BMT Baş Assambleyasının iclasında 164 ölkənin dəstəklədiyi “Equal Earth” (“Bərabər Yer”) xəritəsində Krım yarımadası Rusiya ərazisi ilə eyni rəngdə təsvir olunub.
“Qafqazinfo” TASS-a istinadla xəbər verir ki, xəritədə yarımadanın yanında “Rusiyanın idarəçiliyi altındadır, mənsubiyyəti Ukrayna tərəfindən mübahisələndirilir” qeydi yer alıb.
Məlumata görə, Ukrayna “Equal Earth” xəritəsini dəstəkləyən qətnamənin səsverməsində tərəfsiz qalıb. Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik bildirib ki, Kiyev Rusiyanın nəzarəti altında olan ərazilərin bu cür xəritələrdə göstərilməsini qəbulolunmaz sayır və bunu ölkənin suverenlik mövqeyinə zidd hesab edir.
Qeyd edək ki, ənənəvi Merkator xəritəsinə alternativ olaraq Afrika və digər regionların ölçülərini daha dəqiq əks etdirmək üçün hazırlanan qətnaməni 164 dövlət dəstəkləyib. Ukrayna, Moldova, Gürcüstan, Serbiya, Litva və Estoniya daxil olmaqla 6 ölkə bitərəf qalıb. ABŞ isə əleyhinə səs verən yeganə ölkə olub.
Bəzi Qərb dövlətləri isə xəbərdarlıq ediblər ki, qətnaməyə dəstək beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinin tanınması kimi başqa tərəfə yozulmamalıdır. Kiprin BMT-dəki nümayəndəsi sənədin yalnız xəritəçəkmənin texniki və elmi tərəflərinə aid olduğunu, suverenlik məsələlərinə toxunmadığını vurğulayıb.


Son xəbərlər
Son Xəbərlər