Tanınmış aparıcı yeni vəzifəyə təyin olundu

taninmis-aparici-yeni-vezifeye-teyin-olundu
Oxunma sayı: 1215

“Real TV”nin “İnsan” verilişinin aparıcısı Vasif Akifli yeni vəzifəyə təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Vasif Akifli instaqram hesabında paylaşım edib.

O bu gündən “Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın icraçı direktoru kimi işə başlayıb.

“Bu gün mənim peşəkar həyatımda xüsusi əhəmiyyət daşıyan bir gündür. Rəsmi olaraq icraçı direktor vəzifəsinə təyin olundum. Bu etimadı mənə göstərən “Loqos” ailəsinə, xüsusilə də təsisçi - rəhbər Təranə Paşayevaya dərin təşəkkürümü bildirirəm. “Loqos Qadın Uzunömürlük Rezidensiyası” yalnız bir xidmət məkanı deyil. Burada məqsədimiz yaş almağı qayğı, təhlükəsizlik, hörmət və sevgi ilə birləşdirərək hər bir sakinə özünü öz evində hiss etdirən müasir və etibarlı həyat mühiti yaratmaqdır.

Bu dəyərli layihənin Azərbaycan xalqının unudulmaz övladı, mərhum millət vəkili Qənirə Paşayevanın əziz xatirəsinə ithaf olunaraq həyata keçirilməsi isə bu missiyaya daha da böyük mənəvi məsuliyyət və dəyər qazandırır”, - deyə Vasif Akifli bildirib.

Qeyd edək ki, V. Akifli uzun illər uşaq sığınacağının direktoru vəzifəsində çalışıb. Türkiyədə tibbi təhsilini tamamlayıb, bir çox tanınmış xəstəxanalarda işləyib.

“Xəzər TV”, “Real TV” və “Real FM”də “Danışır psixoloq”, “İnsan” verilişinin müəllif-aparıcısı olub. Uzun illər telekanallarda yayımlanan sosial xarakterli verilişlərdə ekspert kimi iştirak edib. Vasif Akifli yeni təyinata qədər “Real TV” və “Real FM” radiosunun aparıcı-tibbi eksperti, “Loqos Psixoloji və Nitq  Mərkəzi”nin Mətbuat və İnformasiya şöbəsinin rəhbəri vəzifəsində çalışıb.