“Technovate - Sabah Mələk İnvestorlar Klubu”nun həmtəsisçisi və prezidenti, “Mələk İnvestorlar Məktəbi”nin təsisçisi Fərid İsmayılzadə müsahibə verib.
“Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- Fərid bəy, hazırda ölkəmizdə “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Mələk İnvestorlar Məktəbi” fəaliyyət göstərirlər. Klubun və Məktəbin yaradılmasında məqsəd nədir?
- Bu gün bildiyiniz bütün texnoloji şirkətlər (“Apple”, “Google”, “Tesla”, “Amazon” və s.) hamısı vaxtı ilə startap olublar. Bəli, indi onlar multimilyard, hətta trilyon dollarla dəyəri olan şirkətlərdir. Mələk investorlar bu startaplara hələ onlar qarajda istehsal olunanda, ideya mərhələsində olanda yatırım edənlərdir. Bu investorlar yatırdıqları məbləğlərdən yüz, bəlkə də min dəfə daha çox gəlir əldə ediblər. Dünyada başqa belə gəlir gətirəcək sərmayə növü yoxdur.
İlk öncə Klubu sonra isə Məktəbi yaratdıq ki, Azərbaycan mələk investorlarını yetişdirək, bu işin təcrübəsini öyrədək və beləliklə korporativ sosial məsuliyyət olaraq, Azərbaycanda startap ekosisteminin innovativ əsaslarla inkişafına, investisiya fəaliyyətinin və biznes mühitinin təkmilləşməsinə töhfə verək.
- Qeyd etdiniz ki, ilk öncə Klubu, sonra isə məktəbi təsis etdiniz. Klub və Məktəbin ölkəmizdəki fəaliyyəti, təsirləri haqqında məlumat verə bilərsinizmi?
- “Technovate-Sabah Mələk İnvestorlar Klubu” artıq 2 ildir ki, fəaliyyət göstərir. “Technovate” və “Sabah.Hub” tərəfindən təsis edilmişdir. 18 aprel tarixində Klubun artıq 2 yaşı tamam oldu. Klub məhz startaplara sərmayə yatırmağa maraqlı olan yerli investorları bir araya gətirir, onların şəbəkəsini formalaşdırmağı və eyni zamanda onların global startaplara investisiya yatırmasına dəstək olur. Hesab edirəm ki, burda bizim hədəf uzunmüddətlikdir. Bu gün Azərbaycanda startap ekosistemi zəif inkişaf edib, investisiyaya layiq startapların sayı tək-tükdür. Ona görə bizim hədəf qlobal startaplardır. Azərbaycan ekosistemi də dediyimiz nöqtəyə gəldikdə artıq bu işlə məşğul olan təcrübəli investorlar elə öz startaplarımıza yatırım etməyə maraqlı olacaq və beləliklə biz uzun zaman çərçivəsində ekosistemin inkişafına töhfə vermiş olacayıq.
2 il ərzində Klub bir çox nailiyyətlər əldə edib. 600-dək qlobal startap dünyanın müxtəlif yerlərindən müraciət edib, onlardan 60 faizi əsasən ABŞ və digər inkişaf etmiş Avropa ölkələrindəndir. 20-dən çox qlobal startaplar yerli investorlara təqdimatlar edərək bir neçəsi artıq yatırım əldə etmişdir.
“Mələk İnvestorlar Məktəbi” (Angel Investors School) isə 2023-cü ilin oktyabr ayında yaradılmışdır. “Mələk İnvestorlar Məktəbi” Azərbaycanda fəaliyyətə başlayan ilk belə məktəbdir. Bayaq da dediyim kimi, məqsəd mələk investorlar yetişdirməkdir. Bunu necə edirik? İlk öncə onlara startaplardan ibarət portfel yaratmaq, seçimləri düzgün aparmaq və maksimum uğurlu nəticələr əldə etmək istiqamətində nəzəri biliklər öyrədirik. Daha sonra isə “Technovate-Sabah Mələk İnvestorlar Klubu”na üzv olaraq öyrəndiklərinin praktiki tətbiqinə başlayırıq. Dərslərimiz qısa zamanda keçirilir, yəni 3 gün müddətində vaxta qənaət edərək startap investisiya sahəsində 0-dan hər şey tədris olunur. Məktəbdə dərslər xarici və yerli ekspertlər tərəfindən ingilis dilində keçirilir. Artıq Məktəbin 6-8 dekabr tarixlərində keçirilmiş ilk buraxılışında 109 mələk investor məzun olmuş, hazırda “Technovate - Sabah Mələk İnvestorlar Klubu”na üzvdürlər və onlardan bir neçəsi artıq qlobal startaplara yatırım etməyə başlamışdır.
