Gədəbəy rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası istiqamətində tədbirlər davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, Dövlət Proqramının icrası ilə əlaqədar rayonun təbii-iqlim şəraiti, iqtisadi potensialı və mövcud ixtisaslaşması nəzərə alınmaqla müvafiq İş Planı təsdiq edilib, prioritet istiqamətlər və konkret hədəflər müəyyənləşdirilib.
İş Planı çərçivəsində 5 istiqamət üzrə ümumi investisiya dəyəri 8,8 milyon manat olan 9 tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Hazırda 4 layihənin icrasına başlanılıb və ümumilikdə 3,3 milyon manat investisiya qoyuluşu həyata keçirilib.
Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələrin icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev tərəfindən monitorinq keçirilib. Monitorinq çərçivəsində meyvəqurutma müəssisəsinə, heyvandarlıq və arıçılıq təsərrüfatlarına baxış keçirilib.
Rayonun Poladlı kəndində yaradılan meyvəqurutma müəssisəsinə baxış zamanı bildirilib ki, illik istehsal gücü 100 ton qurudulmuş meyvə təşkil edəcək müəssisənin emal sahəsinin tikintisi başa çatdırılıb və müasir qurutma avadanlıqları alınıb. Layihənin həyata keçirilməsi rayonda kənd təsərrüfatı məhsullarının emalı imkanlarının genişləndirilməsinə və yerli istehsalın artırılmasına töhfə verəcək.
Heyvandarlıq təsərrüfatına baxış zamanı görülmüş işlər və qarşıda duran hədəflər barədə məlumat verilərək qeyd olunub ki, ötən dövr ərzində 2 baş cins heyvan alınıb, tövlə tikintisi işləri başa çatdırılıb. Layihə çərçivəsində təsərrüfat üzrə iribuynuzlu heyvanların sayının 167 başdan 197 başa, xırdabuynuzlu heyvanların sayının 1100 başdan 2100 başa, illik ət istehsalının isə 16 tondan 22 tona çatdırılması nəzərdə tutulur.
Arıçılıq təsərrüfatına baxış zamanı rayonun zəngin təbii potensialının bu sahənin inkişafı üçün əlverişli imkanlar yaratdığı qeyd edilib,arıçılığın inkişafı, məhsul istehsalının artırılması və müasir təsərrüfatçılıq üsullarının tətbiqi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb.
Monitorinq zamanı fermerlərin təklifləri dinlənilib, qarşıya çıxan məsələlər və mövcud dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə imkanları müzakirə edilib. Dövlət Proqramında müəyyən edilmiş hədəflərə nail olunması üçün aidiyyəti qurumlar arasında koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.
Qeyd edək ki, İş Planında nəzərdə tutulan layihələrin icrası nəticəsində rayonda 200-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.







Son xəbərlər
Son Xəbərlər