Azərbaycan Tibb Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndərin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Tədbiri giriş sözü ilə açan ATU-nun YAP təşkilatının sədri, Patoloji fiziologiya kafedrasının müdiri, professor Sabir Əliyev çıxışında Azərbaycan xalqının tarixində Heydər Əliyevin rəhbərlik etdiyi dövrlərin müstəsna rolu olduğunu diqqətə çatdırıb. Professor Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi mərhələlərin Azərbaycanın inkişafında mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb.
Onun sözlərinə görə, 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçilməsi ilə respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında əsaslı dəyişikliklər başlanıb. Həmin dövrdə Azərbaycan ittifaq respublikaları arasında geridə qalan mövqedən irəli sıralara yüksəlməyə başlayıb. Sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə və milli-mənəvi dəyərlərin qorunması istiqamətində mühüm qərarlar qəbul olunub.
Professor S. Əliyev xüsusilə vurğulayıb ki, Ulu Öndər rəhbərliyinin ilk aylarında Bakı Dövlət Universitetində keçirilən tədbirdə Azərbaycan dilində çıxış edərək milli dilə və milli kimliyə verilən önəmi nümayiş etdirib və bu addım milli özünüdərkin və milli ruhun güclənməsində mühüm rol oynayıb.
Çıxış zamanı Azərbaycanın tarixinə böyük zəfərlər qazandıran Prezident İlham Əliyevin fəaliyyətinə də diqqət çəkən professor bildirib ki, dövlət başçısı Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək xalqın ən böyük arzusunu gerçəkləşdirib.
Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin xarici media nümayəndələrinə verdiyi müsahibələri də xatırladan professor bildirib ki, dövlət başçısı böyük siyasi xadim kimi qətiyyəti, siyasi hazırlığı və diplomatik mövqeyi ilə hər zaman seçilib.
Daha sonra Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, professor Həqiqət Qədirova çıxış edərək Heydər Əliyevin milli kadr potensialının formalaşdırılması, səhiyyə və tibb təhsilinin inkişafı istiqamətində gördüyü mühüm işlərdən danışıb. O bildirib ki, Ulu Öndər hər zaman elmə, təhsilə və xüsusilə tibb sahəsinə böyük diqqət və qayğı göstərib, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib.
Tədbirdə daha sonra Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Videoçarx iştirakçılar tərəfindən maraqla izlənilib.
Ardınca I Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Azərin Şükürlü çıxış edib. O, Ulu Öndərin zəngin siyasi fəaliyyəti, dövlətçilik təfəkkürü və yüksək liderlik keyfiyyətləri ilə Azərbaycan gəncləri üçün hər zaman örnək olduğunu bildirib.
ATU-nun akademik heyəti və tələbələrin iştirak etdiyi tədbirdə Ulu Öndərin həyatı, fəaliyyəti və zəngin irsi ilə bağlı cıxışlar böyük maraqla dinlənilib.
https://www.youtube.com/watch?v=BVH66lWyegU










Son xəbərlər
Son Xəbərlər