Hazırda May dərsləri üçün qeydiyyatımız davam edir. Qeydiyyatdan keçmək istəyən şəxslər bu linkə daxil olaraq ətraflı məlumat əldə edə və müraciət edə bilərlər. Müraciət etmək istəyənlər və məhz hazırda bu xəbəri oxuyanlar üçün xüsusi bir təklifimiz var. Belə ki, siz Məktəbə qeydiyyatdan keçərkən “Qafqazinfo30” promokodunu istifadə edərək 30%-lik endirim əldə edə bilərsiniz. Maraq çoxdur və bu da sevindirici haldır ki, ölkəmizdə Klubu və Məktəbi yaradaq cəmiyyətimiz üçün töhfələr verə bilirik. Təsadüfi deyildir ki, qısa zamanda fəaliyyət göstərməsinə baxmayaraq Məktəb bir çox uğurlar əldə etmişdir. Məktəbə 14-ü qadın və 95-i kişi olmaqla ümumilikdə 109 nəfər qeydiyyatdan keçib və intensiv təlimlərə cəlb olunub. 109 nəfərin qeydiyyatı 2 aydan az bir müddətə gerçəkləşib və bu da məktəbə olan yüksək marağı göstərir.
Onu da qeyd edim ki, Klub və məktəb tamamilə qeyri-kommersiya təyinatlı layihə olub, ölkəmizdə innovasiya ekosisteminin fəaliyyətinə töhfə vermək üçün təsis olunub.
Bununla kifayətlənmirik, yeni layihələrə də imza atmağa davam edirik. Məsələn, bu il biz “Technovate Investments” şirkəti olaraq dünyanın hər yerindən startapları bir araya gətirən ən prestijli qlobal startap yarışması olan “Startaplar üzrə Dünya Çempionatı”nı Azərbaycana gətiririk.
- Startaplar üzrə Dünya Çempionatını qeyd etdiniz. Çempionat haqqında qısa məlumat verə bilərsinizmi?
Bəli, qeyd etdiyim kimi bu dünyanın hər yerindən startapları bir araya gətirən ən prestijli qlobal startap yarışmasıdır. Biz bununla bağlı “Technovate Investments” şirkəti olaraq “Startaplar üzrə Dünya Çempionatının (“Startup World Cup” (SWC) Azərbaycanda keçirilməsinə dair SWC və “Pegasus Tech Ventures” ilə anlaşma memorandumu imzaladıq. Memoranduma əsasən SWC-nin 2024-cü il üzrə qlobal startap yarışmasının regional mərhələlərindən biri 20 sentyabr tarixində ADA Universitetində keçiriləcək.
Regional mərhələdə uğurlu olan startaplar ABŞ-nin San-Fransisko şəhərində keçiriləcək müsabiqənin final mərhələsində yekun mükafat olan 1 milyon ABŞ dollarını qazanmaq üçün yarışacaqlar. Final mərhələsində iştirak edəcək startaplar bir sıra nəhəng şirkətlərin qurucuları və eləcə də qlobal ekosistem oyunçuları ilə tanış olmaq, beynəlxalq arenada öz biznes ideyaları ilə çıxış edərək nüfuz qazanmaq və xarici investorları cəlb etmək kimi imkanlar əldə edəcəklər.
Müsabiqədə iştirak etmək istəyən startaplar bu linkə keçid edərək qeydiyyatdan keçə bilərlər. Qeyd edim ki, müsabiqədə iştirak tamamilə ödənişsizdir və müsabiqənin final mərhələsinə vəsiqə qazanmış startapların ABŞ-yə səyahət və digər bütün xərcləri məhz bizim tərəfimizdən - “Technovate” şirkəti tərəfindən tamamilə qarşılanacaqdır. Sözügedən müsabiqənin keçirilməsinə dəstək olmaq istəyən, yaxud partnyor qismində çıxış etməkdə maraqlı olan şəxslər bizimlə əlaqə saxlaya bilər. Qeyd edim ki, korporativ sosial məsuliyyət fəaliyyəti ilə məşğul olan və əsasən də ölkədəki startap ekosiseminin inkişafına töhfə vermək istəyənlər üçün bu unikal bir fürsətdir.
