“Azərbaycan Nəşriyyatı” bu tarixdən müvəqqəti bağlanır - Yenilənib

azerbaycan-nesriyyati-bu-tarixden-muveqqeti-baglanir
Oxunma sayı: 2023

“Azərbaycan Nəşriyyatı” MMC təmirə bağlanır.

“Qafqazinfo” xəbər verir ki, MMC-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu binanın 9 mərtəbəli korpusunda keçirdiyi vizual texniki baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkar edib.

Əlavə olunub ki, binadakı liftlərin texniki vəziyyəti də qənaətbəxş deyil.

Həmçinin bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir: “Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib”.

Qeyd olunub ki, artıq binada köçürülmə prosesi başlayıb.

***

“Azərbaycan Nəşriyyatı” MMC-dən APA-ya bildirilib ki, nəşriyyatın doqquzmərtəbəli əsas korpusu müvəqqəti olaraq təmirə bağlanır: “Təmir işləri başa çatdıqdan sonra bina yenidən nəşriyyatın istifadəsinə veriləcək. Məsələ yalnız texniki təmirlə bağlıdır, “Azərbaycan Nəşriyyatı”nın fəaliyyətinin dayandırılması nəzərdə tutulmur”.

Qeyd edilib ki, “Azərbaycan Nəşriyyatı”nın fəaliyyətini harada davam etdirəcəyi ilə bağlı artıq qərar qəbul olunub. Belə ki, nəşriyyat inzibati binaya yaxın ərazidə yerləşən, sahəsi daha kiçik olan başqa bir binaya köçürülüb: “Bu bina da bizim mülkiyyətimizdir. Təmir müddətində nəşriyyat fəaliyyətini orada davam etdirəcək. Təmirin nə qədər davam edəcəyi ilə bağlı isə hələlik dəqiq bir söz demək mümkün deyil”.

Həmçinin əlavə olunub ki, Azərbaycan Nəşriyyatının binasında yerləşən digər nəşriyyatlara əvvəlcədən məlumat verilib: “Həmin nəşriyyatların harada yerləşdirilməsi isə artıq nəşriyyat rəhbərliyinin səlahiyyətinə aid deyil”.