Bakını narahat edən məsələ - Səfir Moskvaya səsləndi

bakini-narahat-eden-mesele
Oxunma sayı: 1055

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bəzi Rusiya KİV-lərində və sosial şəbəkələrində ölkəmizə qarşı formalaşdırılan neqativ informasiya fonunun iki tərəfli münasibətlərə xələl gətirdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, diplomat “Lenta.ru” nəşrinə müsahibəsində Bakı ilə Moskva arasındakı strateji tərəfdaşlığa toxunaraq mövcud problemləri açıq şəkildə dilə gətirib:

“Təbii ki, müsbət məqamlarla yanaşı, neqativ hallar da meydana çıxır, ziddiyyətlər yaranır. Mən bəzi rusiyalı ekspertlər, blogerlər və jurnalistlər tərəfindən Azərbaycana qarşı yaradılan neqativ informasiya fonunu xüsusi vurğulamalıyam.

Bakı iki ölkə arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə zərər vuran bu cür bəyanatlarla bağlı Rusiya tərəfinin diqqətini məsələyə cəlb edib. Moskvanı bu vəziyyətin düzəldilməsi üçün “prinsipial reaksiya” verməyə və konkret addımlar atmağa çağırıram”.

Bununla belə, diplomat Azərbaycan və Rusiya arasındakı fikir ayrılıqlarının ali və yüksək səviyyəli konstruktiv dialoq çərçivəsində həll olunduğunu, iki ölkə münasibətlərinin dinamik və çoxşaxəli proses kimi inkişaf etdiyini vurğulayıb.