ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin səfərindən əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) azı 20 hərbi təyyarəsi Azərbaycana və Ermənistana eniş edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, təyyarələrin əksəriyyəti 4-8 fevral tarixlərində Bakıya və İrəvana gəlib. Ümumilikdə, Azərbaycana 9, Ermənistana isə 12 hərbi-nəqliyyat təyyarəsi enib.
Təyyarələrin, əsasən, ABŞ-dəki bazalardan, Almaniyadakı “Ramşteyn” hava bazasında yanacaq doldurmaqla uçuş həyata keçirdikləri bildirilir. Demək olar ki, bütün uçuşlar yükgötürmə qabiliyyəti 77,5 tona qədər olan “Boeing C-17A Globemaster III” ağır hərbi-nəqliyyat təyyarəsi ilə həyata keçirilib.
Bundan əlavə, Bakı və İrəvana ABŞ HHQ-nin xüsusi əməliyyat qüvvələri üçün ixtisaslaşdırılmış “Lockheed Martin MC-130J Commando II” hərbi-nəqliyyat təyyarələri uçub. Bu tipli daha 2 təyyarənin isə Gürcüstana eniş etdiyi bildirilir.
Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens 9-10 fevral tarixlərində Ermənistanda səfərdə olacaq. Ermənistandan sonra Vens Azərbaycana səfər edəcək.


Son xəbərlər
Son Xəbərlər