“Aşqabad” kinoteatrında “Tağıyev: Neft” nümayiş edildi - Fotolar

asqabad-kinoteatrinda-tagiyev-neft-numayis-edildi
Oxunma sayı: 228

Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Türkmənistan Mədəniyyət Nazirliyi “Kinovideoxidmət” Birliyinin “Aşqabad” kinoteatrında “Tağıyev: Neft” tammetrajlı bədii filmi nümayişi olunub. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkmənistanın mədəniyyət nazirinin müavini Nursahed Şirimov, eləcə də hər iki nazirliyin digər rəsmiləri, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

Nümayişdən öncə jurnalistlərə açıqlama verən mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərininin əhəmiyyətinə toxunub. “Hər iki xalq mədəniyyət baxımından bir-birinə çox yaxındır. Bu kimi qarşılıqlı mədəniyyət günləri xalqlar arasındakı dostluq, qardaşlıq bağlarını daha da gücləndirir.

Nəzərə alsaq ki, türkmənlər də neft-qaz sektoru ilə məşğuldurlar, bu baxımdan, filmin mövzusu onlara çox tanışdır”. Nazir müşaviri mədəniyyət günləri çərçivəsində nümayiş olunan filmlərdən üçünün prodüser filmi olduğunu deyərək qeyd edib ki, bu da öz növbəsində prodüser filmlərinin inkişafına təkan verəcək.

Filmin rejissoru Zaur Qasımlı isə “Tağıyev: Neft”in mədəniyyət günləri çərçivəsində davamlı nümayiş ediləcəyini bildirib. “Biz hesab edirik ki, iki ölkənin mədəni yaxınlığından və mədəni münasibətindən yola çıxaraq bu kimi nümayişləri daha çox edə bilərik”. “Türkmənfilm”in baş direktorun müavini Sahısaleh Bayramov isə “Tağıyev: Neft” filmini Qazaxıstanda “Qorqud Ata” festivalı çərçivəsinsə izlədiyini və çox təsirləndiyini deyib. “Filmi izlədik və çox təsirləndik.

İlk dəfə bu filmi Qazaxıstanda “Qorqudata” film festivalında izləmişdim. Xoş təsir bağışlamışdı. Filmdən öncə biz Azərbaycanın mədniyyət xadimləri ilə bağlı müzakirə apardıq. Hazırda biz birgə film istehsalı ilə bağlı düşünürük. Çünki istər mədəniyyətimiz, tariximiz, həmçinin neft və qaz məsələsində də oxşarıq. 2026-cı ilin oktyabr ayında Aşqabadda baş tutacaq “Qorqudata” film festivalında Azərbaycandan da bir film müsabiqəyə qatılacaq”. Sonra “Tağıyev: Neft” tammetrajlı bədii filmi nümayiş olunub. Məlumat üçün bildirək ki, ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb. Film milyonçu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoluna həsr olunan çoxseriyalı “Tağıyev” filminin ilk seriyasıdır.

Filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir. Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıblar.

Lamiyə Məmmədova