Vaşinqton görüşü gərgin keçib

vasinqton-gorusu-gergin-kecib
Oxunma sayı: 322

Vaşinqtonda İsrail və Livan arasında keçirilən danışıqların ilk günü heç bir irəliləyiş olmadan başa çatıb, hətta müəyyən mənada geriləmə qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” nəşrinin müxbiri Barak Ravid öz “X” hesabında məlumat paylaşıb.

Danışıqlar barədə məlumatlı olan iki mənbəyə istinadən bildirilir ki, günün bəzi hissələrində müzakirələr kifayət qədər “gərgin və xoşagəlməz” xarakter alıb. İsrail rəsmiləri fikir ayrılıqlarının olduğunu təsdiqləsələr də, ümumi ab-havanın “xoş” olduğunu iddia ediblər.

Görüşdə İsrail Müdafiə Ordusu (IDF) və Livan Silahlı Qüvvələrinin nümayəndələri İsrail qoşunlarının geri çəkilməsinin miqyası və bu prosesin başlayacağı ərazilərlə bağlı bir-birinə tamamilə zidd və sərt mövqe nümayiş etdiriblər.

Mənbələrin sözlərinə görə, ilk günün nəticəsiz qalması səbəbindən amerikalı vasitəçilər tərəflərin mövqelərini yumşaltmaq ümidi ilə bu gün müzakirələrə yenidən başlamaq qərarına gəliblər.