“Rusiya, Azərbaycan və Ermənistan arasında əldə olunmuş üçtərəfli razılaşmalar Cənubi Qafqazda nəqliyyat problemlərini həll etməyə imkan verir”.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistan parlamentinin sədri Alen Simonyanla danışıqlar zamanı bildirib.
“Cənubi Qafqazda vəziyyətin nə qədər çətin olduğunu görürük. İnanırıq ki, 2020-2022-ci illərdə Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri səviyyəsində razılaşdırılan həmin əsaslar regionda bütün iqtisadi, nəqliyyat və logistika problemlərini həll etmək baxımından öz aktuallığını saxlamaqdadır”, - rusiyalı nazir deyib.
Onun sözlərinə görə, Ermənistan bu qərarlardan əhəmiyyətli qazanc əldə edəcək, bu səbəbdən də regionun normal fəaliyyətinin qarşısını alan bütün maneələr aradan qaldırılmalıdır.
Lavrov üç ölkə liderinin qəbul etdiyi qərarlar çərçivəsində baş nazir müavinlərinin müntəzəm olaraq təmasda olduqlarını vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın və Rusiya Baş nazirinin müavini Aleksey Overçukun birgə sədri olduğu Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı Üçtərəfli İşçi Qrupunun sonuncu iclası 2023-cü ilin iyununda Moskvada keçirilib.
Son xəbərlər
Son Xəbərlər