Şamaxıda mikroavtobus qəzaya uğrayıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Hacıqədirli kəndi ərazisində baş verib.
Belə ki, “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsindəki sərnişinlərdən 5-i oğlan, 2-si isə qız olmaqla 7 nəfər xəstəxanaya müraciət edib.
Həmin şəxslərin ikisində sınıq, digərlərində isə yüngül sıyrıq xəsarətləri qeydə alınıb.
Qeyd edək ki, xəsarət alan şəxslər Ağsu rayon Padarqışlaq kənd məktəbinin şagirdləri olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.
***
Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 25.04.2025-ci il tarixində saat 23:00 radələrində Şamaxı rayonun ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2009-cu il təvəllüdlü (qadın cinsli) şəxs Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub: “Ona döş qəfəsin, çanağın əziyi, gövdənin sıyrıqları diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb”.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 7 nəfər (2 qadın cinsli, 5 kişi cinsli) TƏBİB-in tabeli tibb müəssisələrinə təxliyə olunub.
6 nəfər Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş olan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir.
Xəsarət alan 1 nəfər isə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.