdır: “Hər kəs buraya öyrənmək üçün gəlir. Yaşın buna elə də böyük təsiri yoxdur. Mən sadəcə işimi ən yaxşı şəkildə görməyə və tələbələrimə kömək etməyə çalışıram”.
O əlavə edib ki, müəllimliyin ən sevdiyi tərəfi tələbələrin çətin görünən mövzunu anladığı anı görməkdir: “Bir anlayışın qəfil mənalı hala gəldiyini görmək böyük məmnunluq verir. Dərs demək insanın özünün də daha çox öyrənməsinə kömək edir”.
Hazırda Natan Tomas Mayami Universitetinin Hüquq Məktəbində təhsil alır və eyni zamanda, onlayn universitet kursları keçməyə davam edir. O, gələcəkdə əqli mülkiyyət hüququ kimi elm və texnologiyayönümlü hüquq sahəsində fəaliyyət göstərməyi planlaşdırır.
Son xəbərlər
Son Xəbərlər