Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Ceyhun Bayramovla Maka Botçorişvili arasında telefon danışığı baş tutub.
XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, nazirlər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər.
Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin münasibətlərimizin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Növbəti ildə də yüksəksəviyyəli siyasi təmasların daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Tərəflər bölgədə ticarət və kommunikasiya məsələləri barədə müzakirə apararaq, bölgədə bu istiqamətdə səyləri alqışlayıblar.
Azərbaycan neft məhsullarının Gürcüstan üzərindən Ermənistana ixracı ilə bağlı tarif məsələsində əldə olunmuş razılığı məmnuniyyətlə qeyd edən nazirlər, bu istiqamətdə işlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. C.Bayramov Gürcüstan rəhbərliyinin operativ qaydada məsələni həll etdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirib.
Bununla yanaşı, digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazirlər qarşıdan gələn Yeni il bayramı münasibətilə səmimi təbriklərini çatdırıb, iki ölkə arasında münasibətlərin yeni ildə daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Son xəbərlər
Son Xəbərlər