“Növbəti dövrlərdə iqtisadi artım özəl sektora söykənəcək”

novbeti-dovrlerde-iqtisadi-artim-ozel-sektora-soykenecek
Oxunma sayı: 110

“Dövlət xərclərinin optimallaşdırılması şəraitində növbəti dövrlərdə iqtisadi artım özəl sektora və özəl investisiyalara söykənəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib.

“Bu kontekstdə dövlətin iqtisadiyyatdakı başlıca rolu birbaşa investor funksiyasından əlverişli şərait yaradan və riskləri bölüşən tərəfdaş funksiyasına keçir.

Bu keçidin ilkin nəticələri artıq müşahidə olunur. Cari ilin 10 ayında qeyri-neft-qaz sektorunda özəl investisiyalar 18 faizədək artıb. Bu meylin davamlı olması üçün iqtisadi artımın yeni mənbələrinin işə salınması tələb olunur. Bu baxımdan daxili tələbin struktur transformasiyasının önəmi qeyd edilməlidir.

Dövlət hər il əhəmiyyətli həcmdə mal və xidmət satın alır və bu alışların bir hissəsi idxal hesabına təmin olunur. Yerli istehsalı mövcud olan və ya yaradıla bilən məhsullar üzrə dövlət satınalmalarının yerli istehsala yönəldilməsi mühüm əhəmiyyət kəsb edir. Əczaçılıq və rəqəmsal həllər bu baxımdan bariz nümunədir: bu sahələr üzrə alışlar yerli istehsalçılar üçün sabit bazar formalaşdırmağa başlayıb.

Bu istiqamətdə müvafiq tədbirlər görülür. Dövlət sifarişlərinin mövcud yerli istehsala yönləndirilməsi və perspektivdə iri dövlət satınalmalarının müəyyən hissəsinin ölkə daxilində istehsalının lokalizasiyası mexanizmi üzərində işlər gedir”, - deyə nazir qeyd edib.

Nuranə Daxilqızı