Atamın əlində bakal da görmüşəm, Quran da...

atamin-elinde-bakal-da-gormusem-quran-da
Oxunma sayı: 13919

Elbrus Ərud

Mən atamın əlində bakal da görmüşəm, Quran da. Bu gün o, qarşına əlində fırça çıxırdısa, sabah mütləq dəryaz kürəyində yoncalıqdan gəldiyini görə bilərdin. Hətta, bir dəfə qollarını çırmalayıb kənddə birinə ev də tikmişdi… O, bizi saxlamaq üçün əlindən gələn heç nəyi əsirgəmirdi. Toy da aparırdı, yas da… 
 
Uşaq böyütmək gəlib həm də tərbiyə verməyə çatanda, mənim müəllim atamın metodu dəyişdi. O, öz kimliyini təsvir edəndə həmişə deyirdi ki, bu yaşa çatmışam, nə mən kiməsə bir şillə vurmuşam, nə də kimsə mənə…

Yadıma gəlir, uşaq olanda qonşunun bağındakı iri gilas ağaclarının zəhmi belə məni basırdı. Hələ onun içində fil kimi hərəkət eləyən sahibini demirəm. Bizdə isə vəziyyət fərqli idi. Tanrının ən adi zəhmindən belə məhrum olan atam, gücü şillə-təpiyə çatmayanda, bizi böyütmək üçün üz tutdu sözə… 
 
Mən atamla ilk dəfə beşinci sinifdə oxuyanda tanış olmuşam. Məktəbin kitabxanasından Jorj Sandın “İndiana” romanını götürmüşdüm. Kitabı oxuyub çox təsirlənmişdim. Orada Noun adlı, səhv etmirəmsə, yeniyetmənin zorlanaraq hamilə buraxılmasından, nəticədə qızın özünü çaya ataraq intihar etməsindən söhbət gedirdi. Əsərdən necə təsirlənmişdimsə, özümdən bir sinif yuxarıda oxuyan sevdiyim qıza məktub yazıb kitabı məndən sonra oxumasını istəmişdim. Hətta, qızımız olarsa, adını indidən Noun qoyduğumu yazmışdım. Məsələ belə oldu ki, məktub ünvanına yetişməmiş, böyük bacım tərəfindən cibimdə tutuldu. O, balaca kağız parçasını başının üstündə yellədə-yellədə onlar tərəfə qaçıb məni rüsvay eləməyə başlamışdı ki, atamın onu saxlayıb “Apar məktubu Elbrusun hansı cibindən götürmüsənsə, o cibinə də qoy” - dediyini eşitdim. Alt gözdə çarpayının altına girib xeyli vaxt sakit uzandım, bu biabırçılığın qarşısını aldığına və sonralar heç vaxt söhbətin üstünü vurmadığına görə ona qarşı minnətdarlıq hiss etdim. 

***

Xatirələrim heç də dağınıq deyil. Sadəcə nəyi, hansı ardıcıllıqla xatırlayıramsa, yazmağa çalışacam.
 
Orta məktəbin son sinfində oxuyuram. Dil-ədəbiyyat müəllimi olan atam da elə sinif rəhbərimizdir. Birdən qapı açıldı, gənc müəllimlərdən biri əlindəki dörd yumurtanı bizə dərs keçən atamın masasının üstünə qoyub divar qəzetini mümkünsə tez hazırlamağı xahiş edərək çevrilib getdi. Uşaqlar gah yumurtalara, gah atama, gah da mənə baxıb gülməkdən uğundular. Onu tez dəhlizə çağırıb “pazor” vəziyyətdə çölə çıxdım. Arxamca gəldi. Məni bütün sinfin qarşısında niyə belə rəzil duruma saldığını soruşdum. Sakitcə qayıdıb “Oğlum, qoy o utansın ki, adicə bir divar qəzetini yaza bilmir. Mən isə öz biliyimi satıram. Bax, bu gün nahar yeməyimizi qazandım. Dərsdən çıxıb evə gedəndə də qaynadıb yeyəcəyik. Biliyini satmaq ayıb iş deyil” - dedi… Naharda o dörd yumurtadan mənə heç nə çatmasa da, atamı haqlı saydım… 

***
Böyük qardaşım 91-də orta məktəbi bitirdi. Son zəng məclisi bizim həyətdə keçirilirdi. Adətən həmin gün orta məktəbi bitirən oğlanlar müstəqil həyata qədəm basmalarının ilk əlaməti kimi əllərinə müəllimləri ilə eyni məclisdə “rumka” götürürlər. Qardaşım da atamla bir masanın arxasında əlində müstəqilliyin ilk rəmzi dayananda o öz bakalını yerə qoyub dedi: 
 
- Bir evdə iki kişi bakal qaldırırsa, onun biri yerə qoymalıdır. Mən bu gündən içməyi saxladım… 

