***
Vaqif Qurbanov. Bu ad çoxlarına tanış deyil. Vaqif Qurbanov müstəqil Azərbaycanın ilk hərbi təyyarəçisidir. Amma onun adı heç bir dövlət sənədində qeyd olunmayıb. Bir qədər ətraflı...
Erməni iddiaları hərbi fazaya keçdikdən sonra müqavimət üçün vicdanı olan hər bir şəxs təbii ki, əlindəın gələni edirdi. Rusiyaya məxsus hərbi hava bazasında qulluq edən bir qrup azərbaycanlı da belə müqavimətin bir nümunəsini göstərdi. 1992-ci il aprelin 8-də. Onlar Sitalçayda dislokasiya olunmuş aviasiya alayından Su-25 təyyarəsini qaçırtdılar. Alayın texniki heyətində olan Fuad Məmmədov, Akif Quliyev, Gülbudaq Binyətov, Bəşır Əliyev, Elman Cəlilov, Tofiq Şalbuzov qaçış planının həmmüəllifləri və icraçıları idi. Bu planın əsas fiquru isə təbii ki, hərbi təyyarəçi Vaqif Qurbanov oldu.
Təyyarənin dərhal və qeyd-şərtsiz məhv edilməsi barədə göstəriş verildiyinə görə, ilk vaxtlar Su-25 Yevlaxda, sonra isə Şəkidə gizlədilir. Vaqif Qurbanov ilk döyüş uçuşuna mayın 8-də Şəkidən qalxır. Şuşa üzərinə. Baş qərargah rəisi Şahin Musayevin verdiyi koordinatlarda heç bir hədəfin olmadığı barədə idarəetmə mərkəzinə məlumat verir Vaqif Qurbanov. Lakin Şahin Musayev hədəflərin maskalandığını bildirir və göstərilən koordinatlara atəş açmağa təkid edir. Peşəkar hərbçi kimi Vaqif Qurbanov əmri yerinə yetirir. Amma geri qayıtdıqdan sonra ürək qızdırdığı dostlarına bir daha bildirir ki, Şuşa boşdur, orada heç bir hədəf yoxdur. (Şuşanın işğalını araşdıranlar üçün tutarlı faktdır.)
Bu, Vaqif Qurbanovun qısa döyüş yolu ilə bağlı çoxsaylı maraqlı faktlardan ancaq biridir. İndi keçək əsas məsələyə.
Son vaxtlar internet resurslarında Vaqif Qurbanovun Azərbaycanın Milli Qəhrəmanı olduğu bildirilir.
Xeyr, əzizlərim, nə Vaqif Qurbanov Azərbaycanın Milli Qəhrəmanı deyil, nə də onun silahdaşlarından heç biri təltifləndirilməyib. Bu gün Vaqif Qurbanovun adı nə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, nə də digər dövlət strukturunun sənədlərində belə yoxdur. Baxmayaraq ki, müdafiə naziri Səfər Əbiyev Vaqif Qurbanovu şəxsən tanıyırdı və onun bir çox uçuşlarının idarə olunmasına rəhbərlik edib.
Müstəqil Azərbaycanın ilk hərbi təyyarəçisi 1992-ci ilin 13 iyununda Əsgəran istiqamətində erməni zenitçiləri tərəfindən vurulub. Şahidlərin məlumatına görə, təyyarə vurulduqdan sonra Vaqif Qurbanov paraşütlə tullanıb və havadaca gülləyə tutulub. Xeyli cəhd göstərilsə də, onun haqqında əlavə heç bir məlumat əldə etmək mümkün olmayıb və bu gün də mümkün deyil.
Onu da əlavə edim ki, müstəqil jurnalist olaraq qarşı tərəfdə Vaqif Qurbanovla bağlı hansısa məlumata malik insan tapmaq istəyim hələ ki, nəticə verməyib. Hələ ki...
***
Azərbaycanın Hərbi Hava Qüvvələrinin postsovet məkanında xüsusi çəkiyə malik olması nə sirr, nə də şişirdilmiş təbliğat deyil. Səbəbləri müxtəlif olan bu üstünlüyün detallarını xırdalamağı məqsədəuyğun hesab etmirəm. Bunları qeyd edərək bildirmək istərdim ki, Hərbi Hava Qüvvələrimizə istinadən hərbi-vətənpərvərlik təbliğatını bir qədər səviyyəli şəkildə qurmaq lazımdır. Bu təbliğatın səviyyəsizliyi qənaətinə gəlməyimdə Az.TV-də efirə gedən “Azərbaycan Respublikasına Xidmət Edirəm” proqramının 11 dekabr buraxılışı oldu.
Heydər Əliyevin xatirəsinə və ordu quruculuğuna həsr edilən verilişdə 4 il əvvəl, Az.TV-də işlədiyim zaman hazırladığım, Azərbaycan Hərbi Hava Qüvvələrinin durumuna və Ermənistanın analoji qurumu ilə müqayisəsinə həsr olunan şərhimi eşidəndə təəssüflənsəm də, təəccüblənmədim. Təəssüfləndim ona görə ki, axı bu şərhi 4 il əvvəl hazırlamışdım və istinad etdiyim faktlar sadəcə olaraq köhnəlib. Təəccüblənmədim, ona görə ki, Az.TV-nin Hərbi-vətənpərvərlik redaksiyasının baş redaktoru Firuz Kazımoğlunun səviyyəsinə bələdəm. Bu adam bilmir ki, 4 il ərzində həm Azərbaycanın, həm də Ermənistanın Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qüvvələrinin arsenalı xeyli dəyişilib. Bir faktı deyim ki, indi həm Azərbaycan, həm də Ermənistan pilotsuz kəşfiyyat təyyarələrinnə, “S-300” Zenit Raket Komplekslərinə və daha nələrəsə malikdirlər. Heydər Əliyevə həsr olunmuş bir proqramda 4 il bundan əvvəlki müqayisəni təqdim etmək isə həm səviyyəsizlik, həm də məsuliyyətsizlikdir.
Amma məsələnin başqa bir mənfi cəhəti də var. Hamının bildiyi informasiyaları kənara qoyub, köhnə informasiyalar üzərində təbliğat qurmaq inamsızlıq və gülüş doğurur. Özü də təkcə Azərbaycan tamaşaçısında yox, eləcə də bunu izləyən ermənilərdə.
***
Gəlin, bu günə qədər də heç bir mükafata layiq görülməyən Vaqif Qurbanovun Milli Qəhrəman olduğunu deməklə, 4 il əvvəlki hərbi durumumuzu bu günkü kimi təqdim etməklə özünüzü gülünc hala salmayın. Axı bunu eşidənlər, həm də cəbhə xəttinin o tayında bunu eşidənlər tək sizə yox, bütünlükdə millətimizə gülürlər. Bizi erməniyə güldürməyin...