Ukraynanın Böyük Britaniyadakı səfiri və ordunun sabiq baş komandanı Valeriy Zalujnı növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyəti barədə Ukrayna lideri Volodimir Zelenskini məlumatlandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” nəşri mənbələrə istinadən yazıb.
Məlumata görə, Zalujnı bu yaxınlarda Britaniyadan Kiyevə çağırılıb. Nəşr iddia edir ki, Zelenski Zalujnı ilə görüş zamanı ordunun hazırkı uğurlarından danışıb və payızda prezident seçkilərinin keçirilməsi üçün imkanın yarandığını bildirib.
“Lakin əsas vəzifə seçkilərin ölkədə yeni daxili parçalanma yaratmamasıdır. Prezident qarşıdakı seçkilərdə Zelenski-Zalujnının qarşıdurmasının yarada biləcək risklərdən yayınmağın əhəmiyyətindən danışıb”, - məlumatda deyilir.
Bununla belə, Valeriy Zalujnı seçkilərin baş tutacağı təqdirdə iştirak etmək niyyətini ifadə edib.
Nəşr həmçinin yazır ki, Zelenskidən sonra Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya da Ukraynanın Böyük Britaniyadakı səfiri ilə görüşüb və onu seçkilərdə iştirak etmək niyyətindən daşınmağa çağırıblar.
Son xəbərlər
Son Xəbərlər