“ABŞ Qrenlandiyanı əldə edəcək”

abs-qrenlandiyani-elde-edecek
Oxunma sayı: 1239

Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev bildirib ki, Avropa ABŞ-nin təzyiqləri qarşısında geri çəkilə bilər və nəticədə Qrenlandiya Vaşinqtonun nəzarətinə keçə bilər.

“Qafqazinfo” xəbər verir ki, o, bu fikirləri “X” sosial şəbəkə hesabında paylaşıb. Dmitriyevin sözlərinə görə, proses elə bir mərhələyə çata bilər ki, Avropa müqavimət göstərə bilməyəcək və ABŞ öz məqsədinə nail olacaq:

“Avropa geri addım atacaq, ABŞ Qrenlandiyanı əldə edəcək və ola bilsin ki, bundan sonra transatlantik münasibətlər qismən də olsa bərpa olunsun”.

Onun fikrincə, ABŞ-ın Qrenlandiya ilə bağlı siyasəti Avropa ölkələri üzərində həm siyasi, həm də iqtisadi baxımdan ciddi təzyiq yaradır və bu xətt uzun müddət davam edə bilər.

Xatırladaq ki, yanvarın 17-də ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə paylaşım edərək Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçə qarşı 10 faiz gömrük rüsumu tətbiq olunacağını açıqlayıb. O bildirib ki, Qrenlandiyanın ABŞ tərəfindən alınması ilə bağlı razılıq əldə edilənədək bu tariflər qüvvədə qalacaq.

Bu bəyanatlar Qrenlandiya məsələsini beynəlxalq gündəmin əsas mövzularından birinə çevirib və Avropa ölkələri ilə ABŞ arasında münasibətləri daha da gərginləşdirib.