Dağların əhatəsində nağıl kimi ölkə - Yolunuzu gözləyir!

daglarin-ehatesinde-nagil-kimi-olke
Oxunma sayı: 5427

Bu gün Bakıda Monteneqronun Azərbaycan Respublikasındakı Fəxri Konsulluğunun təşkilatçılığı, “Kompas Touroperator” və “R-Tours” şirkətlərinin dəstəyi ilə təqdimat tədbiri baş tutub. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə müxtəlif tur şirkətlərinin nümayəndələri, səyahət sahəsinə aidiyyəti olan şəxslər və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Monteneqronun Azərbaycan Respublikasındakı səfiri Perişa Kastratoviç qonaqları salamlayıb, Azərbaycanla Menteneqro arasında gözəl münasibətlərin olduğunu bildirib. Diqqətə çatdırılıb ki, ölkələr arasında birbaşa uçuşların olması olduqca vacibdir. Onun sözlərinə görə, Azərbaycanla Monteneqro arasında bir sıra oxşar cəhətlər var ki, onlardan da ən başlıcası xalqların qonaqpərvərliyidir. Səfir bildirib ki, Monteneqro turistlərin təhlükəsizliyi üçün ən yaxşı ölkələrdən biridir. Ölkələr arasında rahat gediş-gəlişi vizasız sistem daha da asanlaşdırır. O, həmçinin Monteneqronun aktiv istirahət üçün çox gözəl seçim olduğunu bildirib. Kastratoviç diqqətə çatdırıb ki, ölkə dağlar və dənizlə əhatə olunub, burada müxtəlif milli parklar, dini və mədəni abidələr və s. var. Turistlər həm dəniz kənarında vaxt keçirə, həm də ölkəni kəşf edə bilərlər.  

Daha sonra Monteneqronun gözəlliklərini əks etdirən videoçarx nümayiş olunub. 

Monteneqronun Azərbaycan Respublikasındakı Fəxri Konsulu Vüqar Əliyev isə bildirib ki, uçuşlar 2013-cü ildən yerinə yetirilir. O qeyd edib ki, bu ildən Monteneqroya uçuşları həm Azərbaycanın milli aviadaşıyıcısı (AZAL), həm də “Air Monteneqro” yerinə yetirəcəklər. O, yeni gələcək turistlərin bu istiqaməti çox sevəcəklərinə inanır.  

V. Əliyev “Azərbaycanlı turistlər niyə Monteneqronu seçməlidir” sualını belə cavablandırıb: “Düşünürəm ki, gözəl iqlimi, qumlu və xırda daşlı çimərlikləri, yunan-roma sivilizasiyalarının qarışığı olan mədəniyyəti və memarlıq inciləri, maraqlı gecə həyatı ilə məşhur olan Monteneqro hər bir insanın görmək arzusunda olduğu möhtəşəm yerlərdən biridir. İqlimi - ölkənin cənub hissəsi, sahilyanı bölgələri ilin çox günü yağışlı və günəşli olur. Monteneqronun məşhur şəhərləri sahilyanı şəhərləridir. Yay ayları sahilyanı şəhərlərə turistlərin daha çox axın etdiyi aylardır. Üstəlik, Azərbaycan vətəndaşları bura vizasız şəkildə rahat səfər edə bilərlər”.

Fəxri Konsul Monteneqronun gəzib-görməli yerləri haqda bunları deyib: “Bunların arasında Budva, Kotor, Tivat, Herseq Novi, Podqoritsanın adını çəkmək olar. Məsələn, Podqoritsa ölkənin paytaxtıdır və demək olar ki, ölkədə düzənlik ərazidə tikilmiş yeganə şəhərdir. Podqoritsadan 65 km məsafədə yerləşən və Adriatik sahilinə baxan Budva isə 20 min əhalisi olan kiçik bir şəhərdir. Budva “Monteneqronun Mayamisi” kimi tanınır. Kotor isə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmış liman şəhəridir və onu dənizi və orta əsr şəhərlərini xatırladan gözoxşayan memarlığı ilə görənləri heyran edir. Tivat Kotor körfəzinin sahilində yerləşən heyrətamiz dənizkənarı şəhər kimi tanınır. Yaşıl panjurlu evlər çox gözəldir. Herseq Novi Kotor və Budva kimi qədim şəhərdir. Şəhərin tarixi küçələrində dolaşmaq xoşdur. Saat Qülləsi, meydan və Kanlı Kula ziyarət edilməli yerlər arasındadır”.

“Air Montenegro” aviaşirkətinin nümayəndəsi Milena Stojanoviç qeyd edib ki, Bakıdan uçan təyyarələr Tivat şəhərindəki aeroportda enəcək. Biletləri həm ekonom, həm də biznes sinfə almaq mümkündür. Biletlərə 23 kq baqaj və 8 kq əl yükü daxildir. Reyslər həftədə 2 dəfə (bazar ertəsi və cümə günləri) yerinə yetiriləcək. Bakıdan bazar ertəsi uçacaq təyyarə 17:10-da yola düşəcək, 19:10-da Tivata eniş edəcək. Cümə günü isə saat 10:30-da Tivatdan yola düşəcək və 16:30-da Bakıda eniş edəcək.   

Qazaxıstanın “Kompas Touroperator” şirkətinin nümayəndəsi Svetlana Oşerova vurğulayıb ki, şirkət 19 ildir fəaliyyət göstərir və onun 4 ili Azərbaycanın payına düşür. 16 ofisi olan şirkət 9 ölkədə fəaliyyət göstərir və 200 əməkdaşı var. Onlar indiyədək 10 milyondan çox turisti müxtəlif istiqamətlərə yola salıblar. 

Turistləri Monteneqroda qəbul edən “R-tours” şirkətinin nümayəndəsi Svetlana Nikiç isə əlavə edib ki, ölkədə çimərlik mövsümü 1 may – 1 oktyabr tarixləri arasındadır. Lakin Monteneqroda dəniz suyunun maksimal hərarəti 23 dərəcə olur, yəni Misirdəki kimi qaynar deyil. O, həmçinin tədbir iştirakçılarını Tivat, Budva, Kotor, Herseq Novi və s. şəhərlərdəki hotellərlə ətraflı tanış edib. 

Monteneqroya səfər edib unudulmaz anlar yaşamaq istəyirsinizsə, “Millenium Tourism”lə əlaqə saxlaya bilərsiniz:

Əlaqə nömrəsi: +994 55 891 71 17 ;

Instagram: millenniumtour.az ;

Rəsmi veb-sayt: https://millenniumtour.az/ ;

E-mail: [email protected] 
[email protected]