Ağdamda “İmarət” Kompleksində bərpa işləri aparılır - Fotolar

agdamda-imaret-kompleksinde-berpa-isleri-aparilir
Oxunma sayı: 3576

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam şəhərində “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısına və xanımına görülən işlər barədə məlumat verilib.

İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, erməni vandallığının qurbanı olmuş Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” Kompleksinin bərpa edilməsi üçün işlərə başlanılıb. Kompleksin bərpası ilə bağlı xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlət başçısına təqdim olunub və işlərə başlanılıb. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Xarici mütəxəssislərin Ağdama səfərləri çərçivəsində sahənin inspeksiyası və çəkilişləri aparılıb, arxiv materialları araşdırılıb, beynəlxalq təcrübəyə əsaslanaraq bərpa və dizayn layihələri hazırlanıb. Kompleks ümumilikdə 3,3 hektar ərazini əhatə edəcək.

“İmarət” Kompleksindəki tarixi qəbiristanlıqda mövcud beş türbə qalığı tədqiqat sahəsinə daxil edilib. Türbələrin içi və ətrafı erməni işğalçılarının bu abidələrin daxilində qurduğu donuzçuluq təsərrüfatının tullantılarından və digər qalıqlardan təmizlənib.

Tədqiqat nəticəsində burada çox sayda müsəlman qəbirləri, daş abidələrin fraqmentləri - başdaşıları, sinədaşıları, antik dövr sütun bazası, antropomorf büt aşkarlanıb. Ərazidə xüsusilə kəllə və alt çənə sümükləri, çox sayda insan skeletinin fraqmentləri tapılıb. Onların arasında xan nəslinə aid olan qədim sərdabə tipli qəbirlər də yer alıb. Burada sovet dövründə dəfn edilənlərin qəbirlərinin böyük bir hissəsi vandalizmə məruz qalıb. Ərazidə aşkarlanan sümüklərdən DNT nümunələri götürülüb, qəbirlərin identifikasiyası üzərində araşdırmalar davam etdirilir.

Erməni işğalçılar tərəfindən məzarların sinədaşı və başdaşıları sındırılıb, bir çoxu müxtəlif məqsədlə istifadə üçün qəbiristanlıq ərazisindən çıxarılıb.

Kompleksin ərazisində arxeoloji tədqiqatların aparılması məqsədilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu bu ilin aprelində Ağdam şəhərinə mütəxəssislərdən ibarət elmi ekspedisiya göndərib. Tədqiqatlar zamanı tapıntıların foto və videoçəkilişləri həm fotoaparat, həm də kvadrokopterlə aparılıb. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, “İmarət” Kompleksinə aid olan tarixi qəbiristanlığın ərazisi 6 min kvadratmetrdir. Cari ilin sonunadək Kompleksin ərazisindəki tarixi qəbiristanlıqda arxeoloji tədqiqat işlərinin birinci mərhələsi yekunlaşacaq. Burada tədqiqat işlərinin ikinci mərhələsinə başlanılacaq.

Kompleksin tam bərpası üçün vəsaitin Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılması nəzərdə tutulur.