Samvel Karapetyan yenidən saxlanılıb - Yenilənib

samvel-karapetyan-yeniden-saxlanilib
Oxunma sayı: 1211

Ermənistanda müxalif “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın və siyasətçinin qardaşı oğlu, partiyanın parlamentdəki fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində axtarışlar aparılır.

“Qafqazinfo”  Ermənistan mediasına istinadən xəbər verir ki, İstintaq Komitəsinin müstəntiqləri tərəfindən aparılan axtarışlar bu gün səhər saatlarından etibarən başlayıb.

Partiyanın mətbuat katibi Aqavni Sukiasyanın sözlərinə görə, axtarışlar Karapetyan ailəsi ilə əlaqəli digər ünvanlarda da aparılır.

“Ermənistan İstintaq Komitəsinin İqtisadi Cinayətlərin və Qaçaqmalçılığın Araşdırılması Baş İdarəsində açılmış cinayət işi çərçivəsində eyni vaxtda 65 ünvanda axtarışlar aparılır”, - məlumatda deyilir.

Bildirilib ki, söhbət “Ermənistan elektrik şəbəkələri” ilə bağlı iqtisadi xarakterli cinayətdən gedir.

Xatırladaq ki, “Taşir” şirkətlər qrupunun sahibi olan Samvel Karapetyan 2025-ci ilin iyunundan İrəvanda həbsdədir. O, konstitusiya quruluşunu devirməyə çağırış və iqtisadi cinayətlərdə ittiham olunur. O, 2026-cı ilin yanvarında ev dustaqlığına buraxılıb, sentyabrda isə onun həbs müddəti daha 2 ay uzadılıb. 

***

Narek Karapetyan sosial şəbəkə hesabında paylaşım edərək S.Karapetyanın evində axtarışdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldığını yazıb.

O, Samvelin dəqiq olaraq hara aparıldığı barədə məlumat olmadığını bildirib.