Bakıda külli miqdarda pulu ələ keçirilən şəxs məmur imiş

bakida-kulli-miqdarda-pulu-ele-kecirilen-sexs-memur-imis
Oxunma sayı: 4857

Bakıda qadın tərəfindən dələduzluğa məruz qalan və 434 min manatı ələ keçirilən şəxsin vəzifəli şəxs olduğu üzə çıxıb. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, zərərçəkmiş şəxs kimi tanınan 52 yaşlı Aydın Məmmədovun (şərti) hazırda dövlət qurumlarından birində vəzifədə çalışır.

O, saytımıza açıqlamasında məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının məşğul olduğunu deyib: “Bu hadisə barədə geniş danışmaq istəmirəm. Dövlət idarələrinə müraciət etmişəm, onlar məşğul olur. Düşünürəm qanuna uyğun tədbirlər görüləcək”.

Araşdırmalar zamanı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan olunan Sevinc Bədəlovanın sevgilisi olan vəzifəli şəxsin böyük məbləğdə pulunu ələ keçirdiyi məlum olub.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Sevinc Bədəlova A.Məmmədovla bir neçə il əvvəl tanış olub və onların arasında sevgi münasibətləri yaranıb. Həmin vaxt S.Bədəlova gözəllik salonunda çalışıb. Bir müddət sonra S. Bədəlova A.Məmmədovdan hissə-hissə ümumilikdə 434 min manat alaraq ələ keçirib. O, iş qurmaq, Latviyanın paytaxtı Riqada yaşayan qardaşının əmlaklarını sənədləşdirmək və sair adlarla 2016-2019-cu illər ərzində vəzifəli şəxsdən yarım milyon manata yaxın pul alıb. Lakin sonradan A.Məmmədov aldadıldığını başa düşüb və sevgilisinin əməlləri barədə hüquq-mühafizə orqanlarına müraciət edib. 

Cinayət işinin materialları bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. İşə hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq.

Nizam Rza