Azərbaycan Mədəniyyət Mərkəzlərinin hesabat iclası keçirilir - Fotolar - Yenilənib

azerbaycan-medeniyyet-merkezlerinin-hesabat-iclasi-kecirilir
Oxunma sayı: 1092

Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində bu gün Azərbaycan Mədəniyyət Mərkəzlərinin hesabat iclası keçirilir.

“Qafqazinfo” xəbər verir ki, iclasda Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, nazir müavinləri, eləcə də xaricdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzlərinin nümayəndələri iştirak edirlər.

Toplantıda mədəniyyət mərkəzlərinin yarım ildə həyata keçirdiyi layihələr, Azərbaycan mədəniyyətinin xaricdə təbliği istiqamətində görülən işlər və qarşıdakı dövr üçün fəaliyyət planları müzakirə olunur.

İştirakçılar mədəniyyət diplomatiyasının genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və yeni təşəbbüslərin koordinasiyası ilə bağlı fikir mübadiləsi aparırlar.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzlərinin bu formatda koordinasiyası və fəaliyyətlərinin mərkəzləşdirilməsi ilk dəfə olaraq gerçəkləşdirilir.

Xatırladaq ki, Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, həmçinin Azərbaycanın Türkiyədəki Mədəniyyət Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

***

Antalyada keçirilən Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində “Azərbaycanın tanıdılmasında diasporun rolu” mövzusunda panel iclası keçirilib.

Panelin moderatoru Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İctimai İdarəetmə fakültəsinin dekanı, fəlsəfə doktoru Nigar Axundova olub.

Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Xalq Artisti Cahangir Novruzov çıxış ediblər.

Çıxışçılar Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması, diasporun mədəni əlaqələrin möhkəmləndirilməsindəki rolu və bu istiqamətdə həyata keçirilən təşəbbüslər barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, həmçinin Azərbaycanın Türkiyədəki Mədəniyyət Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Lamiyə Məmmədova