- Fərid bəy, Klubun üzvlüyündən danışdınız ki, üzv olmaq imkanı yaradırsınız. Bəs Kluba üzvlük nə kimi imkanlar vəd edir?
- Ümumilikdə düşünürəm ki, vəd etdiyimiz imkanlar ölkəmizdə startap ekosisteminin inkişafı üçün çox faydalıdır. Təsadüfi deyildir ki, “Technovate-Sabah Mələk İnvestorlar Klubu”nun hazırda 129 üzvü var və onlardan 109-u “Mələk İnvestorlar Məktəbi”nin məzunlarıdır.
Kluba üzv olanlar müxtəlif startaplarla tanış olur, onları analiz edir və uğurlu olanlara sərmayə edirlər. Bu da mələk investor olaraq gələcəkdə hazırkı sərmayələrini 10, 100 hətta 1000 dəfə artırmaq şansı qazandırır. Bu prosesdə maksimum dəstəyimizi göstərmək məqsədilə Klubun yanında Komitə yaratdıq. Komitə bir neçə istiqamət üzrə fəaliyyət göstərir. Startapların təqdimatlarını dinləyir, müxtəlif meyarlar üzrə onları qiymətləndirib yekun qərarı verir. Sonda uğurlu startaplar yerli investorlar qarşısında təqdimat edirlər. Bu yaxınlarda da bir neçə görüşlər təşkil edilmişdir və bir neçə qlobal startaplar onların qarşısında təqdimatlar etmişdir.
Həmçinin yaxın günlərdə biz Klubun strukturunu daha da genişləndirərək Klub yanında Məşvərətçi Şura yaratmağı planlaşdırmışıq. Nəzərdə tutulmuş Şura mühüm məsələlər üzrə yekun qərar vermək səlahiyyətinə malik olacaq.
Mələk İnvestorlar Məktəbində əsas məqsədiniz ənənəvi daşınmaz əmlak, qızıl, bank əmanəti, qiymətli kağızlardan başqa sərmayə alətlərinin demək olar olmadığı Azərbaycanda yeni alternativ yaratmaq, yoxsa yaxın gələcəkdə Azərbaycanın yeni milyonerlərinin, milyaderlərinin ortaya çıxmasına təkan verməkdir.
Necə deyərlər: Kor nə istəyər - iki göz. Biri əyri, biri düz. Biz də əlbəttə ki, bu sahədən milyonerlərin, milyarderlərin çıxmasını istəyirik. Düzü, milyonerlər var və olub. Onlar sadəcə bu barədə mətbuatda məlumat verməyiblər. İndi milyarderlərin çıxmasının vaxtıdır. Onu artıq gizlətmək mümkün olmayacaq.
Bu arada təsis etdiyim "Technovate İnvestment" şirkətinin məqsədi ən az bir Azərbaycan, bir də Gürcüstan “unicorn”u (dəyəri 1 milyard dollar keçən şirkət) yaratmaqdır. Nəticə əldə edəcəyimizə əminəm.
- Bildirdiniz ki, mələk investorlar indi yatırım edərsə, gələcəkdə 10, 100 və hətta 1000 dəfə artmış gəlir əldə edə bilərlər. Əksər insan da milyoner olmaq arzusundadır. Mələk investor olaraq bu arzunun reallaşmasına cəhd etmək üçün külli miqdarda pulun olmalıdır? Yoxsa az bir məbləğ və maraq kifayətdir?
- Mələk investisiya nədir? İlk öncə onu izah edim. Mələk investisiya toxum mərhələsində startapa yatırılmış sərmayədir və ən böyük gəlir gətirə biləcək yatırımdır. Bayaq da qeyd etdiyim kimi bu gün bildiyiniz bütün texnoloji şirkətlər (“Apple”, “Google”, “Tesla”, “Amazon” və s.) hamısı vaxtilə startap olublar. Onlara da ilkin mərhələdə yatırım edən mələk investorlar olub.
