Bakı fəhlələrinə...

baki-fehlelerine
Oxunma sayı: 2000


“Qafqazinfo” Sabirin anadan olmasının 153-cü ildönümü münasibətilə şairin “Bakı fələlərinə” adlı şeirini “Kitab Evi”nin oxucularına təqdim edir:



Bu çərxi-fələk tərsinə dövran edir imdi, 

Fələ də özün daxili-insan edir imdi.


Olmaz bu ki, hər əmrə dəxalət edə fələ, 

Dövlətli olan yerdə cəsarət edə fələ, 

Asudə nəfəs çəkməyə halət edə fələ, 

Yainki hüquq üstə ədavət edə fələ; 

Bu çərxi-fələk tərsinə dövran edir imdi, 

Fələ də özün daxili-insan edir imdi.


Fələ! Mənə bir söylə, nədən hörmətin olsun? 

Axır nə səbəb söz deməyə qüdrətin olsun? 

Əl çək, bala, dövlətlilərə xidmətin olsun, 

Az-çox sənə verdiklərinə minnətin olsun! 

Bu çərxi-fələk tərsinə dövran edir imdi, 

Fələ də özün daxili-insan edir imdi.


Dövlətli, amandır, özünü salma bəlayə, 

Fələ sözü həqq olsa da, baxma о sədayə, 

Yol vermə nəfəs çəkməyə hərgiz füqərayə, 

Öz şənini puç eyləmə hər bisərü payə! 

Bu çərxi-fələk tərsinə dövran edir imdi, 

Fələ də özün daxili-insan edir imdi.


Aldanma, fəqirin olamaz əqli, zəkası, 

Çün yoxdur onun sən kimi pakizə libası, 

Yox sərvəti, yox dövləti, yox şalı, əbası, 

Var köhnə çuxası, dəxi bir təkcə qəbası; 

Bu çərxi-fələk tərsinə dövran edir imdi, 

Fələ də özün daxili-insan edir imdi.


İstərsən əgər olmağa asudə cahanda, 

Та olmayasan qəmlərə aludə cahanda --

Fələ üzünə baxma bu bihudə cahanda,

Öz fikrini çək, ol dəxi fərsudə cahanda; 

Bu çərxi-fələk tərsinə dövran edir imdi, 

Fələ də özün daxili-insan edir imdi.


Gör millətinin dərdini, axtarma dəvasın, 

Əl çəkmə yetimin başına, kəsmə sədasın,

Zinhar qoyub dəhrdə bir xeyr binasın 

Yad eyləmə, şad eyləmə millət füqərasın.... 

Bu çərxi-fələk tərsinə dövran edir imdi, 

Fələ də özün daxili-insan edir imdi.