Alfredo Rodriges Heydər Əliyev Mərkəzində caz ritmləri ilə çıxış edəcək

alfredo-rodriges-heyder-eliyev-merkezinde-caz-ritmleri-ile-cixis-edecek
Oxunma sayı: 3040

Martın 3-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli Alfredo Rodrigesin triosu ilə konserti olacaq. 

“Qafqazinfo” xəbər verir ki, Alfredo Rodriges tanınmış caz pianoçusu, "Gremmi" mükafatı nominantıdır. Kubalı cazmen ilk dəfə 2006-cı ildə İsveçrədə keçirilən nüfuzlu Montrö caz festivalında özünə diqqəti cəlb etməyə bacarıb. O, buna ecazkar caz improvizasiyaları ilə nail ola bilib. 

2009-cu ildə Alfredo Rodriges Amerika Birləşmiş Ştatlarına köçür və burada - cazın vətənində musiqinin bu janrının aparıcı ifaçılarından birinə çevrilir. Həmin vaxtdan Alfredo Rodriges sərhədsiz potensiala malik pianoçu kimi tanınır və dünyanın möhtəşəm səhnələrində çıxış edir. 

Alfredo Rodriges triosunun konsertləri Latın Amerikası musiqisi ilə pop, caz, tanqo və fank üslublarının qarışığı olaraq dinləyiciləri ruhən düz Havannanın mərkəzinə aparır. Bakı konsertinin də musiqi və rəqs bayramı olacağı, dinamik improvizasiyaları ilə təkrarolunmaz anlar bəxş edəcəyi şübhə doğurmur. 

Belə ki, kubalı cazmen musiqi istedadı ilə yanaşı tamaşaçıları ilə ünsiyyət qurmaq bacarığı ilə də tanınır. 

Xatırladaq ki, Alfredo Rodriges 2023-cü ilin iyul ayında V Beynəlxalq Bakı Yay Caz Günlərində dünya turnesi çərçivəsində triosu ilə paytaxtımızın qonağı olmuş və Heydər Əliyev Mərkəzində konsert vermişdi. Həmin vaxt kollektivin çıxışı bir çox maraqlı məqamlar, o cümlədən musiqiçilərin tamaşaçılarla rəqsləri ilə yadda qalmışdı.