BMU-da məzun günü qeyd olundu - Fotolar

bmu-da-mezun-gunu-qeyd-olundu
Oxunma sayı: 448

Bakı Mühəndislik Universitetində (BMU) 2025/2026-cı tədris ili üzrə məzun günü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, məzun buraxılışında universitet rəhbərliyi, professor-müəllim heyəti, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, deputatlar Rizvan Nəbiyev, Elçin Mirzəbəyli, Vüqar Bayramov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Araz Paşayev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, məzunlar və onların valideynləri iştirak ediblər. Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqində məzunları səmimi qəlbdən təbrik edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, məzun olmaq təkcə tələbəlik həyatının başa çatması deyil, eyni zamanda yeni məsuliyyətlər və imkanlarla müşayiət olunan mühüm həyat mərhələsinə keçiddir.

Qeyd olunub ki, məzunların qazandıqları uğurların təməlində onların əzmi və zəhməti ilə yanaşı, müəllimlərinin fədakar əməyi, valideynlərinin isə sonsuz dəstəyi dayanır.

Rektor vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə rəqəmsal transformasiya, innovasiya və yüksəkixtisaslı insan kapitalının hazırlanması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib: “Bu istiqamətdəki ardıcıl tədbirlərin davamı olaraq cari ilin fevral ayında dövlət başçısının rəhbərliyi ilə yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilib, Fəaliyyət Planı təsdiqlənib və rəqəmsallaşma, elektron hökumət, süni intellekt, innovasiya sahələrində fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı mühüm Fərman imzalanıb”.

Fərmana əsasən yaradılan, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə fəaliyyət göstərən Rəqəmsal İnkişaf Şurasının iki gün əvvəl keçirilən iclasında bu sahədə qarşıda duran prioritetlərin geniş müzakirə olunduğunu qeyd edən rektor müasir çağırışlara cavab verən yüksəkixtisaslı kadr hazırlığının strateji əhəmiyyət daşıdığını bildirib.

Bu baxımdan, BMU-da son illərdə yeni ixtisasların açılması, İnformasiya və kompüter texnologiyaları fakültəsinin yaradılmasının ölkənin inkişaf prioritetlərinə uyğun mühüm addımlar olduğu diqqətə çatdırılıb.

Yaqub Piriyev bu il 10 yaşı tamam olacaq universitetin qazandığı uğurlardan bəhs edərək son 2 ildə QS reytinqlərində yer almasına və ciddi irəliləyiş əldə etməsinə toxunub, habelə ali məktəbin beynəlxalq akkreditasiyalar, beynəlmiləlləşmə, ikili diplom proqramları və xarici tələbələrin sayının artırılması istiqamətində mühüm nailiyyətlərini vurğulayıb.

Bu il BMU-dan 1142 tələbənin məzun olduğunu, onlardan 75 nəfərinin fərqlənmə diplomuna layiq görüldüyünü deyən rektor universitetin məzunlarının məşğulluq göstəricilərinə görə ölkənin qabaqcıl ali təhsil müəssisələri sırasında yer aldığını nəzərə çatdırıb. Çıxışının sonunda Yaqub Piriyev məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq onların qazandıqları bilik və bacarıqlarla ölkəmizin inkişafına mühüm töhfələr verəcəklərinə əminliyini ifadə edib.

Sonra çıxış edən qonaqlar - icra başçısı Abdin Fərzəliyev, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, deputatlar Rizvan Nəbiyev, Elçin Mirzəbəyli və Vüqar Bayramov məzunları əlamətdar gün münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Natiqlər ölkəmizdə gənclərin hərtərəfli inkişafı, keyfiyyətli təhsil alması və peşəkar mütəxəssis kimi formalaşması üçün dövlət tərəfindən yaradılan geniş imkanlardan bəhs ediblər. Bildirilib ki, bugünkü məzunlar müstəqil, güclü və qalib Azərbaycanın gələcəyinin qurucuları kimi qazandıqları bilik və bacarıqları ölkənin inkişafına yönəltməli, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinə öz töhfələrini verməlidirlər.

Çıxışlarda vurğulanıb ki, təhsildə iradə, məsuliyyət, zəhmət və məqsədyönlülük hər zaman uğurun əsas şərtləridir. Gənclərə daim öz üzərlərində çalışmağın, yeniliklərə açıq olmağın və cəmiyyətə faydalı vətəndaş kimi yetişməyin vacibliyi tövsiyə edilib. Eyni zamanda qeyd olunub ki, ali təhsil müəssisələri ölkənin intellektual potensialını formalaşdıran mühüm beyin mərkəzləri olmaqla yanaşı, rəqabətqabiliyyətli insan kapitalının yetişdirilməsində də əhəmiyyətli rol oynayır.

Çıxışlardan sonra BMU-nun Bədii yaradıcılıq bölməsinin hazırladığı proqram təqdim olunub. Proqram çərçivəsində BMU-nun əcnəbi tələbələrinin ifasında səsləndirilən “Azərbaycan” mahnısı böyük maraqla qarşılanıb. Ardınca BMU-nun sosial-ictimai həyatında fəal iştirakına görə fərqlənən məzunlara fəxri fərmanlar təqdim olunub, həmçinin fakültə və ixtisas birinciləri, eləcə də universitet birincisi mükafatlandırılıb.

“Kompüter mühəndisliyi” ixtisasının məzunu, universitet birincisi Zərifə Əlili çıxış edərək 626 balla qəbul olduğu bu sahəyə marağının necə yarandığından danışıb. Universitetdə təhsil aldığı müddətdə qazandığı uğurları bölüşən Zərifə Əlili gənclərin müasir, keyfiyyətli və beynəlxalq standartlara uyğun təhsil alması üçün yaradılan geniş imkanlara, ali təhsilin inkişafına göstərilən davamlı diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Tədbir məzunların ənənəvipapaq atma mərasimi və tanınmış müğənni Röya Məmmədovanın (Hiss) ifaları ilə başa çatıb.