“Bu, müharibə aparanlarla paylaşa biləcəyimiz daha bir təcrübədir”

bu-muharibe-aparanlarla-paylasa-bileceyimiz-daha-bir-tecrubedir
Oxunma sayı: 541

“Biz Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırdıq. Hətta Ermənistanla ticarəti bərpa etmişik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, onlar üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başladıq və bununla da göstərdik ki, biz uzunmüddətli deyil, əbədi sülhə sadiqik: “Bu bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ müharibəsi və daha sonra antiterror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüz hər bir iş beynəlxalq hüquqa uyğun idi, biz gücdən istifadə edərək sülhə nail olduq və bu gün bunu nümayiş etdiririk.

Bəzən bunu etmək zəruridir, xüsusilə də əmin olduğunuz halda ki, haqlısınız. O zaman sizi əngəlləməyə çalışanları, maraqlarınıza xələl gətirmək istəyənləri nəzərə almamalısınız. Həmçinin hesab edirəm ki, bu, müharibə aparanlarla paylaşa biləcəyimiz daha bir təcrübədir”.

“Biz Ermənistanla sülhə nail olduq, biz deyərkən Azərbaycanı nəzərdə tuturam, israr etdik ki, bunu vasitəçilərsiz təmin edək. Özlərini Minsk qrupu adlandıran vasitəçilərin 28 illik fəaliyyəti bir fəlakət idi. Həmsədrlərin məqsədi münaqişəni dondurmaq, onu əbədiləşdirmək və hər iki ölkəyə qarşı təzyiq aləti kimi istifadə etmək idi. Biz qərara gəldik ki, bu dırnaqarası vasitəçilikdən qurtulmalıyıq və ikitərəfli formatda – heç bir üçüncü tərəf olmadan fəaliyyətə başlayan kimi sülhə nail olduq. Beləliklə, bu bir təcrübədir və bu, sadəcə nəzəriyyə deyil, bu bizim yaşadığımız, indi isə şahid olduğumuz bir reallıqdır. Hesab edirəm ki, mövcud münaqişələrin həlli istiqamətində çalışarkən bu məsələ mütləq nəzərə alınacaq”, - İlham Əliyev vurğulayıb.