Avropa İttifaqının süni intellektə çevrilməkliyi

avropa-ittifaqinin-suni-intellekte-cevrilmekliyi
Oxunma sayı: 385

Son illərədək Aİ deyəndə ilk olaraq ağlımıza Avropa İttifaqı gələrdi. Elm və texnologiyanın inkişafı sayəsində 2012-ci ildən etibarən Aİ həm də süni intellektin (AI - Artificial Intelligence) abbreviaturasına çevrildi. Elə Avropa İttifaqının və Avropa Parlamentinin özünü süni intellekt kimi aparması da təxminən eyni vaxta təsadüf etdi. Bu il aprelin 30-da Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycana qarşı ittihamları oxuyanda adama elə gəlir ki, bunlar ya əsaslı mənbəyi olmayan “Vikipediya” materiallarıdır, ya da süni intellektə verilən suallar əsasında formalaşmış cavablardır.

Sənəddə Bakı ilə İrəvan arasında sülh prosesində mühüm irəliləyişin əldə edildiyi vurğulanır və Ermənistanın münasibətlərin tam normallaşdırılmasına yönəlmiş səylərinə dəstək ifadə olunur. Halbuki Ermənistana barış əlini ilk olaraq müharibədə qalib gəlmiş Azərbaycan uzadıb. Sülhün bərqərar olması üçün rəsmi Bakı İrəvandan 30 illik işğala görə 150 milyard dollar təzminat tələb etmək haqqı olduğu halda, bundan imtina edib, hətta ermənilərin qürurunu sonadək sındırmamaq üçün Bakıdakı Hərbi Qənimətlər Parkında işğalçı əsgərlərin dəbilqələrini nümayiş etdirməyi də aradan qaldırıb.

Avropa Parlamentinin qəbul etdiyi sənəddə Azərbaycanın erməni “hərbi əsirləri” ədalətsiz şəkildə saxladığı bildirilir, onların dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunur. Bəs onların “hərbi əsirlər” dediyi şəxslər kimlərdir? Söhbət Rusiyadan Qarabağa qəhrəman olmaq və sonradan Ermənistanda hakimiyyətə gətirilmək üçün göndərilən Ruben Vardanyan, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı sülh və insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərindən gedir. Bu şəxslərdən üçü - Arayik Arutyunyan, Arkadi Qukasyan və Bako Saakyan özlərini separatçı Dağlıq Qarabağ bölgəsinin “prezidenti” elan etmişdilər, Azərbaycan dövlətini tezliklə Bakıda çay içəcəkləri ilə təhdid edirdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu onları bu “arzularına” çatdırdı.

Separatçı ilə necə rəftar etmək lazım olduğunu Avropa İttifaqının üzvü olan İspaniya 2017-ci ildə Kataloniyanı müstəqil elan etmək istəyən Karles Puçdemona münasibətdə göstərmişdi. Puçdemonun separatçılıq cəhdlərinə cəmi bir il dözən avropalılar qan tökmədiyi halda, onu dərhal devirmiş və beynəlxalq axtarışa vermişdilər. Qarabağ ermənilərinin separatçı liderləri isə 30 il ərzində Azərbaycan xalqına qarşı soyqırımları həyata keçirmiş, şəhər, kənd və qəsəbələrimizi yer üzündən silmiş, bir milyon vətəndaşımızı ev-eşiyindən didərgin salmışdı. Bəlkə, Avropada bu cinayətləri edənlərin başlarını sığallayırlar, xəbərimiz yoxdur?

Qətnamədə həmçinin Qarabağdan köçmüş ermənilərin hüquqlarına, onların mənsubiyyət, mülkiyyət və mədəni irsinin qorunmasına dəstək ifadə olunur, erməni mədəni-dini irsinin dağıdılmasına görə məsuliyyət daşıyanların cəzalandırılmasına və beynəlxalq qiymətləndirmə missiyasının yaradılmasına çağırış edilir. Avropa Parlamenti erməni sakinlərin Qarabağa təhlükəsiz, maneəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququnun olduğunu vurğulayır. Təbii ki, bunların hamısı əsassız iddialardır və Avropa İttifaqının Azərbaycandakı səfirinə Azərbaycan XİN-in təqdim etdiyi etiraz notasında bu ittihamlara tutarlı cavab verilib.