***

Məktəbin meydançasında futbol oynayırıq. Çantalarımızı stadionun kənarına tullayıb hücum, müdafiə, orta xətt bilmədən, hamımız topun dalınca o baş-bu başa qaçırıq. Atam meydanın kənarından baş məşqçi kimi əli ilə məni yanına çağırır. Yaxınlaşanda əyilib yerdən çantamı götürərək məni meydandan çıxarır. Evə doğru addımlayırıq. Yolda mənə sakit şəkildə deyir ki, əgər futbolçu olmaq istəyirəmsə, sabahdan dərsə getməyim, elə birbaşa meydançaya gəlim, yox, əgər özümü futbolda görmürəmsə, yaxşı olar ki, bu çantanın içindəkilərlə məşğul olum…

***

Cəmi bir inəyimizə görə kəndin mal nobatına getmişəm. “Veş meşok”umu atam hazırlayıb. Heç örüşə çatmamış acından ölürəm. Tez süfrəmi açıb yeməyə nə qoyduğunu axtarıram. Min vərəqlik “Səfillər”in altından para çörəyi tapıram. Bunun arasına heç olmasa “kartoşka” qızartması doldurmaq belə yadlarına düşməyib deyə düşünürəm. Quru çörəyi əlimə götürürəm. Ortası yarılıb, amma “kartoşka” qızartmasının yerinə balaca bir məktub qoyulub. Açıb oxuyuram : 

- Oğlum, sənin yeməyin çantana qoyduğum “Səfillər”dir. Onu oxu, mal otarmağa getmə…  

***

Kəndin mərkəzi küçəsindən bizə tərəf dönən yoldan su turbası keçir. Diametri böyük olan bu turbanın üstündə məhəllənin yeniyetmələri ilə toplaşıb vaxt öldürürük. Uzaqdan atam görünür. Bir yerə əkilməyə macal tapmıram. Bizə çatanda qoluma girib evimizə doğru sakit irəliləyir. Yolda cəmi bir kəlmə deyir ki, bu turba bu küçədən heç yerə gedən deyil, instituta girməsən gəlib ürəyin istəyən qədər oturarsan…

***

İnstitutun üçüncü kursunda oxuyuram. Yay tətilində kəndə getmişəm. Sinif yoldaşlarımdan ali məktəbə daxil olanlarla kəndin ortasındakı “Artezianın yanı” adlanan yerdə yığışıb az qala səhərə kimi sərgüzəştlərimizi bölüşürük. Danışdıqlarımızın çoxunu uydururuq deyə çoxu şirin alınır. İki gecə evə səhərə yaxın gəlirəm. Üçüncü gün atamla anamın yatdığı otaqdan ayaqlarımın ucunda keçib öz çarpayıma uzananda o, gecəyə uyğun çox sakit səslə soruşur:
 
- Elbrus, Arifgilin toyuqlarını kim aparıb? 
- Əşi, mən nə bilim kim aparıb?
- Bu sualı ancaq gecə 4-də evə gələnə verərlər…

 
Vəssalam, bu il 44 yaşım olacaq, haçan evə bir az gecikirəmsə, Arifgilin toyuqları gəlib durur gözümün qarşısında…
 
***
Jurnalistika fakültəsini bitirib evə zəng edirəm. Atama telefonda diplom müdafiə etdiyimi, möhkəm yorulduğumu deyirəm. Səhv etmirəmsə, iyunun 25-dir. Kəndə gəlib beş-on gün  dincəlmək, sonra hərbi çağırışın sonuna yaxın əsgərliyə yollanmaq istədiyimi deyirəm. Təəssüflə, dünən çağırış vərəqəsini iyulun 1-nə aldığını deyir. Ondan niyə belə tələsdiyini soruşuram:
 
- Oğlum, əsgərlik insanın kəsilib atılmış ömrüdür. Tez get, tez gəl və həyatına başla! İyulun 1-də hərbi xidmətə yola düşürəm.
 
***
 
Əsgərlikdən qayıtmışam. Qohum-əqraba gözaydınlığı üçün bizim qapıya yığışıb. Kişilər həyətdə nərd oynayır, qadınlar samovar qaynadıb məclisə çay paylayır. Bir neçə gün eyni mənzərəyə şahidlik edən atam daha dözə bilmir. Məni yanına çağırıb cibindən çıxardığı 18 şirvanı uzadır:
 
- Bunu doktor Salehdən borc almışam. Götür, get şəhərə. Burada qalıb vaxtını öldürmə. 
 
Pulu alıb əşyasız-filansız kəndin dayanacağına doğru irəliləyirəm. 
 
Arxamca qışqırır:
 
- Ancaq nə bacıngilə get, nə də qardaşıngilə!.. 
 
Bakıya çatıb uzun müddət küçələri dolaşsam da, nəinki onların evinə, heç onlar yaşayan tərəfə də gedə bilmirəm. Sonralar atamdan bu amansızlığın səbəbini soruşanda, mənə “sən o vaxt qardaş-bacının evinə getsəydin, hələ də onlarda qalırdın”- deyir… 
 
Ardı var...