Dərdin şəkli...

derdin-sekli
Oxunma sayı: 396

Sonra…

Biz gəldik, üz-gözümüzdən yerə-yurda tökülən sevinclə xoş günlər bitirəcəyimizə zərrəcə şübhə etmədik: zamanımızın qayğısız çağlarını dünyanın mizanı saydıq, “zoğal”, “söyüd”, “gəmrəşöy” atlarımızı minib, doğudan batıya, güneydən quzeyə çapa-çapa böyüdük; hərdən bu “atlarımızla” kürəyimizi dağlaya-dağlaya ən müşkül mübahisələrimizə çarə tapdıq, yerlə-göylə əlləşdik, əl atıb ulduz dərdik, ayı dilimləyib yedik, “Məkkə yoluyla” ziyarətə getdik, Məlikməmmədlə zülmətdən çıxdıq, bulaq başında Div öldürdük…

Sevincimizin doğmaların dodağını qaçırmaqdan başqa bir işə yaramadığını, xoş günlərin hasarın o tayından boylanmadığını, “at”larımızın bizim ayaqlarımıza möhtac olduğunu, aya əlimizin, ulduza ünümüzün yetmədiyini, Məlikməmmədin hələ də yol gəldiyini, Divin hər sabah təzədən dirildiyini gördük.

Sonra.

Dünyanın adını öyrəndik, Yerin bir yerdə qərar tutmadığını, özüylə bərabər bizi də başına alıb, hara getdiyinin fərqinə varmadan, səfil-sərgərdan dolandığını, aləmin gözümüzün önündə yox, arxasında olduğunu gördük: topladıq-çıxdıq, vurduq-böldük, nəticə ala bilmədik… Oxuduqca heç nə bilmədiyimizi, yazdıqca heç nəyi dəyişmədiyimizi dərk etdik.

Sonra!

Dünyanın gərdişinə boyun əymək istəmədik, qolumuzu çirməyib cəngə girdik: vurduq, topladıq, sayımızı çoxaltdıq, çevrəmizi böyütdük, özümüzü ucaltdıq…

Bir də baxdıq ki, itirdiyimiz qazandığımızla müqayisəyə gəlməzdi – vurulduqca bölündük, toplandıqca çıxıldıq, sayımız artdıqca sıralarımız seyrəldi, özümüzü ucaltdıqca kiçildik, bizdən əvvəlkilər kimi milyondan birinə çevrildik.

Sonra?

Gördüklərimiz gözlərimizdə, eşitdiklərimiz qulağımızda, duyduqlarımız ürəyimizdə şəkilləndi: dərdin şəklini gördük, amma ha çalışdıq, onu kimsəyə, nəyəsə bənzədə bilmədik.

Ağrı üstünə ağrı gəldi, dərd üstünə dərd. Hər gün özümüzə çəkilib ürəyimizin divarına çəkilən dərd şəkillərini çəkib çıxarmaq qismətinə boyun əyməkdən ayrı əlac görmədik.

Dərdi hara çəkək ki, ürəyimizdən çıxsın? Rəngini haradan tapaq? Kətanını kimə soraqlayaq? Fırçasını nədən tutaq?

Yox imiş – bizdən əvvəlkilər tapmayıblar, biz də axtara-axtara Yer kimi girinc-giriftar üzü boşluğa gedirik…

Dərd əlindən sözə pənah apardıq; dərdimizi sözə dedik. Söz də bir söz demədi ki! Ancaq soraq verdi: “Sizdən əvvəlkilər dərdi buracan çəkmişdilər ki, sizə bağışlayıb getsinlər…”

Bir yol olmalıydı axı, bir söz deməliydilər axı!

“Gedənlər qalanlara “salam” dedilər!”

…Sonra?

Anar Yusifoğlu

Əməkdar jurnalist