Yəmənin “Ənsar Allah” hərəkatının husi qiyamçıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Müdafiə Nazirliyinin binasına raket zərbəsi endiriblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS agentliyi qiyamçıların hərbi nümayəndəsi Yəhya Sariyaya istinadən məlumat yayıb.
“Yəmən Silahlı Qüvvələri səudiyyəli düşmənlərimizin paytaxtı Ər-Riyaddakı Müdafiə Nazirliyini ballistik raketlə atəşə tutub”, – deyə bəyanatda bildirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Yəmən husiləri Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanına da ballistik raketlərlə zərbə endirdiklərini bəyan etmişdilər. Oktyabrın əvvəlində isə paytaxt aeroportuna hücum nəticəsində 309 nəfər yaralanmışdı.
Xatırladaq ki, regionda vəziyyət iyulun ortalarında Yəmənin hökumətyönlü qüvvələrinin Səna hava limanına husi nümayəndə heyətini daşıyan İran təyyarəsinin enişi zamanı zərbə endirməsindən sonra kəskinləşib. Husilər baş verənlərdə Səudiyyə Ərəbistanını günahlandıraraq ona müharibə elan ediblər. O vaxtdan bəri tərəflər müntəzəm olaraq qarşılıqlı zərbələr endirirlər.
Məlumat üçün bildirək ki, bundan əvvəl husilərin hücumu nəticəsində Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinin mənzil-qərargahının binası da zərər görmüşdü.
Son xəbərlər
Son Xəbərlər