Afaq Məsud Qan Turalıdan yazdı

afaq-mesud-qan-turalidan-yazdi
Oxunma sayı: 1644

İlk əvvəl onu deyim ki, neçə illərdən bəri dövrü mətbuatda rast gəldiyim sərt yazıları, solaxay ədəbi çıxışlarıyla mənə ədəbi ekstremist təsiri bağışlayan bu gəncin, yaradıcı təfəkkür səmtini qəfildən, qayalara çırpılmaq qəzasından qaçıran gəmi tək, ədəbiyyata sarı dəyişməsi, sükanını azadlıqlara, Sənətə aparan geniş, İşıqlı Yola çevirməsi məni hədsiz sevindirdi. Digər sevindirici məqam – gənc yazarın zahirən ictimai-sosial narazılıqlar təsiri bağışlayan acığının altında közərən İnsan ağrılarının ədəbi sözə çevrildikcə, həlimləşib durulması, ağrı sahibinin gözlərim qarşısında saflaşıb gözəlləşməsi idi.

Qan Turalının yazdıqlarında nə Şekspir fəlsəfəsini, nə Markes magiyasını, nə Hofman mistikasını, nə Dostoyevski psixoanalizini axtarmağın yeri yoxdu. Bu yazıları oxuduqca da, əslində, nə o qəliz fəlsəfəçiliyin, nə mistik magiyanın, nə də psixoanalizin elə bir əhəmiyyət daşımadığının həqiqətini anlayır, vaxtın sürətləndiyi, Axirət əlamətlərinin bir-birini əvəzlədiyi bu qaçhaqov zamanında tək bir Özünə - nə vaxtsa içindən sıçrayıb kənara çıxdığın doğma, ilıq məhrəmliyə, rahatlıq və əmin-amanlıq saçan səmimiliyə ehtiyaclı olduğunu kəşf edirsən.

Qan Turalı bu dünyanın maddiyat kobudluğundan, insan ruhunun gözəgörünməz, ələgəlməz kövrəkliyindən, böyük insan dözümündən və səbrindən, onun hər zaman üzü üstə yıxılıb əziləndən, ağız-burnu qanla dolandan sonra yenidən və yenidən dikələrək, öz İnsan Ləyaqətini təsdiq edə bilmək qüdrətindən yazır. Bu yazıları, onların təsirinə düşmədən, kövrəlmədən, yaxud, gözlərin yaşaranacan gülmədən oxumaq olmur. Burda gülüş ağrılarla, ağrılar gülüşlə müşayiət olunur.

"Şaxta baba" hekayəsi - rejissor olmaq həvəsiylə alışıb yansa da, o səmtə atdığı hər addımı, necəsə, yolun əksinə işləyən, rayon teatrının səhnəsində tamaşa qoymaq arzusu Yeni İl şənliklərində kənd camaatını əyləndirən Şaxta Babalıqla nəticələnən qəhrəmanın gülməli, gülməli olduğu qədər də ağlamalı həyat tarixçəsini təsvir edir. Mənə isə bu, günümüzün acı reallığını – öz nəhəng yaradıcı niyyəti və arzularıyla sosiallığın öldürücü qəzalarına uğrayan istedadlı sənət adamlarının son ucda hüquqları tapdanmış, alçaldılmış və təhqir edilmiş acıqlı Şaxta Baba taleyini xatırladır. Bu aktuallıq, reallığın bütün sərtliyi və çılpaqlığı ilə fəlsəfəçilikdən, iddalılıqdan tam uzaq bir qatda - zahirən sanki səthi, təsadüfi həyati detallar və təsvirlərlə, məişət təfərrüatçılığı və sentimentallıqla çatdırılması ciddi ədəbiyyata aparan ən çətin yollardan biridir ki, bizim Qan Turalı məhz bu yolu seçir.

Qan Turalı bu gün belə yazır və mənə, onun sabah nə yazacağı, bu gün astanasında dayandığı bu çətin yolu necə davam etdirəcəyi, hansı istiqamətdə gedəcəyi, möhtəşəm Ədəbiyyat Küləklərinin onu ha tərəflərə çəkib aparacağı hələ ki, bəlli deyil. Bu, sonu, qurtaracağı görünməyən ilahi ucalıqlar da ola bilər, miskin sözçülük, şöhrət, ad-san, vəzifə qazanmaq həvəsli konyukturçuluq da.

Lakin mən inanıram. Qan Turalının sözünə, üzünə və səsinə inanaraq, onun həqiqi ədəbiyyat adamı olacağına, müqəddəs Sözü bu dünyanın heç nəyinə dəyişməyəcəyinə, Yolun üst tərəfi ilə gedəcəyinə inanıram və bu yolda ona uğurlar arzulayıram./kulis.az/