Dünənki iğtişaşlarda 3 polis xəsarət alıb - 16 nəfər saxlanılıb

dunenki-igtisaslarda-3-polis-xesaret-alib
Oxunma sayı: 379

Noyabrın 26-da Batumidə keçirilmiş UEFA Avropa Liqasının Liqa mərhələsinin “Beşiktaş”-“Hapoel Beer-Şeva” matçı zamanı nominal ev sahiblərinin azarkeşlərinin iştirakı ilə baş verən iğtişaşlar zamanı 3 polis əməkdaşı xəsarət alıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

“Azarkeşlərin zorakı hərəkətləri nəticəsində üç nəfər polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Hüquq-mühafizə orqanları qanunsuz hərəkətlər edən 16 nəfəri saxlayıb”, - bəyanatda deyilir.

DİN “Beşiktaş” azarkeşlərinin bir hissəsinin hələ stadiona gedən yolda təxribatçı davrandığını, polisə müqavimət göstərdiyini bəyan edib. Məlumata görə, bu cür hərəkətlər stadion ərazisində də davam etdirilib. Azarkeşlər stadionun infrastrukturuna ziyan vurub, polislərə oturacaqlar atmağa başlayıblar. Polis asayişi təmin etmək üçün xüsusi vasitələrdən istifadə etməklə müxtəlif tədbirlər görüb.

DİN “Beşiktaş” azarkeşlərinin Fələstinə dəstək bayraqları və bannerləri açdığına görə polisin güc tətbiq etdiyi barədə məlumatı təkzib edib.

Xatırladaq ki, UEFA Avropa Liqasının 5-ci turunda keçirilən “Beşiktaş”-“Hapoel Beer-Şeva” matçı tribunadakı gərginlik və polisin müdaxiləsi səbəbindən müvəqqəti dayandırılıb. Yalnız hadisə nəzarət altına alındıqdan sonra matç bərpa olunub və “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.