“Qadınlar və kişilər eyni hüquqlara malikdirlər. Biz bu hüquqlardan qorxu və təzyiq olmadan istifadə edə bilməliyik”.
“Qafqazinfo” xəbər verir ki, bunu UNESCO-nun Baş direktorunun müavini Asa Reqner Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyası çərçivəsində “Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi” adlı müzakirədə deyib.
O, qadın və qızların hüquqları, təhsildə gender bərabərliyi və ictimai həyatda iştirak imkanlarından danışıb.
Reqner qeyd edib ki, qadın və kişilərin bərabər hüquqları olsa da, qadınların və qızların imkanları onların doğulduqları şəraitdən, gəlirlərindən, yaşlarından, əlillik vəziyyətindən, məcburi köçkünlük təcrübəsindən və cəmiyyətin onlardan gözləntilərindən asılıdır: “Müxtəlif ölkələrdə və cəmiyyətlərdə oxşar maneələr qadınların ictimai həyatda iştirakına və öz həyatlarına təsir edən qərarların qəbulunda söz sahibi olmasına əngəl yaradır. Bizim vəzifəmiz bu maneələri müəyyənləşdirmək və onların aradan qaldırılması üçün həll yolları hazırlamaqdır.
Bu gün üç əsas istiqamətə diqqət yetirmək istəyirəm: təhsil, ictimai müzakirələr və böhranlardan sonrakı bərpa prosesi.
Gender bərabərliyinə münasibət erkən yaşlarda formalaşır. Buna görə də ilk növbədə təhsilə diqqət yetirməliyik. 2026-cı il üzrə Qlobal Təhsilin Monitorinqi hesabatı bu sahədə real irəliləyişlərin olduğunu göstərir. Bir çox ölkələrdə qızlar və gənc qadınlar akademik göstəricilərinə görə oğlanları və gənc kişiləri üstələyirlər. Eyni zamanda, getdikcə daha çox ölkədə ibtidai və orta təhsilə qəbulda gender bərabərliyi təmin olunur”.
O bildirib ki, dünyada 173 milyon qız təhsildən kənarda qalır: “Onlar yoxsulluq, erkən nikahlar, erkən hamiləlik və gender əsaslı zorakılıq kimi problemlərlə üzləşirlər. Əfqanıstanda isə 2,4 milyon qız və gənc qadının təhsil almasına icazə verilmir.
UNESCO qadın və qızları savadlılığın artırılması və bacarıqların inkişaf etdirilməsi proqramları vasitəsilə dəstəkləmək üçün əlindən gələni edir.
Lakin təhsilə çıxış imkanlarının təmin edilməsi kifayət deyil. Qızların arzularını məhdudlaşdıran stereotiplərə qarşı çıxmalı, oğlanların qızlara və gender bərabərliyinə münasibətini formalaşdıran yanaşmaları da dəyişməliyik. Bu, UNESCO-nun təhsildə və təhsil vasitəsilə gender bərabərliyinin təmin olunmasına dair strategiyasının əsas məqsədlərindən biridir.
Düşünürəm ki, oğlanlara da xüsusi diqqət yetirməliyik. Gender bərabərliyi həm qızlara, həm də oğlanlara aiddir. Bir çox ölkələrdə oğlanlar da müəyyən çətinliklərlə üzləşirlər və bu problemləri də diqqətdən kənarda qoymamalıyıq.
Təhsil mədəniyyətlərarası dialoqun gücləndirilməsinə töhfə verə bilər. O, qızların ictimai həyatda fəal iştirak etməsinə imkan yaradır, eyni zamanda, onların bərabərhüquqlu fərdlər kimi qəbul edilməsinə kömək edir”.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər