BMT-də Bakı Təhlükəsizlik Forumunun beynəlxalq ictimaiyyətə təqdimatı keçirildi - Fotolar

bmt-de-baki-tehlukesizlik-forumunun-beynelxalq-ictimaiyyete-teqdimati-kecirildi
Oxunma sayı: 471

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-York şəhərində yerləşən Baş Qərargahında Terrorizmə Qarşı Mübarizə Həftəsi çərçivəsində “Terrorizmə Qarşı Beynəlxalq Əməkdaşlığın Gücləndirilməsi: Bakı Təhlükəsizlik Forumunun Perspektivləri” mövzusunda qəbul və təqdimat keçirilib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Təhlükəsizlik Forumunun Təşkilat Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi və Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə BMT-dəki daimi nümayəndələr, diplomatlar, aparıcı beynəlxalq təşkilatların və üzv dövlətlərin terrorla mübarizə orqanlarının rəsmiləri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev tədbirin məqsədinin Bakı Təhlükəsizlik Forumunu BMT ictimaiyyətinə təqdim etmək və onun üzv dövlətlər arasında dialoqu, peşəkar əməkdaşlığı və institusional əlaqələri gücləndirən praktik mexanizm kimi potensialını nümayiş etdirmək olduğunu deyib.

O bildirib ki, Azərbaycan qlobal terrorizmlə mübarizədə etibarlı və qətiyyətli tərəfdaş olaraq beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verməyə davam edir. Onun sözlərinə görə, 2023-cü ildə yaradılmış Bakı Təhlükəsizlik Forumu artıq beynəlxalq əməkdaşlığın gücləndirilməsi, məlumat və qabaqcıl təcrübə mübadiləsinin təşviqi, ümumi təhlükələrə qarşı kollektiv dayanıqlığın artırılması üçün mühüm platforma kimi özünü təsdiqləyib.

BMT Baş katibinin müavini - BMT-nin Terrorizmə Qarşı Mübarizə Ofisinin rəhbəri vəzifəsini icra edən Aleksandr Zoyev çıxış zamanı deyib ki, BMT Terrorizmə Qarşı Mübarizə Həftəsi çərçivəsində müxtəlif ölkələrin təhlükəsizlik və hüquq-mühafizə qurumlarının nümayəndələrini bir araya gətirən bu tədbir terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığa güclü dəstəyin göstəricisidir. Onun sözlərinə görə, bu qəbul və Bakı Təhlükəsizlik Forumu Azərbaycanın terrorizmlə mübarizə sahəsində beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyəti nümayiş etdirir. O vurğulayıb ki, heç bir dövlət terrorizmlə təkbaşına mübarizə apara bilməz və effektiv nəticə yalnız koordinasiya, əməkdaşlıq və çoxtərəfli yanaşma sayəsində mümkündür.

Daha sonra Bakı Təhlükəsizlik Forumunun Təşkilat Komitəsini təmsil edən, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Həsən Mansurov Bakı Təhlükəsizlik Forumu və onun operativ platforması olan Antiterror Məlumat Mübadiləsi Sistemi — CTIES haqqında təqdimat edib.

O bildirib ki, 2025-ci ildə Forumun Əsasnaməsinin və Antiterror Məlumat Mübadiləsi Sisteminin İş Qaydalarının qəbul edilməsi mühüm mərhələ olub və bu əhəmiyyətli razılaşma dünyanın fərqli geosiyasi məkanlarını təmsil edən 75 ölkənin 90 kəşfiyyat və təhlükəsizlik qurumunun rəsmiləri tərəfindən konsensus əsasında əldə edilib.

“Forumun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi qeydiyyata alınaraq yayımlanıb. Bu nailiyyətlər göstərir ki, beynəlxalq təhlükəsizlik arxitekturası çərçivəsində birgə fəaliyyət sayəsində daha geniş üfüqlərə nail olmaq mümkündür”,- deyə Həsən Mansurov qeyd edib.

Təqdimat zamanı Azərbaycanın Prezidenti İlham Əliyevin “Bakı artıq yalnız enerji və nəqliyyat qovşağı deyil, həm də qlobal təhlükəsizlik müzakirələrinin ünvanıdır” fikirləri vurğulanaraq, BMT-nin beynəlxalq təhlükəsizlik prinsiplərinə əsaslanan Bakı Təhlükəsizlik Forumu platformasının qısa müddətdə təhlükəsizlik və xüsusi xidmət orqanlarını praktik məqsədlər ətrafında birləşdirən mühüm beynəlxalq məkana çevrildiyi qeyd olunub.

Tədbirin davamında Bakı Təhlükəsizlik Forumunun fəaliyyətini əks etdirən video nümayiş etdirilib.

Tədbirin qeyri rəsmi hissəsində “Mənim Yolum” Uşaq və Gənclər İnkişaf Mərkəzinin yetirmələri tərəfindən “Yallı” və “Azərbaycan” rəqsləri ifa olunub, iştirakçılar arasında işgüzar ünsiyyət görüşləri təmin edilib.

Qeyd edək ki, cari il iyunun 29-30-da BMT-nin Nyu-York şəhərində yerləşən Baş Qərargahında BMT Üzv Dövlətlərinin Antiterror Agentliklərinin Rəhbərlərinin Dördüncü Yüksək Səviyyəli Konfransı təşkil edilib. BMT-nin Qlobal Antiterror Strategiyasının nəzərdən keçirilməsi və əlaqəli məsələlərə həsr edilən mötəbər tədbirdə Azərbaycanı Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici İşlər Nazirliyinin əməkdaşlarından ibarət, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Bakı Təhlükəsizlik Forumunun Təşkilat Komitəsinin üzvü general-leytenant Həsən Mansurovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.