Kral Bukinqem sarayını tərk edir

kral-bukinqem-sarayini-terk-edir
Oxunma sayı: 557

Böyük Britaniya kralı III Çarlz Bukinqem sarayını tərk edir. Kral sarayda aparılan 10 illik bərpa işləri başa çatdıqdan sonra da oraya köçməyəcək. O, Londondakı Klarens Haus iqamətgahında yaşamağa davam edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu qərarla Bukinqem sarayının təxminən iki əsrdir Britaniya monarxlarının əsas yaşayış yeri kimi istifadə olunması ənənəsinə son qoyulur.

Saray bundan sonra da rəsmi qəbul və dövlət mərasimlərinin əsas məkanı olaraq qalacaq.

Kral sarayının xəzinədarı Ceyms Çalmers bildirib ki, Bukinqem sarayı monarxiyanın əsas qərargahı statusunu saxlayacaq, xarici dövlət başçılarının qəbulu və rəsmi tədbirlər burada keçiriləcək. Zərurət yarandıqda kralın istifadəsi üçün sarayda xüsusi otaqlar da ayrılacaq.

369 milyon funt-sterlinq dəyərində bərpa layihəsi çərçivəsində sarayın köhnəlmiş elektrik, su və istilik sistemləri tamamilə yenilənir. Təmir işlərinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.

Eyni zamanda, kral ailəsinin maliyyə hesabatı da açıqlanıb. Məlumata görə, III Çarlz 2024/2025-ci maliyyə ilində 12,9 milyon funt-sterlinq vergi ödəyib. O, taxta çıxdığı 2022-ci ildən bəri ümumilikdə 30 milyon funt-sterlinqdən çox vergi verib.

Kralın əsas şəxsi gəlir mənbəyi olan Lankaster Hersoqluğu 2025/2026-cı maliyyə ilində ona 25,2 milyon funt-sterlinq qazandırıb.

Bundan başqa, kral ailəsinin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan Suveren Qrantın 2026/2027-ci ildə 137,9 milyon funt-sterlinq olacağı açıqlanıb. Bununla yanaşı, III Çarlzın xahişi ilə bu məbləğin 2027/2028-ci ildən etibarən 100 milyon funt-sterlinqə endirilməsi planlaşdırılır.

Şahzadə Uilyamın ofisi isə onun 2024/2025-ci maliyyə ilində 7,76 milyon funt-sterlinq vergi ödədiyini açıqlayıb.