“Ana dili - Azərbaycan məktəbi” layihəsinin 2-ci yarımili üzrə qeydiyyat davam edir

ana-dili-azerbaycan-mektebi-layihesinin-2-ci-yarimili-uzre-qeydiyyat-davam-edir
Oxunma sayı: 716

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinin ikinci yarımili üzrə qeydiyyat davam edir.

“Qafqazinfo” xəbər verir ki, qeydiyyat prosesi yanvarın 7-si başa çatacaq.

Müvafiq linkə daxil olmaqla qeydiyyatdan keçmək mümkündür: https://anadili.agma.az/

İkinci yarımil üzrə dərslər 15 yanvar-15 aprel tarixlərini əhatə edəcək.

Qeyd edək ki, layihənin birinci yarımili 15 sentyabr-25 dekabr tarixlərini əhatə edib. Onlayn dərslərdə 359 nəfər xaricdə yaşayan azərbaycanlı iştirak edib. Ümumilikdə 36 qrup üzrə dərslər təşkil edilib. Birinci yarımilin yekununda imtahandan uğurla keçən 218 iştirakçıya sertifikat təqdim olunub.

Birinci yarımili uğurla yekunlaşdıran iştirakçılar növbəti səviyyə üzrə ikinci yarımildə təhsilini davam etdirəcək.

2023–2024-cü tədris ilini əhatə edəcək layihə ölkəmizdən kənarda yaşayan soydaşlarımız üçün Azərbaycan dilini məsafədən öyrənmə imkanını təmin edir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda ana dili dərslərinə cəlb olunurlar. Dərslər həftədə 2 dəfə olmaqla “Microsoft Teams” platforması üzərindən ödənişsiz əsaslarla keçirilir. Tədris proqramının məzmununa ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında məlumatlar daxildir.  

Layihə çərçivəsində proqramı uğurla bitirən və dərslərdə yüksək nəticə göstərən həmvətənlərimizin iştirakı ilə Bakı şəhərində yay məktəbinin təşkili nəzərdə tutulur.