Mələk investisiya sahəsinə addım atarkən ilkin olaraq il ərzində 5000 AZN ($3000) yatırım etmək kifayətdir. Bundan sonrakı mərhələ isə düzgün strategiyanı öyrənmək lazımdır ki, bunu da Azərbaycanda biz “Mələk İnvestorlar Məktəbi” tədris edir və istiqamət veririk. Bir startapa yatırım edib oturub gözləməklə milyoner olmaq çətin məsələdir. Adətən startaplar 7-8 ilə sərmayəçisinə pul qazandıra bilir. Və hər startap da uğurlu olmur. Bu da ancaq startap “exit” edəndə mümkündür. Yəni ya o startap ya başqa nəhəng şirkət tərəfindən alınmalı və ya səhmlərini birjalarda kütləvi satışa çıxartmalıdırlar. Burada da adətən 10 dəfə çox gəlir varsa bu mükəmməl sayılır. Adətən orta rəqəm 3 dəfədir. Çalışmaq lazımdır ki, 5 il ərzində portfelində ən azı 15 şirkət olsun. İndi riyaziyyatını özünüz edin. Milyon qazanmaq üçün nə qədər yatırım etmək lazımdır. Bəli 10 yox, 100 və hətta 1000 dəfə daha artıq gəlir əldə etmək olur. Bunun üçün isə bu işi yaxşı bilmək vacibdir. Hesab edirəm ki, təsis etdiyimiz “Mələk İnvestorlar Məktəbi” bu işi yaxşı mənimsəmək və gələcəkdə həm nəzəri, həm də praktiki biliklərə sahib olan potensiallı bir mələk investor olmaq üçün ən effektiv vasitədir.
- Mələk sərmayəsi yüksək risk ehtiva edir. Çünki mələk sərmayə erkən mərhələdə investisiyadır. İnvestisiyaların gəlirliliyinə zəmanət verilmir və investorlar investisiyalarını itirə bilərlər. Bu məsələyə də toxunmağnız lazımdır.
- Bu sualı gözləyirdim. İndiyə qədər dediklərim hamısı gözəl bir mənzərə yaradır. Oxucular elə bilərlər ki, elə sabah 3-5 min dollar yatırım edirlər və 5-10 il sonra bu məbləğ onlara 100 dəfə daha artıq şəkildə qayıdır. Bu belə deyil! Mələk investisiyası ən çox riskə sahib olan investisiya növüdür. Dünyada yalnız 4-5 faiz startaplar uğurlu olur. Elə ona görə də portfel yaratmaq lazımdır. Bu, başqa investisiyalardakı kimidir. Gərək bir az səhmin olsun, əmlakın olsun, nağd pulun olsun və s. Bütün pulu bir startapa yönləndirmək olmaz. Məsələn, mən son 4 ildə daha böyük məbləğlərlə 5 startapa yatırım etmişəm. Məktəbdə bütün bunlardan bəhs edəcəyik. Ona görə də risk etmək istəyən oxuyucularımızı bu işdə bizə qoşulmağa tövsiyə edirəm.
- Son olaraq, bütün bu yenilikləri ölkəmizdə həyata keçirərkən, sizə hər hansı bir dəstək olubmu?
- Bəli. Çox şadam ki, Azərbaycanda ilk dəfə fəaliyyətə başlamış “Mələk İnvestorlar Klubu”nun inkişafına və böyüməsinə istər dövlət, istərsə də özəl qurum və təşkilatların dəstəyi olub. “Technovate–Sabah Mələk İnvestorlar Klubu” fəaliyyətə başladığı gündən başlayaraq hər zaman İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən dəstək görmüşdür.
Klub yerli startap ekosisteminin inkişafı istiqamətində İRİA-dan başqa bir sıra yerli böyük şirkətlərlə də tərəfdaşlıq etmiş və ölkədə bu sahənin inkişafına öz töhfələrini vermişdir. Son olaraq, mən korporativ sosial məsuliyyət layihələri ilə məşğul olan şirkət və təşkilatları bizimlə əməkdaşlıq etməyə yaxud sponsorluq etməyə çağırır və birlikdə sözügedən sahənin inkişafında töhfələr verməyə dəvət edirəm. Maraqlı olacaq şəxslər bizimlə əlaqə saxlaya bilərlər.