Cənubi Qafqazın “nüvə bombası” yenidən gündəmdə - Rusiya İrəvanı müdafiə etdi

cenubi-qafqazin-nuve-bombasi-yeniden-gundemde
Oxunma sayı: 524

“Moskva Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası (AES) ilə bağlı təhlükə iddialarını İrəvanla energetika sahəsindəki əməkdaşlığı pozmaq cəhdi kimi qiymətləndirir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Zaxarova Metsamor AES-in regionun təhlükəsizliyinə hədə yaratması ilə bağlı səsləndirilən iddialara cavab verib:

“Bu cür məlumat axınlarını Rusiya-Ermənistan əməkdaşlığına nifaq salmaq və Rusiyanın iştirakı ilə həyata keçirilən təşəbbüslərin inkişafına mane olmaq cəhdi kimi qəbul edirik. Bu kimi bəyanatlar xüsusilə təhlükəsizlik məsələlərində Rusiyadan geri qalan Qərb layihələrinin və texnologiyalarının irəli çəkilməsinə xidmət edir.

Metsamor AES Ermənistanın enerji balansında əsas elementdir və ölkənin elektrik enerjisi tələbatının təxminən 30%-ni ödəyir. Stansiyanın etibarlılığı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən təsdiqlənib, hazırda rusiyalı və ermənistanlı mütəxəssislər isə stansiyanın istismar müddətinin 2036-cı ilə qədər uzadılması üzərində işləyirlər”.

Məlumat üçün bildirək ki, İrəvandan 30 kilometr qərbdə yerləşən Metsamor AES köhnəlmiş texnologiyası və seysmik zonada yerləşməsi səbəbindən uzun illərdir ki, region ölkələri üçün ciddi ekoloji və nüvə təhlükəsi mənbəyi kimi qiymətləndirilir.