“Texnologiyanın inkişafını təsadüflərin öhdəsinə buraxmaq olmaz”

texnologiyanin-inkisafini-tesaduflerin-ohdesine-buraxmaq-olmaz
Oxunma sayı: 266

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində çıxış edən BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Şaiha Nasir Məhəmməd Əli Əl-Nüveys süni intellektin ölkələrin və mədəniyyətlərin təqdimatına təsirindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, Baş katib süni intellektin ölkələr haqqında hansı məlumatları təqdim etməsi, hansı hekayələri ön plana çıxarması və hansı insanları kənarda qoyması məsələsində cəmiyyətin söz sahibi olmasının vacibliyini vurğulayıb.

“Neçə nəfər düşünür ki, süni intellektin öz ölkənizi necə təqdim etməsi, hansı hekayələri danışması və hansı insanları kənarda qoyması məsələsində kifayət qədər söz sahibi deyilsiniz?” - deyə o, tədbir iştirakçılarına müraciət edib.

Şaiha Əl-Nüveys bildirib ki, texnologiyanın mədəniyyətləri bir-birinə yaxınlaşdırmasını istəyiriksə, onun inkişafını təsadüflərin öhdəsinə buraxmaq olmaz: “Əgər texnologiyanın mədəniyyətləri bir-birinə yaxınlaşdırmasını istəyiriksə, bu prosesi təsadüflərin öhdəsinə buraxa bilmərik. Onun formalaşmasında fəal iştirak etməliyik. BMT-nin Ümumdünya Turizm Təşkilatında süni intellektlə bağlı fəaliyyətimizin əsasını da məhz bu yanaşma təşkil edir. Biz yalnız turizmin süni intellekti necə tətbiq edə biləcəyini deyil, həm də bu texnologiyanın kimə xidmət etməli olduğunu düşünürük. 2025-ci ildə üzv dövlətlərimiz Ər-Riyad Bəyannaməsini qəbul etdilər. Bəyannamədə texnologiyanın insanlara xidmət etməsinin vacibliyi vurğulanır, bacarıqlara, infrastruktura və məsuliyyətli idarəetməyə investisiya qoyulmasının əhəmiyyəti qeyd olunur. İndi isə əsas sınaq bu prinsipləri real irəliləyişə çevirməkdir”.

O əlavə edib ki, bu istiqamətdə hökumətlərlə əməkdaşlıq çərçivəsində strateji yol xəritəsi hazırlanır və Azərbaycan da prosesdə iştirak edir.