Kanakinin (Yeni Kaledoniya) aparıcı müstəqillik tərəfdarı koalisiyası FLNKS (Front de Libération Nationale Kanak et Socialiste) 2025-ci ilin 3 fevral tarixində ictimaiyyətə Kanakinin Fransadan tam müstəqilliyini tələb edən “Kanaki sazişi” adlı sənədi ictimaiyyətə təqdim edib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, “Kanaki sazişi” sənədi Fransanın təşəbbüsü ilə hazırlanmış və Kanakinin siyasi gələcəyini uzun illərdir davam edən müstəmləkəçi status-kvo çərçivəsində saxlamağı hədəfləyən Bujival sazişinə cavab olaraq, Fransa tərəfindən Kanaki xalqının öz müqəddəratını təyinetmə hüququnun məhdudlaşdırılmasını tənqid edən siyasi cavab kimi çıxış edir, Kanakidə uzun illərdir davam edən müstəmləkəçi idarəetmə modelinin və institutsional asılılıq vəziyyətinin qorunub saxlanılmasına qarşı açıq və prinsipial mövqeni ifadə edir.
Qeyd edək ki, Kanaki Sazişi 26 aprel 2025-ci il tarixində FLNKS tərəfindən Kanakidə təşkil edilmiş konqres çərçivəsində qəbul edilmişdir. Həmin konqres zamanı, Fransada həbsdə olan hərəkat lideri Kristian Tein iştirakçıların diqqətinə çatdırmışdır ki, müstəqilliyin müəyyən edilməsi yalnız konkret tarix və aydın siyasi yol xəritəsi əsasında həyata keçirilməlidir.
Sazişdə gələcək Kanaki dövlətinin dünyəvi, demokratik və suveren respublika kimi formalaşdırılması nəzərdə tutulur. Sənəd konstitusiya aktının hazırlanması və referendum yolu ilə təsdiqlənməsi prosedurunu özündə ehtiva edir, eyni zamanda mövcud institutların keçid dövründə müvəqqəti idarəetmə mexanizmi kimi saxlanılmasını nəzərdə tutur. FLNKS hesab edir ki, Fransa, Kanakinin 2027-ci ilə qədər müstəqilliyə aparan geri dönməz prosesi qəbul etmədiyi müddətdə, mövcud institutlar üzərindən aparılan dialoqlar və siyasi mexanizmlər real həll yolu rolunu oynaya bilməz. Sənəd, Fransanın təşəbbüskarlığı ilə hazırlanan Bujival sazişinə qarşı siyasi cavab olaraq, uzun illər boyunca Kanakidə qorunub saxlanılan müstəmləkəçi status-kvonun dəyişdirilməsinin zəruriliyini vurğulayır.
Qeyd: Bujival sazişi Fransanın Kanakidə kolonial idarəçiliyini “yenilənmiş status”, “geniş muxtariyyət” və oxşar anlayışlar çərçivəsində davam etdirməsinə xidmət edirdi. “Kanaki sazişi” isə bu mövcud status-kvonun açıq şəkildə ləğvini və Kanaki xalqının tam siyasi suverenliyinin əldə olunmasını əsas hədəf kimi müəyyənləşdirir. Bujival sazişi müstəqilliyi qeyri-müəyyən və uzunmüddətli, perspektivi olmayan siyasi prosesə çevirirdisə, Kanaki sazişi konkret tarix, geri dönməz yol xəritəsi və beynəlxalq səviyyədə, xüsusilə BMT çərçivəsində təminat tələb edir. Sənəd ilk dəfə olaraq Fransa ilə Kanaki arasında münasibətlərin müstəqillik əldə edildikdən sonra, iki bərabərhüquqlu suveren dövlət arasında qurula biləcəyini açıq şəkildə bəyan edir. Muxtariyyət və ortaq suverenlik kimi anlayışlar isə neokolonializm formaları kimi qətiyyətlə rədd edilir.
Son xəbərlər
Son Xəbərlər