Bakıda 4 azyaşlı uşaq küçəyə atılıb. Uşaqların anası tərəfindən tərk edildiyi iddia edilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, uşaqlar 3 gün öncə 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aşkarlanıb: “Tibbi müayinə məqsədi ilə uşaqlar Qarayev adına xəstəxanaya aparılıb. Daha sonra Sosial Xidmətlər Agentliyi tərəfindən sığınacağa yerləşdirilib. Onların üçü təxminən 14, 5, 4 yaşlarındadır, ən kiçiyi isə 5-6 aylıq olar. Böyük qız bildirir ki, anası sevgilisi ilə onları parkda qoyub və gedirəm kirayə ev tapmağa deyib. O gedən gedib...”
K.Ağazənin sözlərinə görə, böyük qız əvvəllər Mingəçevirdə yaşadıqlarını, anasının adının Günay, atasının adının Asim, nənəsinin adının Nəcibə, özünün isə adının Günəş olduğunu bildirib:
“Uşaqların heç bir sənədinin olmadığı, daha əvvəl Xırdalanda yaşadıqları ehtimal olunur”.
***
K. Ağazadə yenidən paylaşım edərək azyaşlıların anasının tapıldığını, kimliklərinin müəyyənləşdiyini bildirib.
***
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, dörd uşağın küçəyə atılması ilə bağlı yayılan məlumat dərhal aidiyyəti dövlət qurumları tərəfindən nəzarətə götürülərək araşdırılıb, qadının kimliyi müəyyən olunub.
Öncə uşaqlar müayinə və müalicə üçün xəstəxanaya yerləşdiriliblər. Qadın isə ərazi üzrə polis əməkdaşları tərəfindən saxlanılıb. Onun övladlarından imtina etməsinin səbəbləri araşdırılır.
Son xəbərlər
Son Xəbərlər