Azərbaycan daha bir konvensiyaya qoşulur

azerbaycan-daha-bir-konvensiyaya-qosulur
Oxunma sayı: 440

Azərbaycan daha bir konvensiyaya qoşulur. 

“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. 

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib. 

***

Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edilən layihə ilə bağlı bildirib ki, BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası dekabrın 24-ü 2024-cü il tarixində qəbul edilib və kibercinayətkarlıqla mübarizə sahəsində ilk dəfə olaraq qlobal səviyyədə vahid, hüquqi cəhətdən məcburedici beynəlxalq çərçivə formalaşdırılıb: “Konvensiya informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərin qarşısının alınması, aşkar edilməsi, araşdırılması və təqibi üzrə dövlətlər üçün ümumi hüquqi standartlar müəyyən edir.

Azərbaycan Konvensiyanın hazırlanması və qəbul edilməsi prosesində aktiv iştirak edib, çoxtərəfli danışıqlarda konstruktiv və prinsipial mövqe nümayiş etdirib. Konvensiya qarşılıqlı hüquqi yardım prosedurlarının sadələşdirilməsini və standartlaşdırılmasını təmin etməklə hüquq-mühafizə orqanları arasında əməkdaşlığı sürətləndirir.

Xarici rəqəmsal xidmət provayderləri və platformalarla əməkdaşlıq üçün hüquqi müəyyənlik yaradılır ki, bu da məlumatların qanuni əldə edilməsi və istifadəsi prosesini daha səmərəli edir. Bundan əlavə, Konvensiya institusional potensialın gücləndirilməsi, ixtisasartırma və təcrübə mübadiləsini təşviq edən mexanizmləri nəzərdə tutur.

Konvensiya Milli Məclis tərəfindən ratifikasiya edildiyi halda Azərbaycan bu beynəlxalq sənədi ratifikasiya edən ilk dövlətlərdən biri, potensial olaraq isə ilk dövlət kimi çıxış edə bilər. Bu hal Azərbaycanın beynəlxalq hüquqi nüfuzunu gücləndirəcək, ölkəmizin kibercinayətkarlıqla mübarizə sahəsində qabaqcıl və təşəbbüskar mövqeyini nümayiş etdirəcəkdir.

Konvensiyanın ratifikasiyası hüquq-mühafizə orqanlarının fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcəkdir. Sənəd elektron sübutların əldə edilməsi, qorunması və ötürülməsi üzrə beynəlxalq hüquqi əsas yaradır, elektron sübutlarla bağlı hüquqi qeyri-müəyyənlikləri aradan qaldırır və transmilli istintaqların effektivliyini artırır”.

Deputat Nizami Səfərov isə qeyd edib ki, BMT-nin universal səviyyədə 195 dövlətin konsensusu əsasında “Kibercinayətkarlığa qarşı” Beynəlxalq Konvensiyasının qəbul edilməsi qlobal miqyasda mövcud olan ciddi hüquqi boşluğun aradan qaldırılması istiqamətində atılan funadamental addım kimi dəyərləndirilməlidir: “İyirmi ildən artıq bir müddətdə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində kibertəhlükəsizlik problematikası üzrə davam edən və müxtəlif mövqeləri əks etdirən diskussiyaların sona çatması irimiqyaslı hüquqi sənədin qəbul edilməsinə zəmin yaradıb. Eyni zamanda, nəzərə almaq lazımdır ki, qeyd edilən Konvensiya kiberfəzada təhlükəsizliyin təmin edilməsi üçün mahiyyətcə hüquqi çərçıvəni nəzərdə tutur və onun işlək beynəlxalq-hüquqi sənəd rolunu oynaması üçün konvensiya müdəalarının milli qanunvericiliyə implementasiyası həlledici əhəmiyyətə malikdir.  Buarada əsas məsələlərdən birini Konvensiyanın maddi-hüquqi implementasiyası təşkil edir. Əgər hazırlıq mərhələsində bir sıra dövlətlər 24 cinayət əməlinin kriminallaşdırılmasını təklif edirdisə, yekun variantda 11 cinayətin hər bir iştirakçı dövlət tərəfindən öz daxili qanunvericiliyində təsbit edilməsi nəzərdə tutuldu”.

Onun sözlərinə görə, informasiya-kommunikasiya texnologiyaları sahəsində sürətlə çox sayda dəyişikliklər baş verir, kiberhücum vektorları çoxalır,  kibercinayətlərin törədilmə üsul və vasitələri sürətli diversifikasiyayaya uğrayır, kriptovalyutalar və digər rəqəmsal aktivlər geniş vüsət alır və müxtəlif cinayətkar məqsədlərlə istifadə edilir: “Ancaq müqavilə-hüquq qaydasında belə dəyişiklilərin Konvensiyada əks olunması mürəkkəb məsələdir. Konvensiyanın 66-cı madəsinə əsasən, düzəlişlər yalnız bu hüquqi sənədin qüvvəyə minməsindən beş il sonra iştirakçı dövlət tərəfindən irəli sürülə bilər. Həmçinin dəyişikliklər barədə protokolun qəbul edilməsi 60 az olmayan sayda İştirakçı Dövlətin razılığını tələb edir. Beynəlxalq müqavilələrin müddəaların daxili qanunvericilyə implementasiyası, milli hüquq təcrübəsinin də model olaraq istifadəsini istisna etmir və bu mənada kibercinayətkarlıqla mübarizəni tənzimləyən Azərbaycan qanunvericiliyi digər ölkələr üçün səmərəli hüquqi model rolunu oynaya bilər”.

Nuranə Daxilqızı