“Dəmir yumruğ”u öpmək istəyən Əməkdar artistdən - Açıqlama

demir-yumrugu-opmek-isteyen-emekdar-artistden
Oxunma sayı: 7415

Cəbrayılda Prezident İlham Əliyevlə görüşən Əməkdar artist Yaqut Abdullayeva səfərlə bağlı təəssüratlarını bölüşüb.

“Qafqazinfo”ya danışan xanəndə həmin gün dünyanın ən xoşbəxt insanı olduğunu deyib:

“Doğulub başa çatdığım torpağıma ordumuzun, möhtərəm Prezidentimizin sayəsində qovuşdum. Onların qarşısında baş əyirəm, canımı da qurban verərəm”.

Abdullayeva deyib ki, I Qarabağ müharibəsi zamanı onların da ailəsi şəhid verib:

“Mənim də ailəm 1993-cü ildə şəhid verib. Bütün şəhidlərimizin, o cümlədən bacım oğlunun müqəddəs ruhu şaddır. Hər şey unudulur, dünyanın bütün naz-neməti unudulur, ancaq torpaq heç vaxt unudulmur. Bu 30 ildə mənim nələr çəkdiyimi torpağından, Vətənindən uzaq olan bütün insanlar bilir. Torpaq, Vətən, dünyasını dəyişən valideynlərinin qəbirlərini ziyarət etmək həsrətinin nə olduğunu bilməyən insanları Sarkisyanın qohumuna bənzədirəm. O insanlar Sarkisyanla qohumdur! Çünki həmin insanlar o hissləri yaşamayıblar. Onların insanlıqları ancaq o cür ermənilərin ruhuna bənzəyir. Amma mən Vətənimlə, xalqımla, millətimlə, Prezidentimlə fəxr edirəm. Fəxr edirəm ki, azərbaycanlıyam. Ruhum da, nəfəsim də Vətənimə, qaçqınlarıma, qazilərimə, şəhidlərimə qurbandır”.

Abdullayeva deyib ki, əgər cavan olsaydı, əsgərlərin yanında olardı, cəbhəyə gedərdi:

“Bu yaşımda da istəyərdim ki, heç olmasa gedim onların paltarlarını yuyum, xörəklərini bişirim, ayaqlarını yuyum. İnsanlıq hissi olmayanlar buna da pis baxır. Siz insan deyilsiniz. Sizin əqidəniz, insanlığınız Sarkisyan kimi insanların insanlığındandır”.

Qeyd edək ki, Cəbrayılda çıxış edən Əməkdar artist Yaqut Abdullayeva bir arzusu olduğunu - "dəmir yumruğ"u öpmək istədiyini dilə gətirib. Daha sonra Y. Abdullayeva Prezidentə yaxınlaşıb, dövlət başçısı onunla görüşsə də, əlindən öpməyə qoymayıb.

Hüseyn Məmmədsalahov