“Bizi illərdir yaşadığımız evdən çıxmağa məcbur edirlər” - Rəsmi açıqlama

bizi-illerdir-yasadigimiz-evden-cixmaga-mecbur-edirler
Oxunma sayı: 2431

“Kursus-Nizami” MTK bizi illərdir yaşadığımız evdən çıxmağa məcbur edir. Bütün sakinlər narazıdır”. 

Bu şikayətlə “Qafqazinfo”ya Nizami rayonu, Kamil Balakişiyev ünvanında yaşayan vətəndaş Timur Əmirxanov müraciət edib. 

Şikayətçinin sözlərinə görə, adıçəkilən şirkət həmin ərazidə yaşayan sakinləri öz şərtləri ilə razılaşmağa məcbur edir: “Onların verdiyi kompensasiya ilə razılaşmırıq. Razılaşma olmadan da, bizə xəbərdarlıq edirlər ki, evlərdən çıxın. Bizə imkan vermirlər, normal müqavilə imzalayaq”.

Vətəndaş iddia edir ki, şirkət binanın qəzalı vəziyyətə olmasını bəhanə edib: “Bu binaların sökülmək üçün icazəsi də yoxdur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun rəyində binanın qəzalı olduğuna dair hər hansı bir bənd yoxdur”. 

Timur Əmirxanov, həmçinin qeyd edib ki, Nizami rayonu, Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək vəziyyətdədir.

Sakinlərin iddiaları ilə bağlı “Kursus-Nizami” MTK ilə əlaqə saxladıq. Şirkətin rəhbəri Elnur Hüseynov saytımıza açıqlamasında sakinlərin narazlığını belə şərh edib: “İlkin etapda 4 binanın köçürülməsi nəzərdə tutulub. Burada narazılıq odur ki, bəzi mənzillər fantastik rəqəmlər tələb edirlər. 50 kvadratına 600, 700 min manat və yaxud 60 kvadratlıq evə 3 dənə 3 otaqlı ev istəyirlər. Bu cür rəqəmlər isə qeyri-mümkündür. Sakinlərin narazılığı budur. Bir çox sakin köçüb, hər biri ilə notarial qaydada müqavilə bağlanılıb. Köçənlərin 99%-i razıdır. Normal razılaşmalarımız olub. Daşınma, kirayə, notarial ödənişlərin hamısı da şirkət tərəfindən qarşılanıb”. 

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, qərarla adıçəkilən mənzillər müasir yaşayış tələblərinə cavab vermədiyi üçün “Kursus-Nizami” MTK-ya tapşırılıb: “Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 6.02 ha torpaq sahəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 29.11.2021-ci il tarixli, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 06.12.2021-ci il tarixli, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi“Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun 08.12.2021-ci il tarixli razılıq məktubları və Bakı Şəhər İcra Hakimiyyəti başçısının 338 saylı 23.12.2021-ci il tarixli Sərəncamına əsasında yaşayış kompleksinin tikintisi məqsədilə həmin ərazidə yerləşən, texniki vəziyyəti Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun 02.12.2021-ci il tarixli rəyinə əsasən, məhdud işlək vəziyyətdə qiymətləndirilib və istismar müddətini bitirib, müasir yaşayış tələblərinə cavab verməyən yaşayış binalarının sökülməsi, sakinlərin köçürülməsi və onların yeni mənzillərlə təmin edilənədək kirayə haqlarının ödənilməsi şərti ilə icarə əsasında “Kursus-Nizami” Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilib.

Hazırda K.Balakişiyev küçəsi 39, 41, 43, 47/13 saylı binalarda yerləşən 129 mənzilin sahibləri ilə müvafiq danışıqlar aparılaraq onlardan 106 mənzil sahibi ilə qarşılıqlı razılaşma əldə olunub, 23 mənzil sahibinin isə əsassız tələbləri səbəbindən MTK ilə qarşılıqlı razılaşma əldə olunmayıb.

“Kursus-Nizami” Mənzil-Tikinti Kooperativi rəhbərliyi bildirib ki, vətəndaş Andreyevna Diana Aleksandrovnaya sahəsi 51.6 kv.metr olan mənzilinə qarşı həmin ərazidə inşa ediləcək yeni yaşayış binasında sahəsi 94 kv.metr olan 1 ədəd 3 otaqlı tam təmirli mənzil və müvəqqəti yaşayış üçün 700 manat aylıq kirayə haqqı verilməsi təklif olunmasına baxmayaraq, vətəndaş D.Andreyevna təklif olunandan əlavə olaraq yeni inşa ediləcək binadan sahəsi 80 kv.metr olan 1 ədəd 2 otaqlı təmirli mənzil, vətəndaş Olqa Ağadadaşovaya sahəsi 59 kv.metr olan mənzilinə qarşı həmin ərazidə inşa ediləcək yeni yaşayış binasında sahəsi 94 kv.metr olan 1 ədəd 3 otaqlı tam təmirli mənzil və müvəqqəti yaşayış üçün 600 manat aylıq kirayə haqqı verilməsi təklif olunmasına baxmayaraq, vətəndaş O.Ağadadaşova yeni inşa ediləcək binadan ayrı-ayrılıqda sahələri 80 kv.metr olan 2 ədəd 2 otaqlı tam təmirli mənzil, vətəndaş Rasirovna İrina Genadiyevna sahəsi 56 kv.metr olan mənzilinə qarşı həmin ərazidə inşa ediləcək yeni yaşayış binasında sahəsi 78 kv.metr olan 1 ədəd 2 otaqlı tam təmirli mənzil və müvəqqəti yaşayış üçün 600 manat aylıq kirayə haqqı verilməsi təklif olunmasına baxmayaraq, vətəndaş İ.Rasirovna 350 min manat pul vəsaiti tələb edərək MTK ilə hər hansı bir razılaşmadan imtina ediblər. Bu səbəbdən də MTK rəhbərliyi tərəfindən həmin mənzil sahibləri barədə məhkəməyə müraciət olunduğu bildirilib.

Həmçinin adıçəkilən MTK tərəfindən sözügedən binalarda söküntü işlərinin onlar tərəfindən aparılmadığı, binada sökülən qapı və pəncərələrin isə MTK ilə qarşılıqlı razılaşma əldə edərək köçən sakinlərin özləri tərəfindən söküldüyü bildirilib”.

Fidan Etibar 

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması” mövzusu üzrə dərc olunub.