30 il ərzində Azərbaycanın işğal olunmuş ərazilərində məscidlərin dağıdılaraq içində donuz saxlanılmasına, maddi mədəniyyət nümunələrimizin yer üzündən silinməsinə səssiz qalan Avropa indi “erməni abidələri”nin hamisi olmağa çalışır. Qarabağ azad olunduqdan sonra işğal dövründə Laçında inşa edilmiş bir qanunsuz kilsədən başqa heç nə sökülmədiyi halda, bu hay-küyün səbəbi nədir? Bu daş-divar keşikçiləri Xocalıda törədilən soyqırımı, sosial media platformalarında Birinci Qarabağ müharibəsi dövründə lentə alınmış işğal videolarını, azərbaycanlıların qovulması və əsirlərimizə işgəncə verilməsi kadrlarını da görməzdən gəlirlər. Elə İkinci Qarabağ müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusunun dinc əhalini nəinki hədəfə almaması, hətta qoruması da qiymətləndirilmir. Necə ki, Azərbaycanla müqayisədə daha güclü yüksək dəqiqlikli silahlara malik olan böyük dövlətlərin bu gün dünyanın müxtəlif yerlərində apardığı müharibələr zamanı qoca, uşaq, qadın demədən mülki əhalini məhv etməsinə göz yumulur. Amma Qarabağda bircə mülki erməninin burnu qanasaydı, Avropa İttifaqı və Avropa Parlamenti Azərbaycanı ermənilərə qarşı soyqırımı törətməkdə elə ittiham edərdi ki, 1915-ci il hadisələrinə görə Türkiyəyə qarşı iddialara şükür etməli olardıq.

Ermənistan rəhbərliyi Azərbaycanla sülhdən söz açır, bölgədə yeni reallığın yaranmasında iştirakı ilə fəxr edir, artıq sərhəddə güllə səslərinin gəlməməsini özünün böyük uğuru kimi qiymətləndirir, suyu və ürəyimizi bulandırmaq istəyən bəzi qüvvələr isə deyirlər ki, dayan görək, hara tələsirsən. Biri danlayır ki, sən niyə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımısan, o biri sakitcə avtomobilinə oturaraq Qarabağı könüllü tərk etmiş ermənilərin geri qayıtmasının vacibliyindən dəm vurur. Heç o ermənilərdən soruşmağa da ehtiyac görmürlər ki, geri qayıtmaq istəyirsən, ya yox.

Bu yerdə Molla Nəsrəddinin məşhur lətifəsi yada düşür. Hər cümə namazında molla əvvəllər əyyaşlıq edib, sonra imana gəlmiş bir kəndlini camaata nümunə göstərib soruşur ki, bunun əvvəlki halını xatırlayırsınızmı? Baxın, imana gələndən sonra həyatı necə gözəlləşdi, ailə-uşaq və ev-eşik sahibi oldu. Bir gün həmin keçmiş əyyaş dözməyib ayağa durur və deyir: “İyirmi il əyyaşlıq etdim, Allah bir dəfə məni utandırmadı, imana və haqq yoluna gəlməyim üçün mənə güc-qüvvət verdi. Bu alçaq isə hər cümə günü məni sizin qarşınızda utandırır”.

Ermənistanın Azərbaycanla davamlı sülhə can atdığı indiki vaxtda yuyulmamış çömçə kimi ortaya atılan Avropa İttifaqı və Avropa Parlamenti indi özünü həmin molla kimi aparır, erməni xalqına “Böyük Ermənistan” və “erməni soyqırımı” nağıllarının girovluğundan çıxmaq imkanı vermək istəmir. Necə deyərlər, it motaldan əl çəkdi, motal itdən əl çəkmədi...

Cavid İsmayıl,
Tarix üzrə fəlsəfə doktoru