“Bu çarpayı taksi sayğacıtək saya bilir”

bu-carpayi-taksi-saygacitek-saya-bilir
Oxunma sayı: 1715


Bu ipək örtük altda

zolaqlı döşəyin

qırçın ləpələri var,

Neçə qadın kürəyinin

neçə qız ürəyinin

ləpirləri var…

Bu çarpayı hop-hop kimi

oxuya bilir,

Bu çarpayı

taksi sayğacıtək

saya bilir,

Qadınların ağırlığından

onların firavanlığını

duya bilir.

Bu çarpayı

qoşa ovuca bənzər,

dilənçi ovcuna,

Qadınlar pul kimi

atılırlar bura;

Çırpınırlar balıq kimi

polad torlarını qıra-qıra…

Balışın içindən

qarət olmuş toyuqların

libası hönkürür.

Çarpayıdan döşəməyə

ipək libas tökülür.

Divardan Cakonda gülümsünür

Çılpaq Afroditaların

yalançı hay-küyünə,

Bu çarpayı ağrı çəkir

deyinə-deyinə…

Cakonda qadına baxır,

Elə bil qəhqəhəylə güləcək;

Bu qadın hər şeydən xəbərsizdir,

İndi…

hər şeyi biləcək…